Rut Rendel. Bu, mümkün deyil - E-kitab

14:21 | 25.11.2013
Rut Rendel. Bu, mümkün deyil - E-kitab

Rut Rendel. Bu, mümkün deyil - E-kitab

Başlıqdakı sözlər «Geda Qabler» əsərindən götürülüb. İbsenin qəhrəmanlarından biri real hadisələrin çox vaxt xəyal məhsullarından daha sarsıdıcı olduğunu anlayarkən bu fikri səsləndirir. Riv Beykerin arvadımın (mənim də dəstəyimlə) qətlinə görə hazırda on beş illik həbs cəzası çəkdiyini hər dəfə xatırlayanda elə mən də öz-özümə təkrarlayıram: «Bu, mümkün deyil». Çünki baş verən qətlin üçümüzə də dəxli var. Ancaq nədənsə bəzən belə də olur.

Real həyat mənim nəzərimdə heç vaxt xəyallardan daha üstün olmayıbdır. Bütün dost-tanışlarım kimi, mən də həyatı sırf həzz alınası və göz-könül oxşayan bir şey saymışam. Bircə o Rivi çıxmaq şərtiylə. Məncə, Rivlə dostluq qurmamın əsas səbəbi də onunku ilə öz yaşam tərzim arasındakı köklü fərq idi. Onunla vaxt keçirməyi özüm üçün vazkeçilməz nemət sayırdım mən. Elə buna görə də bizdən çıxıb, öz evinə yollanan Rivi süzərkən razılıq hissiylə Qvendolenə deyirdim: «Kim bilir, bizim bu yaşam tərzimiz Rivə necə də bomboz görünür!»

Maliyyə işləri yolunda getməyən və pul sıxıntısı çəkən Rivə ortaq tanışlarımızdan biri yardım üçün mənə yanaşmağı məsləhət görmüşdü. Bank hesablarından cavabdeh olduğum müştərilər arasında yazarların sayı çox idi və mən onların pulla necə başdansovdu davrandıqlarına yaxşı bələd idim. Öz yaradıcılıq ehtiraslarına hədsiz kökləndiklərini bəhanə gətirən bu adamlar adətən vergilərin ödənişindən yayınmağa çalışırlar. O vaxt mən Rivin maliyyə işlərini səliqə-sahmana saldım və ödənişləri gecikdirməməsi üçün ona bəzi tövsiyələr verdim. Görünür, xəcalətimdən çıxmaq üçün Riv məni və xanımımı əvvəlcə restoranda birgə nahar yeməyinə, daha sonra isə evinə dəvət elədi və beləcə, biz səmimi dostlara çevrildik.

Mənim kimi sıradan insanlara yazarlar və onların yaradıcılıq prosesi kifayət qədər cazibədar gəlir. Yazarların öz əsərlərinin ideyasını, oradakı surətləri, onlar arasındakı dialoqları və sairəni haradan götürdükləri mənim üçün həmişə müşkül tapmaca olaraq qalıb və qalacaq. Riv isə bütün bunların ustasıydı: fərq etməz, söhbət XV Lüdovikdən gedir, yoxsa ki Orta əsrlər İtaliyasından. Rivin qələmindən çıxan doqquz tarixi romanın hamısını oxumuşdum və onun ustalığına, necə deyərlər, dərin heyranlıq duyurdum. Onu da deməliyəm ki, sırf Rivi məmnun etmək xətrinə bu kitabları oxumuşam, çünki əsasən detektiv əsərlərdən xoşlandığım üçün başqa mövzulardakı kitablara nadir hallarda vaxt ayırırdım.

Rivin öz həyatı başdan-ayağa gərgin məqamlarla dolu idi. Qvendolen onun öz əsərlərini də bu qədər dramatizmlə yoğurub-yapmasına heyranlığını bir dəfə dilə gətirmişdi, çünki həyatındakı anlaşmazlıqlardan can qurtarmaq üçün o ən azından bunları kağıza köçürməməliydi. Mənə görə isə, əsl həqiqət onda idi ki, Rivin bütün qəhrəmanları - elə onun özü idi, sadəcə olaraq, o, gah Çezare Borcia roluna girirdi, gah da Kazanova roluna. Qadınların qəlbinə hakim kəsilən bu ucaboylu, əzələli, ehtiraslı kişi surətlərinin arxasında məhz Rivin özünün dayandığını anlamaq bir elə çətin deyildi.

Onunla tanışlığımızdan təxminən bir il əvvəl Riv arvadıyla boşanmışdı və həmin vaxtdan bəri yatıb-durduğu qadınlar arasında manekenlər, aktrisalar, modelyerlər, katibələr, xanım jurnalistlər, müəllimələr, rəhbər vəzifəli xanımlar, hətta bir diş həkimi də vardı.

Bir dəfə Rivin evində qonaq ikən o, bizim üçün «Don Juan» operasından ariyanın yazıldığı val oxutdu. Kitablarından birini həsr etdiyi bu ədəbi qəhrəmanla Riv özünü az qala eyniləşdirirdi. Ariya «izninizlə» adlanırdı və orada Don Juanın sarışın, qaraşın, kürən, sütül, yaşlı, kasıb, zəngin, bir sözlə, bütün məşuqələrinin adları sadalanır və ən nəhayət deyilirdi ki, bir varlığın tuman geyinməsi yetərlidir, bu kişi nəyin bahasına olursa-olsun, ona yiyələnəcək. Qəribə olan bu cəhətdir ki, mən italyanca bircə kəlmə bilməsəm də, həmin fikrin italyanca versiyası yaddaşıma tam dəqiqliklə həkk olunub. Ariyanın bu yerində müğənni melodiyanın taktına uyğun olaraq iyrənc bir qəhqəhə çəkmişdi və arvadbaz personajın hiyləgərliyi bu sayədə aşkar sezilmişdi. Həmin vaxt Riv də qəhqəhə çəkdi və əlavə elədi ki, bu çılğınlıq ona yaxşı tanışdır. Özümün mühafizəkar, adət-ənənəyə bağlı birisi olduğumu yaxşı bilirəm. Mənə görə, seks - sırf evlilik həyatında keçərlidir, subaylıq dövründə cinsi təcrübəm kifayət qədər dayaz olub, ona görə də mən nikahsız mazaqlaşmaları ayıb və hədsiz məhrəm sirr sayıram. Evli ola-ola, belə eşq-məşqə can atmağı mən yolverilməz hesab edir, bu barədə dolaşan şayiələri hap-gop və saxta qürrələnmə saydığımdan heç ciddiyə almırdım. Həm də buna bəslədiyim etimad sarsılmaz idi. Hər dəfə Riv mənə yeni bir qızla görüşdüyünü etiraf eləyəndə düşünürdüm ki, o, qızı şam yeməyinə dəvət eləyir, onunla rəqs edir, taksiylə evinə qədər ötürür və ayrılarkən kandarda uzaqbaşı qızın yanağından bir öpüş alır. Ancaq mən yanılırmışam və bu yanılmam onu lança gözlədiyimiz bir bazar günü zəng edib, üçlükdə bir barda görüşməyi və lança qədər adama bir stəkan içki içməyi təklif etdiyim vaxta qədər davam elədi. 

Riv yarıyuxulu idi, bərabər olduğu bir qızın hırıltısı dəstəkdə eşidilməkdəydi. O, qıza: «Əzizim, əyninə bir şey geyin və mənə qəhvə dəmlə, yaxşımı? Yoxsa başım ağrıdan lap çatlayır», - demişdi.

Mən bu məsələni Qvendolenə açıb, söyləyəndə o:

- Bəs ondan başqa nə gözləyirdin ki? - deyə soruşdu.

- Nə bilim? - dedim. - Hətta sənin də buna heyrətlənəcəyini umurdum.

- Riv yetərincə yaraşıqlı kişidir və vur-tut otuz yeddi yaşı var. Onun üçün bunlar təbii şeylərdir. - Bu yerdə arvadım hırıldayaraq, dedi: - Yox, yox,  mən buna heç heyrətlənib eləmirəm. Bizim yaşam tərzimiz onunkundan çox fərqlənir, deyilmi? 

Buna rəğmən, biz Rivin həyatından çıxmadıq, eləcə onun bir kənarında ilişib, qaldıq. Daha yaxından tanıdığımızda isə o, əvvəllər yararlandığı oyunbazlıqları bir kənara qoydu, görünür, bununla bizi cırnatmağa gərək duymurdu artıq. Məsələn, özünün keçmiş və indiki eşq həyatıyla bağlı çox məhrəm məqamları çəkinib eləmədən bizə danışmağa başlamışdı artıq. Məsələn, ona hədsiz dərəcədə bağlanan bir qız, Riv ayrıldıqlarını ona elan eləsə də, bir gün gizlicə aşiqinin evinə girib, çılpaq halda onun yatağında uzanıbmış və o axşam növbəti məşuqəsini oraya gətirən ev sahibi əvvəlki sevgilisini o vəziyyətdə yaxalayıbmış. Evli bir qadın əri evi tərk edənə qədər Rivi düz iki saat paltar şkafında gizlədibmiş. Bir funt şəkər tozu istəmək bəhanəsiylə qapısını döyən qonşu qız bütün gecəni Rivin yatağında keçiribmiş. Sarışınlır, qaraşınlar, şişmanlar, tarım əndamlılar, zənginlər, kasıblar barədə nələr, nələr danışırdı o.

Qvendolen demişdi:

- Bu, tamamilə fərqli bir dünyadır.

Mən isə əlavə eləmişdim:

- Bəşəriyyətin ancaq ikinci yarısı üçün bu, belədir.

Belə donuq, sönük ifadələrdən biz tez-tez yararlanırdıq. Bəlkə də bunun səbəbi Qərb cəmiyyətinin orta sinifinə aid olmamız, yaşam tərzimizin bayağılığı, başqalarınınkından heç nə ilə fərqlənməməsi idi. Şəhərin yüksəkdəbli kənar səmtində, təpənin üstə yaraşıqlı bir evimiz, içində isə bahalı mebelimiz və miras sayılacaq, usta işi  xalılarımız vardı. Ər-arvad hərəmizə bir maşın almışdıq. Səhərlər doqquzun yarısında ofisə yollanır, axşam altıda evə dönürdüm. Qvendolen evdə yır-yığış edir, dükan-bazarı dolaşır, bizim məhəllənin adəti üzrə səhərlər qonşuluqdakı rəfiqələrini qəhvə içməyə dəvət edirdi. Axşam saatlarını evdə, televizor önündə keçirirdik, bir qayda olaraq, saat on birdə yatmağa yollanırdıq. Mənim aləmimdə, pis ər sayılmırdım, çünki arvadımın doğum gününü heç vaxt unutmurdum, toyumuzun hər ildönümündə mütləq ona qızılgül dəstəsi bağışlayır, qab-qacaq yumaqda yardım edirdim. Qvendolen də misilsiz həyat yoldaşı idi, romantik əhval-ruhiyyəliydi, heç vaxt çılğınlıq sərgiləməzdi. Ən azından mənimlə münasibətlərinə həmişə bir hədd, sərhəd qoyardı. Yaş günlərində, hətta nişanlı olduğumuz vaxt müqəddəs Valentin günündə ona göndərdiyim bütün təbrik kartlarını qoruyub saxlayırdı. Qvendolen xatirə əşyalarına böyük dəyər verən qadınlardan idi. Nişanımızı qeyd etdiyimiz restoranın menyusunu, bal ayını keçirdiyimiz otelin fotosu olan kartı, illər boyu birgə çəkdirdiyimiz bütün fotoları, toy fotolarımızın bir arada toplandığı və təbii dəri ilə üzlənmiş albomu o, öz makiyaj masasının siyirmələrindən birində saxlayırdı. Etiraf eləyim ki, Qvendolen hədsiz romantik ruha sahib idi və buna görə də tez-tez başqalarına qarşı daşürəkli davrandığı üçün Rivi danlayırdı. Öz sonuncu məşuqəsinə haraya dincəlməyə getdiyini və ya ümumiyyətlə bu barədə bircə kəlmə də deməyən Rivi qəddarlıqda suçlayan Qvendolen özündən çıxmışdı:

- Səni sevən adamla belə davranmağa nə haqqın var?! Bununla onun qəlbini qırırsan, axı!

- Qvendolen, əzizim, onun qəlbi-zadı yoxdur. Qadınlarda yerli-dibli qəlb olmur. Qəlbin əvəzinə onlara tamamilə fərqli bir mexanizm bəxş olunub və o, bir az teleskopu, bir az yalan detektorunu, qismən skalpeli, qismən isə kastrasiya (axtalama - A.Y.) alətini xatırladır.

Arvadım ona acıqlandı:

- Necə də kobudsunuz! Görünür, günlərin bir günü özünüz birisinə vurulmayana qədər bunun necə çəkilməz iztirab olduğunu anlamayacaqsınız. 

Başqa yazarlardan sitat gətirməyi sevən Riv dilləndi:

- Onu bilmək olmaz. Bu barədə Şou yaxşı deyib: «Başqalarının sənə qarşı necə davranmasını istəyirsənsə, heç vaxt bunun ziddinə getmə, çünki hər adam özünə görə, yəni fərqli zövq sahibidir». 

- Ancaq başqalarının bizə qarşı eyni cür, yəni yaxşı davranması üçün, məncə, bizim zövqlərimiz bir-birinə yetərincə uyğun gəlir.

- O məşuqəm də gərək məni caynağına keçirənə qədər bu barədə düşünəydi. Ondan qurtulmaq üçün illah harayasa getməm gərəkməz. Sadəcə harayasa gedəcəyimi deməm yetərlidir. Sonra soyuducumu yeməklərlə doldurub, içki ehtiyatımı tutacağam ki, iki həftəliyinə evdən bayıra çıxmayım. Bənzər durumlarda bu üsulu əvvəllər də sınamışam. Həm keyfin istəyən dincəlmişəm, həm də bir xeyli yazı-pozuyla məşğul olmuşam.

Bunun cavabında Qvendolen də, mən də deyəcək bir söz tapmadığımızdan susduq. Yəqin bayaqdan bəri siz, belə əxlaqsız birisi olmasına rəğmən, mənim Rivə niyə bunca rəğbət bəslədiyimə təəccüblənirsiniz. İndi bunun səbəbini xatırlamam müşkül məsələdir. Yəqin bu, onun cazibəsindən və hədsiz qonaqpərvərliyindən qaynaqlanırdı. Öz həyat yolu barədə kədərlə, dərin təəssüf hissiylə danışan bu adam özünü inandırmışdı ki, məhz həyat tərzim - bütün kişilərin can atdığı bir idealdır. Həm də  maliyyə məsələlərində vaxtaşırı çarəsizliyə qapılan Riv mənim bu sahədəki səriştəmə heyran qaldığından məni özünə bağlamışdı. Rəğbətimin bir səbəbi də mənimlə söhbət etmə tərziydi: sanki onunla eyni səviyyəli kübar insanlar olsaq da, özüylə müqayisədə mənim daha ləyaqətli ömür sürdüyüm hissini mənə aşılayırdı.

Cansıxıcı görünən tədbirlərimizdə Riv hamıda maraq doğuran şəxsiyyətə, hazırcavab müsahibə çevrilirdi, cansız keçən məclisə ruh qatırdı, əsl masabəyinə çevrilirdi. Məsələ burasındaydı ki, o, aramızda mühasib, bank müdiri, vəkil, can həkimi və ya şirkət əməkdaşı olmayan yeganə adam idi. Rivin qələmindən çıxan kitablar evimizdəki rəfləri bəzəyirdi. Onları oxumaq üçün götürən dostlarımız başqalarının yanında öyünürdülər ki, Riv Beykerlə məhz bizim evdə tanış olublar. Onun bizə sıx-sıx gəlib-getməsi evimizin burjua mühitindəki dəyərini və ailəmizə bəslənən marağı, qismən də olsa, artırırdı.

Görünür, həmin vaxtlar mən: «Rivi ailəmizə bağlayan cəhət nədir, axı?» sualını özümə verməliydim artıq. Təxminən bir il əvvəl mən Riv ilə Qvendolen arasındakı münasibətlərdə soyuq rüzgarlar əsdiyinin fərqinə varmışdım. O vaxta qədər Riv arvadımla səmimi zarafatlar edir, ona məzəli komplimentlər söyləyir, şux etiraflarda bulunurdu. Qvendolen isə onun bu oyunbazlığını ananın uşağına göstərdiyi təmkinlə, bir az da ürkəkcə qarşılayırdı. Qəfildən bütün bunlar yoxa çıxdı və üçümüz bir arada olanda onlar bir-biriylə mənim araçılığımla danışmağa üstünlük verməyə başladılar. Sanki mən onların tərcümanı idim. O ara Qvendolendən Rivin onun xətrinə dəyib-dəymədiyini xəbər aldım. 

Üzündəki ifadə göstərirdi ki, bu sualdan yamanca çaşıb:

- Niyə bunu soruşursan ki?

- Mənə elə gəlir ki, Riv yanımızda olanda adətən çılğına dönürsən.

Qvendolen dedi:

- Fikir vermə. Bundan sonra onunla xoş davranaram. Aramızda nəyinsə dəyişdiyinə heç diqqət yetirməmişdim.

Arvadımın mənə münasibəti də dəyişmişdi. Bəzən ona toxunanda tez məndən aralanmağa çalışırdı. Ər kimi onu məmnun eləsəm də, son vaxtlar mənimlə məhrəm təmaslardan qaçırdı.

Bir gün onunla yaxınlığımız hər hansı ciddi səbəb olmadan və həmişəkindən daha erkən bitəndə mən hiddətimi boğa bilməyib, xəbər aldım:

- Nə olub axı, sənə?

O, elə bir şey olmadığını deyəndən sonra əlavə elədi:

- Sadəcə get-gedə yaşlanırıq. Təzəcə evləndiyimiz vaxtlardakı ehtirasın zamanla sönməsi normal haldır.

Lap özümdən çıxdım:

- Qoy oturmuşuq, sən Allah! Sənin cəmi otuz beş yaşın var. Mənim isə otuz doqquz. Ahıllığın öz bərabərində gətirəcəyi iqtidarsızlığa hələ çox var. 

Bədbəxt görkəm alan Qvendolen köks ötürdü. Çox fikirli görünürdü, xasiyyəti də dəyişmişdi. Riv yanımızda olanda ağzını bıçaq açmırdı, o, uzaqda ikən isə yalnız və yalnız ondan bəhs edir, onun xasiyyəti barədə öz fikirlərini dilə gətirmək üçün sanki səbəb axtarırdı. Toyumuzun onuncu ildönümünə Rivin hər ikimizin adına göndərdiyi təbrik kartını oxuyanda arvadımın üzündə nədənsə narazı bir ifadə dolaşırdı. Həmişəki kimi, Qvendolenə bir dəstə qızılgül göndərmişdim. Həmin həftənin sonuna doğru bir qəbzin harayasa qeyb olduğunu sezdim: mühasib işlədiyim üçün mən belə məsələlərdə kifayət qədər ayıq-sayığam. Yanlışlıqla onu zibil səbətinə atdığımı düşündüyüm üçün oradakı kağız-kuğuzun arasında qəbzi axtardım. Qəbzlə birlikdə, Qvendolenə buketlə birgə göndərdiyim təbrik kartına da zibil səbətində rast gəldim. Bənzər məqamlar diqqətimdən yayınmasa da, bütün bunların sadəcə fərqindəydim və ayrı-ayrı faktları ortaq məxrəcə gətirib, onlardan gərəkli nəticəni çıxartmaq üçün həyat təcrübəm hələlik yetərsiz idi. Məişət məsələlərinə özümü çox da kökləmirdim və elə buna görə də, məsələn, günortadan sonra evə etdiyim zənglərə arvadımın cavab verməməsini pis yerə yozmurdum, onun vaxtaşırı özünə təzə geyim-keçim almasına da normal yanaşırdım. Bütün bunların fərqindəydim, elə hey şübhələrə dalsam da, bir tədbir görmürdüm.

Rivdə müəyyən dəyişikliklər baş verdiyini sezmişdim. Ən çox diqqətimi çəkən də onun məşuqələrindən söz salmaması idi.

Qvendolenə demişdim ki, deyəsən, o, ən nəhayət, yetkinləşməyə başlayıb.

Arvadım ruh yüksəkliyi və razılıqla dillənmişdi:

- Mən də bunun məhz belə olduğunu sanıram.

Ancaq Qvendolen yanılırdı. Rivin subaylıq həyatının nişanələri kimi dəyərləndirdiyim məqamlar cəmi üç ay davam elədi. Bunun ardınca növbəti məşuqəsi barədə təəssüratlarını o, mənimlə təkbətək qalanda paylaşdı. Bir cümə günü, axşam saatlarında pabda adama bir stəkan viski içərkən mənə etiraf elədi ki, iyirmi yaşlarında, canlara dəyən bir ceyranla, həm də bir həftə əvvəl bir partidə tanış olub. 

Özümü saxlaya bilmədim:

- Mən bilən, Riv, bu da çox sürməyəcək.

- Mən də bundan tam əminəm. Uzun sürəcək bir ilişki kimə gərəkmiş, axı?!

Bu məşuqəsi Qvendolen ola bilməzdi. Bu xəbəri onunla paylaşanda əvvəlcə buna şübhəylə yanaşan arvadım az sonra nədənsə dəhşətə gəldi. Bu sirri ona açmağımdan məyus olduğumu bildirdim, çünki hər səfər Rivin vədlərini tutmaması Qvendolenin qanını yamanca qaraldırdı. Bu yerdə o, sərt tərzdə sözümü kəsərək dedi ki, daha bu barədə heç nə danışmaq istəmir. 

O gündən etibarən arvadım daha əsəbi oldu, çılğınlaşdı və daha tez-tez qüssəyə qapıldı. Hər dəfə telefon zəng çalanda o, oturduğu yerdə səksənirdi. İki-üç kərə işdən dönəndə mən evdə nə arvadımı, nə də onun açdığı yemək süfrəsini gördüm. Məndən bir qədər sonra evə gələn Qvendolenin halsız olduğunu sezəndə dedi ki, havaya çıxıbmış. Müayinə edən ailə həkimimiz ona trankvilizatorlar yazdı və sonrakı günlərdə arvadım lap əzvaylaşdı.

Rivlə görüşməyəli az qala bir əsr olmuşdu. Günlərin bir günü, onun iş yerimə zəng edib, üç həftəliyinə Fransanın cənubuna gedəcəyini bildirməsi məndən ötrü son dərəcə gözlənilməz oldu. 

Heyrətimi gizlətmədim:

- Bəyəm maliyyə durumunuz buna əl verir ki?

Rivə min bir əziyyətlə başa saldım ki, yanvar ayında o, mütləq gəlir vergisi ödəməlidir. Bunu ildə iki kərə edirdi. Onun yalnız may ayında yeni kitabı üçün avans alacağını xatırlatdım. İndiki şərtlərdə onun müflisləşdiyi şübhəsiz idi. 

Soruşdum:

- Fransanın cənubunda dincəlmək, sizcə, aşkar israfçılıq deyilmi?

Riv dedi:

- Çulumu birtəhər sudan çıxararam, canım. Bank müdiri mənim pərəstişkarlarımdandır. Kredit məbləğimi artıracağına şübhə bəsləmirəm.

Rivin istirahətə getməsi xəbəri, deyəsən, Qvendoleni zərrəcə təəccübləndirmədi. Riv demişdi ki, sonuncu sütül qızla araları çoxdan dəydiyindən dincəlməyə tək gedir. Qvendolen də belə qənaətdə idi ki, Rivin təkbaşına dincəlməsi daha məsləhətlidir, belədə saysız-hesabsız məşuqələri ən azından onun zəhləsini tökməzlər.

İlk dəfə onunla tanış olanda Riv kirayə mənzildə yaşayırdı. Həm şəxsi evi, həm də karlı sərmayə yatırımı olsun deyə, onu tutduğu mənzilə bənzər bir ev almağa razı salmışdım. Beysuoter səmtindəki bu ev Viktoriya dövrü tərzində tikilmişdi və binanın kürsülük qismində yerləşdiyindən əslində yarımzirzəmi sayılmalıydı. İşə gedərkən mən Rivin yaşadığı küçədən keçmirdim. Bəzən hərəkət hədsiz sıx olanda məcburən dolayı yollara üstünlük verdiyim üçün və maşınla onun evinin yanından keçirdim.

Riv istirahətə yollanandan iki həftə sonra, bir səhər evinin yanından ötəndə istər-istəməz nəzərlərim onun pəncərəsinə sataşdı. Məncə, dostunun evdə olmadığını bilən hər kəs evinin qarşısından keçərkən məhz belə edər. Rivin yataq otağının pəncərəsi küçəyə baxırdı. Yoldan keçəndə pəncərənin yalnız üst qismi görünür, alt tərəfi isə kolların ardında qalırdı. Pərdələrin çəkili olduğu nəzərlərimdən yayınmadı. Düşündüm ki, bu, əsl ehtiyatsızlıq nişanəsidir, axı, oğrular məhz belə, yəni sahibsiz evlərə qənim kəsilirlər. Ancaq az sonra bu detal fikrimdən silinib getdi.

İki gün sonra yenə oradan keçəsi oldum. Bu səfər küçədə böyük tıxac yaranmışdı və oradan ağır-ağır keçirdim. Təkrar Rivin pəncərəsinə nəzər yetirdim. Bu dəfə pərdələr çox da sıx çəkilməmişdi və aralarında təxminən on beş santimetr məsafə vardı. Otaca işıq düşsün deyə, heç bir oğru pərdəni bu qədər çəkməzdi, əlbəttə. Oğrudan söhbət gedə bilməzdi. Düşündüm ki, yəqin Riv səfərdən gözlənildiyindən erkən qayıdıb. Bu tıxacda vaxt öldürməklə, onsuz da işə gecikəcəyimi gözə aldım və maşınımı yaxınlıqdakı pullu dayanacağa qoydum. Fikirləşdim ki, həm Rivə baş çəkər, həm də bir fincan qəhvəsini içərəm. Ancaq nə qədər döysəm də, qapıya heç kəs çıxmadı. Pərdələrə təkrar zənnlə baxanda anladım ki, bu son iyirmi dəqiqə ərzində kim isə onları bir az da aralayıb. Buna şübhə ola bilməzdi.

Üst qatdakı qadının qapı zəngini çaldım. Əynində xələt olan qadın düşüb, giriş qapısını açanda üzrxahlıq elədim:

- Narahatlığa görə bağışlayın. Bəlkə bilmiş olarsınız, mister Beyker səfərdən qayıdıb?

Qadın dedi:

- O, şənbə günündən tez dönməz.

- Bundan əminsiniz?

Qadının səsində əsəbilik sezildi:

- Heç şübhəniz olmasın. Bazar ertəsi qapının kandarından içəri bir kağız yazıb qoydum. Əgər evə dönsəydi, onun əvəzinə poçtalyondan aldığım qutunu götürmək üçün ləngimədən qapımı kəsdirərdi.

- Bilmirsiniz, o, maşınıyla yola çıxıb?

- Hər halda, canım. Nə isə olub ki? Yoxsa yenə bir hoqqa-zad durğuzub?

Onun hər hansı hoqqa çıxarmadığını eşidən kimi qadın giriş qapısını üzümə örtdü. Çarəsiz qalıb, yaxınlıqdakı özəl qarajların yerləşdiyi əraziyə üz tutdum. Qapıya mat şüşə vurulduğundan qarajın içi yaxşı seçilmirdi. Buna rəğmən, mən Rivin yaşıl «Fiat»ının yerində olduğunu dəqiqləşdirdim. Artıq Rivin heç yerə getmədiyinə şübhəm qalmamışdı. Təsəvvürümə gətirdim ki, heç yerə getməyən Riv həftələr boyu evində necə gizlənir, bayıra çıxmadan, soyuducusuna yığdığı yeməklərlə bəslənir, vaxtının böyük qismini hündür hasarla əhatələnmiş həyətə baxan otaqda keçirir. Buna görə də istər gecə olsun, istər gündüz, pəncərəsindən düşən işığı heç bir Allah bəndəsi sezə bilməz. Öz-özlüyümdə qət elədim: «Eybi yox, şənbə gününədək yaşayarıq, görərik. Səfəri barədə Rivi sorğu-suala tutmaqla, mən ondan söz almağa çalışacağam. Onda öz xəyal gücünə güvənən bu yazar məcbur qalıb, heç hara getmədiyini asanlıqla boynuna alar».

Həmin gün mən evə dönəndə Qvendolen süfrə hazırlayırdı. Rivi necə oyuna gətirəcəyimlə bağlı planlarımı onunla bölüşmək qərarına gəldim. Dostumun adını eşidən kimi arvadımın bütün fikri-zikri mənə cəmləndi. Rivin maşınının qarajda olduğunu bildirəndə Qvendolenin rəngi-ruhu qaçdı, baxışlarını üzümə zillədi. Stula çökən qadının  əlində tutduğu çəngəl-qaşığın hamısı döşəməyə töküldü. 

Təlaşa qapıldım:

- Sən Allah, nə oldu sənə belə?

- O, necə belə qəddar ola bilər, axı? Başqalarıyla necə belə davranar?

- Əzizim, sən ki yaxşı bilirsən: Riv qadınlara qarşı amansızdır. Yadındadır, əvvəllər də bənzər fəndlərə əl atdığından bizə söz açmışdı.

Qvendolen dedi:

- İndicə durub, ona zəng edəcəyəm.

 Onun bütün bədəninin əsdiyini gördüm. Rivin nömrəsini yığsa da, dəstəkdən uzun-uzadı siqnal səsi gəldi.

Ona dedim:

- Zənglərə cavab vermir. Belə əsəbləşəcəyini bilsəydim, sənə heç nə deməzdim, vallah.

Qvendolen daha bir kəlmə də kəsmədi. Ocaqda nə isə qaynayırdı, süfrə, yarımçıq da olsa, salınmışdı. Arvadım bunları heçə sayaraq, durub dəhlizə çıxdı. Az sonra isə mən giriş qapımızın zərblə çırpıldığını eşitdim.

Çətin durumlardan çıxış yolu tapmaqda sən deyən səriştəli olmadığımı özüm də yaxşı bilirəm. Ancaq küt də sayılmaram. Mən arvadıma güvənib-güvənməmək şübhəsinə heç vaxt qapılmamışam və xanımıma hədsiz etimad bəsləsəm də, o dəm anladım ki, bilmədiyim nələr isə baş verməkdədir. Hərçənd yenə də: «Narahatlıq doğuracaq heç nə yoxdur» - deyə özümə toxtaqlıq hissi aşıladım. Mənə elə gəlirdi ki, arvadım Rivin yaratdığı qəhrəmanlara hədsiz aludə olub, Riv isə onu ən yaxın dostu və dərindən anlayan oxucusu adlandırmaqla, arvadımın buna inamını daha da möhkəmlədib. Onun hər sirrindən agah olan, ancaq son hiyləsinin qurbanı olan Qvendolen özünü aldadılmış və təhqir olunmuş biri sana bilərdi. Hər ehtimala qarşı üst mərtəbəyə qalxaraq, mən arvadımın makiyaj masasının siyirməsində saxladığı xatirə əşyalarına nəzər salmağı lazım bildim ki, təxminlərimin doğruluğundan əmin olum. 

Deyəcəksiniz ki, axı, niyə? Niyə də olmasın?! Qvendolen həmin siyirməni heç vaxt kilidləməz, orada saxladığı əşyaları məndən gizlətməzdi. 

İlk görüşlərimizin, mənim ona bağlılığımın, toyumuzun şahidi sayılan bütün əşyalar oradaydı, siyirmədəydi. Mənim onun ad gününə və Müqəddəs Valentin gününə göndərdiyim təbrik kartlarının arasında bir dənə qurumuş qızılgül də vardı. Krujevalı dəsmalın arasında isə mən medalyon və düymə tapdım. Anasından yadigar qalan medalyonun içinə arvadım çoxdan vəfat edən və qohumu sayılan bir xanımın fotosunu yerləşdirmişdi. İndi isə oraya Rivin haradansa kəsilən bir şəkli taxılmışdı. Medalyonun arxa tərəfində isə bir çəngə tük gözə dəyirdi:yəqin Qvendolen onları Rivin mənzilində qonaq olduğumuz vaxt, onun darağından götürmüşdü. Düymə də mənə tanış gəldi - o, Rivin əlvan rəngli idman gödəkçəsindən idi, ancaq kəsilməmişdi, qopub düşmüşdü hər halda. Zavallı Qvendolen… Bütün bunlarda mən Rivi günahlandırırdım hələ də. Məni evdə qoyub gedən arvadımın otağında oturaraq, qara-qara düşünürdüm ki, doğrudanmı Riv buna qadirdir? Doğrudanmı ən sadiq dostum mənə xəyanət eləyib? «Yox, - deyirdim, - bu, mümkün deyil. Axı, o, arvadıma heç vaxt nə məktub, nə də bir dəstə çiçək göndərib».

Deməli, bütün bunlar Qvendolendən qaynaqlanırdı. İndi onun haraya gedəcəyini bildiyim üçün onların görüşünə əngəl olmalı, arvadımı bunca alçalmaqdan qorumalıydım. Medalyon ilə düyməni cibimə qoydum, nə dərəcədə sadəlövh olduğunu sübuta yetirmək üçün bunları ona göstərəcəkdim. Qvendolen maşınsız yola çıxmışdı, çünki Londonun mərkəzində maşın sürməkdən xoşlanmırdı. Sükan arxasına keçib, maşınla Qvendolenin çıxacağı metro stansiyasının girişinə yollandım. On beş dəqiqə gözlədim. Metrodan çıxan Qvendolen yan-yörəsinə baxına-baxına, iti addımlarla yola düzəldi. Məni görüncə, heyrətdən içini çəkdi və yerində quruyub qaldı. 

Yumşaq tərzdə:

- Əzizim, keç, otur maşına, - dedim. - Səninlə danışacaqlarım var.

O, etiraz eləmədən maşına oturdu. Mən Beysuoter küçəsiylə parka tərəf yola düzəldim. Yol qovşağına yaxın yerdə, çinarların altında maşını əylədim. Araya çökən ağır sükutu bu sözlərlə pozdum:

- Mənim hər şeydən bixəbər olduğumu heç düşünmə. On ildir səninlə evliyik və özümün cansıxıcı birisi olduğumu yaxşı bilirəm. Riv ilə vaxt keçirmək sənə daha maraqlıdır, əlbəttə… Elə buna görə də sən ona vurulduğuna sən özünü inandırıbsan.

Dalğın baxışlarını mənə dikən Qvendolen qətiyyətlə dedi:

- Mən onu sevirəm, o da məni.

- Mənasız sözlərdir, - deyə etiraz edərkən fərqinə vardım ki, bədənimdə dolaşan soyuq gizilti heç də yaz gecəsinin sərinliyindən qaynaqlanmır. - Görünür, Riv səni də tilsimləyib…

Arvadım sözümü ağzımda qoydu:

- Səndən boşanmaq istəyirəm.

Səsimi qaldırdım:

- Ağlını başına topla! Sən onu yaxşı tanımırsan. Bəlkə də heç onunla baş-başa da qalmayıbsan. Yoxsa elə deyil?!

Qvendolen çarəsizliklə dolu, quru bir qəhqəhə çəkdi:

- Heç vaxt baş-başa qalmamışıq, eləmi? Altı aydan bəri mən Rivin məşuqəsiyəm və indi də onun ağuşuna gedirəm. Gedib ona deyəcəyəm ki, bundan belə həmişəlik ona sığınacağım üçün digər qadınlardan qaçıb gizlənməsinə heç bir ehtiyac qalmayacaq!

Yarıqaranlıqda bərəlmiş gözlərlə Qvendoleni süzürdüm. Eşitdiklərimə şübhə bəsləməsəm də, qətiyyətlə dedim:

- Bircə sözünə də inanmıram. Demək istəyirsən ki, başqaları kimi o, səni də?.. Yəni mənim arvadımı da?..

- Mən Rivə ərə gedəcəyəm. Onu tək mən anlayıram. Təkcə mənə o, könlündən keçənləri açıb, söyləyə bilir. Yola düşməzdən əvvəl özü bunu mənə etiraf eləmişdi.

Gözlərimin qarşısında al qırmızı ləkə peyda oldu:

- Ancaq nədənsə o, heç haraya getməyibdir. Ay səni yelbeyin! - deyə üstünə çımxırdım. - Niyə anlamaq istəmirsən ki, indi də o, məhz səndən qaçıb, gizlənir?! İndiyədək başqa məşuqələrindən necə yaxasını qurtarırdısa, indi də eyni fəndi sənə tətbiq eləyir? Səni sevir deyirsən? Heç indiyədək o, sənə nə isə, hətta fotosunu belə, bağışlayıbmı? İndi evinə getsən, o, sənin də üzünə qapısını açmayacaq. Evinə buraxmayacağı yeganə adam varsa, bil ki, indi o - sənsən!

Səsini başına ataraq, o:

- Mən onun yanına gedirəm! - dedi və qapını açmağa cəhd göstərdi. - Onun yanına gedəcək, onunla yaşayacağam. Sənin üzünü bir daha heç görmək də istəmirəm!

Həmin gün mən evə tək döndüm. Qvendolenin son arzusu isə həyata keçdi: o, mənim üzümü bir daha görmədi.

Axşam saat on birə qədər evə gəlmədiyi üçün bunu polisə xəbər verdim.

Məndən polis şöbəsinə gəlib, itkin düşən şəxslə bağlı anketi doldurmamı xahiş etdilər və təlaşlarıma bir elə əhəmiyyət vermədilər. Görünür, Qvendolen yaşdakı qadınların itməsi faktlarını polislər adi hal sayırlar və düşünürlər ki, uzaqbaşı başqa bir kişiyə qoşulub qaçıb. Ancaq park gözətçisi səhər kolluqda Qvendolenin cəsədini tapanda polislər əməlli-başlı əl-haya düşdülər, çünki mərhuməni boğmuşdular.

Cümə axşamı idi o gün. Qvendolenin evindən xeyli aralıdakı o yerə niyə və kimin yanına getdiyinə dair sorğu-suala başlayan polis Kensinqton, Pəddinqton və Beysuort səmtlərində, ümumiyyətlə, parka yaxın ərazidə hansı tanışlarımızın yaşadığını araşdırırdı. Cavab verdim ki, oralarda heç bir tanışımız yaşamır. 

Sonrakı gün eyni suallar təkrarlananda mən özümü guya yalnız indi bunu xatırlamış kimi apararaq, dedim:

- Təkcə romançı Riv Beyker. Onu tanımamış olmazsınız. 

Onun adresini yazdırarkən əlavə elədim:

- Ancaq hazırda Beyker şəhərdə deyil, üç həftəliyinə səfərə gedib. Sabahdan tez geri dönəcəyini təxmin etmirəm.

Sonra nələrin olub-bitdiyini mən məhkəmədə, arvadımın qətlində suçlanan Rivə qarşı açılan prosesdə verilən ifadələrdən öyrəndim. Şənbə günü səhər tezdən polis onun mənzilinə soxulub. Anladığım qədəriylə, ilk başda polis, ümumiyyətlə, ondan şübhələnmirmiş. Kriminal romanlardan əxz elədiyim bilgilərə əsasən bilirdim ki, polis Qvendolenlə mənim ailə həyatıma dair Rivdən imkan daxilində daha çox məlumat toplamağa çalışacaq.

Polis ondan əvvəl bir neçə qonşunu dindirdiyi üçün  Rivin bəxti gətirmədi. Onlar bir ağızdan Rivin səfərə getdiyini təsdiqlədilər. Südçü kişi və qəzetçi oğlan bundan tam əmin idilər. Ona görə də polisin onu nə səbəbə dindirdiyini öyrənən Riv tamamilə təşvişə qapıldı. Özünün Fransada olduğunu iddia eləməyə isə cəsarəti çatmadı, çünki bənzər ifadələrin yalan-doğru olduğunu öyrənmək polis üçün su içmək qədər asandır. Odur ki, həqiqəti deməyə üstünlük verib: zəhləsini tökən bir xanımdan qurtulmaq üçün evinə qapanıb. Xanım kimdir? Riv açıqlamalardan boyun qaçırtsa da, üst mərtəbədə yaşayan qonşu qadın bunu yerli-yataqlı şəkildə açıb-ağardıb. Qvendolenin gündüzlər tez-tez Rivin evinə gəldiyinə, onların necə dilləşdiklərinə şahidi olubmuş bu qonşu. Qvendolen deyirmiş ki, Rivi sevir və onsuz yaşaya bilmir, o isə çığırırmış ki, hansısa qadının onu noxtalamasına əsla yol verməz və öz sərbəstliyini qorumaqdan ötrü hər şeyə əl atacaq.

Aydın məsələdir ki, o axşam parkda işlənən cinayətə hər hansı dəxli olmadığını sübuta yetirmək üçün Rivin əlində heç bir alibi yox idi. Həm hakim, həm də məhkəmənin andlı üzvləri bunu təmin etməyə çalışan Rivin necə dəridən-qabıqdan çıxdığını görürdülər. Adətən yazarlar bütün güclərini xəyallarına verirlər, polislərə xas xırdaçılıq və çürükçülük isə qələm əhlinə yaddır. Polisin əlində Rivin günahını təsdiqləyən maddi sübutlar isə həddindən çox idi. Məhkəməyə təqdim olunan üç əsas dəlil Rivin qolundakı düyməsi qopmuş əlvan rəngli idman gödəkçəsi, onun düyməsi və müttəhimin bir çəngə saçından ibarət idi. Düymə Qvendolenin cəsədinin yaxınlığında, saç çəngəsi isə onun paltosunda tapılmışdı. Belə çıxır ki, indiyədək mən detektiv əsərləri boşuna qiraət eləməmişəm. Hərçənd o qətldən ötən müddətdə bir dənə də detektiv oxumamışam. Görünür, başına bənzər olay gələndən sonra heç kəs o kitabları oxumağa gərək duymur.

Dilimizə çevirdi - Azad YAŞAR 

facebook.com/azadyasharofficial

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb