Səngərə yolu düşəcək jurnalist bunları bilməlidir - FOTOLAR

09:00 | 05.08.2016
Səngərə yolu düşəcək jurnalist bunları bilməlidir - FOTOLAR

Səngərə yolu düşəcək jurnalist bunları bilməlidir - FOTOLAR

Azərbaycanda yeni layihə olan "Ekstremal jurnalistlərin təcrübə poliqonu” təlimlərinə start verilib.
 


ANN.Az xəbər verir ki, "Dinc Dünya” Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Müdafiə Nazirliyin dəstəyi ilə həyata keçirilən təlimə ölkə mediasının 40 nümayəndəsi cəlb edilib. Təlimin ilk mərhələsində (24 iyul – 30 iyul) 20 jurnalist iştirak edib.

Təlimin ilk günü Şəmkir rayonunun N saylı hərb hissəsində baş tutub. Həmin gün bura yerləşdirilən jurnalistlərə müdafiə nazirinin əmrinə əsasən günün nizamnamə rejimi, hərbi xidmətin qaydaları ilə bağlı lazımi tapşırıqlar verilib.
 


Növbəti gün təlim iştirakçıları Tovuz rayonundakı N saylı hərbi hissəyə aparılıblar. Hərbi hissədə jurnalistlər əsgər və zabit heyətinin təlim tədris fəaliyyəti ilə yaxından tanış olublar. Daha sonra hərbi hissə komandiri media işçilərinə müharibə vaxtı hansı şəraitlərdə çalışmağın yollarından söz açıb. Təlim ərəfəsində jurnalistlər hərbi poliqonda praktiki olaraq hərbçilərin düşmən hücumunun qarşısının alınması ilə səngərə, hadisə yerinə, dağ relyefində yürümə qaydaları, səngərəqədərki yollarda rastlaşıla bilən maneələrdən keçmə üsulları, ətrafın müşahidəsi üçün mövqe seçilməsi tələbləri, yaralanarkən, xəstələnərkən vəziyyətdən çıxma, xilasolma tədbirləri ilə yaxından tanış olublar. Poliqonda həmçinin müxbir, operator, fotoqraflara əyani şəkildə, səngər şəraitində çəkilişlərin aparılması, hansı mövqedən daha təhlükəsiz çəkiliş aparmaq imkanının olması, hərbi texnikalardan kənarda işlərinin davam etdirmələri ilə bağlı praktiki göstərişlər verilib. Bundan başqa təlim iştirakçıları döyüş prosesini izləmə, snayperdən, imitasiya vasitələrindən, gözlənilməz xəsarətlərdən özünü qoruma, döyüşçülərlə ünsiyyət qaydalarını öyrənmə, savaşın prinsiplərini anlama, məlumat alma və toplama bilgilərini necə əldə etmə imkanı qazanıblar. 
 


Tovuz rayonunda keçirilən təlim ərəfəsində N saylı hərbi hissə komandiri jurnalistlərə düşmənlə üzbəüz olan əsgərlərlə davranış qaydaları və onların ixtisaslaşdırılmasının hansı qaydada aparılması haqqında məlumat verib: "Hər bir əsgəri ixtisaslaşdırmaq üçün ilk öncə savadlı kiçik zabit heyəti olmalıdır. Yüksək rütbəli zabit kiçik rütbəli zabitlərə ixtisas dərslərinin keçirilməsi ilə əlaqədar öz tapşırıqlarını verir. Əsgər hərbdə ən kiçik rütbəli şəxsdir. Kiçik zabitlər əsgərlərin ixtisaslaşmasında çox böyük rol oynayırlar. Əsgər ilk növbədə savadlı, daha sonra təcrübəli olmalıdır. Postda xidmət edən əsgər hər gün gündəlik olaraq fiziki idmanla məşğul olmalıdır. Bundan əlavə düşmənlə üzbəüz dayanmağımıza baxmayaraq, kənd əhalisi də qorxmadan, çəkinmədən neçə ildir burada yaşayır". 
 
 

Təlimin növbəti günü Şəmkir rayonundakı N saylı hərbi hissənin poliqonunda davam etdirilib. Poliqonda jurnalistlərə kəşfiyyatçıların ən çətin maneələri necə dəf etməsi, özünü qoruma üsulları barədə təlimlər verilib. Həmçinin hərəkətdə olan zirehli texnikanın altında uzanmanın, üstündə oturmanın, içindən-üstündən çəkiliş etmənin, döyüş vaxtı texnikadan yararlanmanın tələb və qaydalarını, bu prosesdən reportaj hazırlanma qaydaları ilə təlim iştirakçıları praktiki olaraq tanış olublar. Poliqonda jurnalistlərə minalanmış ərazilər və onları növləri haqqında da məlumat verilib. 
 


Mühəndis maneləri – Bu manelərin yaradılmasında məqsəd düşmənə zədə yetirmək, onun hərəkətini ləngitməkdən ibarətdir. Mühəndis maneələrinin minapartlayıcı, partlamayan və kombinə edilmiş növləri olur. 

Tank əleyhinə minalar – Bu növ mina tankları və digər döyüş texnikasını məhv etmək üçün nəzərdə tutulub.  

TM - 57
TM – 62
TM – 62M
TMK – 2  
 
 

Piyada əleyhinə minalar - Bu növ minalara düşmənin canlı qüvvəsini məhv etmək və zədələmək üçün tətbiq edilir. Piyada əleyhinə minaların fuqaslı və qəlpələnən növləri var. 

PDM – 6
PMN
LOMZ – 2M
OZM – 72

Daha sonra ekstremal jurnalistlərin təcrübə poliqonunun iştirakçıları ilə hərbi hissənin gündəlik xidmət rejimi, hərbi təlim anlayışı, əsgərin döyüş hazırlığı dərsləri, hərbi həyatda baş verə bilən hadisələrin səbəbləri, tabelikdə olanların tabelikdə olmayanların münasibətləri, nizamnamədənkənar davranışlar, mənfi liderlik anlayışı, intihar hallarının və s. cinayət olaylarının səbəbləri mövzusunda layihə rəhbəri Əlisəfa Mehdiyev və N saylı hərbi hissənin zabiti geniş şəkildə mühazirə ediblər.
 
 

İyul 27-də təlimçilər Gədəbəy rayonunun adsız yüksəkliklərindəki meşələrdən birində olublar. İştirakçıların meşə zonasına aparılmasında əsas məqsəd – çöl şəraitində ac qalarkən təbiətdən qidalanma imkanlarını, təhlükəli zonaya getmə üsullarını, haqqında informasiya verilməli və ya verilməməli olan qurğunun, ərazinin taktiki xüsusiyyətlərini öyrənməkdən ibarətdir. Həmçinin təbii (meşələr, çaylar, göllər) qurğuların məsafəyə görə ölçülməsini, ərazinin topoqrafik elementlərini, ərazidən keçmə imkanını, ərazinin qoruyucu, müşahidə şəraitini, maskalayıcı vasitələrini, mühəndis təchizatı şəraitini, ilin fəsillərinə görə ərazinin taktiki xüsusiyyətlərini, məsafədən müşahidə və s. üsulla ölçülməsini, gözəyarı məsafə təyinində tətbiq olunan üsulları, səsin yayılma sürətinə görə məsafələrin təyinini, dinləmə yolu ilə məsafə təyini barədə təlim iştirakçılarına ətraflı məlumat verilib. 
 


Çöl şəraitində bir gün qalıb, vəziyyətlə daha yaxından tanış olduqdan sonra jurnalistlər silahdan 150 metrlik məsafəyə atəş açmaq imkanı əldə ediblər. Hədəfi düzgün nişan alan təlim iştirakçıları ilə yanaşı, istiqamətdən yayınan jurnalistlərin sayı da az olmadı. Günün ikinci yarısında isə kəşfiyyatın optik nişangahları və digər silahları barədə N saylı hərbi hissə zabitləri təlimçilərə məlumat veriblər.
 


Təlimin növbəti günü Ağstafa rayonundakı N saylı hərbi hissədə davam edib. Hərbi hissədə təlim iştirakçılarına kəşfiyyat bölüyünün maneələri dəf etməsi, hündürlükdən hansı vasitələrlə və necə tullanmalı olduğunu, düşmən səngərinə hücum edilməsi təlimləri praktiki olaraq göstərilib. Bundan əlavə təlimçilərə düyün növləri, dağçılıq ləvazimatları, alpinist düyünləri, qaya dırmanışı zamanı ediləcək xüsuslar, qaya enişləri, ərazidə əlaltı vasitələrdən istifadə edərək ocaq əldə etməyin qaydası, həyatda qala bilmək üçün əldə edilə bilən qidalar haqqında da ətraflı məlumat verilib: 

Çamadan düyünü: İki ipi bir birinə bağlamaq üçün istifadə edilir. 

Qazıq düyünü: Bir ipi digərinə, kötüyə və ya bir ağaca bağlamaq üçün istifadə edilir.

Balıqçı düyünü: İslaq və sürüşkən iki ipi bir-birinə bağlamaq üçün istifadə edilir.

Qısaltma düyünü: Boş ipləri qısaltmada və taram etmək üçün istifadə edilir. 

Sancaq düyünü: Diametrləri ayrı-ayrı olan ipləri bir-birinə bağlamaq üçün istifadə edilir. 

Kəpənək düyünü: Yüklərin aşağı endirilməsində istifadə edilir.

Səkkizlik düyünü: İncə iplərin uc qisimlərinin açılıb dağılmaması üçün istifadə edilir.

Fiyonk düyünü: Xilasetmə işlərində və yuxarı yük çəkmək üçün istifadə edilir.

***

Dağçılıq ləvazimatları – klassik 8-lik, jumar, sikkə, isveç oturacağı, buz baltası, karabin, stoper, buz nalçası, big 8, dağ çəkici, rolik, əsas kəndir.

***

Alpinist düyünləri haqqında -  Düyünlər sizin ipi dəyişik və istədiyiniz məqsədlə, istifadə etməyə yarayır. Özünüzü qayaya bağlayaraq siğorta ala bilərsiniz, ipləri bir-birinə bağlayaraq uzun mənzilli qayaya dırmanışı edə bilərsiniz. Bir birinə bənzəyən onlarca hətta yüzlərcə düyün texnikası tapa bilərsiniz. Amma dağçının işinə yarayan qaranlıqda, soyuqda, yağışlı havada ata biləcəyi ən doğru düyün olmasıdır. Bu mövzuda ediləcək xətadan geri dönüş bəzən çox çətin olur. Ona görə də belə hallarda bilənən təməl düyünləri xətasız öyrənmək ən gözəl çıxış yoludur. İpə düyünü atdığımızda onun qopma qüvvətinə təsir edəcəyini də göz önünə almalıyıq. Bəzən bu qüvvə 60 faizə qədər azalmaqdadır. Hansı düyün olursa olsun, düzgün bağlanmalı və açılmalıdır. Son dərəcə yorğun olduğunuz halda belə düyünlər xətasız vurulmalıdır. Atılan düyünlərə gözlə nəzarət etməniz sizdə alışqanlıq dərəcəsinə gəlməldir.  

***

Qaya dırmanışı zamanı ediləcək xüsuslar:

1) Qaya çıxıntılarının altından mümkün olduğu qədər uzaq durmalı. Çünki dırmananların və yuxarıdakıların qopardıqları daşlar böyük ölçüdə ola bilər;

2) Kaskanızı dırmanış və qaya çıxıntıları altında durarkən əsla çıxartmayın, kaskanın kəmərini boğazınıza sıx şəkildə taxılı olsun. Və kaskanız başınızda boş qalmasın;

3) Siğorta iplərinizi atdığınız düyünləri siğorta sistemlərini və karabinlərin düzgün olmasına bir neçə dəfə nəzarət edin;

4) Dırmanış vaxtı yıxılarkən ipdən tutmamağı alışqanlıq vəziyyətinə gətirin. Əllərinizi qaya çıxıntılarına vurub əzməmək şərtilə istifadə edin;

5) Siğortanı təşkil edərkən ən vacib diqqət yetirəcəyiniz iş siğortanı əlinizdən əsla buraxmamaqdır.

***

Qaya enişləri: 

1) Qaya enişləri zamanı kəndirə tam yaslanmalı, qaya ilə perpendikulyar vəziyyət alınmalıdır;

2)Enmə zamanı dizlər bükülü vəziyyətdə qalmamalı, sadəcə sıçrayış zamanı bükülməldir;

3)Eniş zamanı arxaya sıçrayış etməli, eyni zamanda tormuzlayıcı əldəki ipi boşaltmalıdır.

***

Ərazidə əlaltı vasitələrdən istifadə edərək ocaq əldə etməyin qaydası: 

1) Yay və çubuq düzəldirik; 

2) Yaya keçirilən çubuğun hər iki ucu itilənmiş olmaqla ipə bir dəfə dolayırıq; 

3) İtilənmiş çubuğun üst tərəfinə, ovuciçi qədər böyüklüyündə olan bir ağacla tuturuq və itilənmiş çubuğun aşağı hissəsini ortası ovulmuş bir ağacın üzərinə qoyaraq,ortası ovulmuş bir ağacın altına ot və ya kağız qoyuruq;

4) Bir əlimizlə iti olan çubuğun üst hissəsindən sıxaraq, digər əlimizlə yayın bir tərəfindən tutub önə, geriyə doğru sürətli şəkildə çubuq köz alana qədər hərəkər etdiririk (təxminən 4-5 dəqiqə);

5) Ortası ovulmuş ağaca köz düşdükdən sonra əlimizdəki ləvazimatları bir kənara qoyub əllərimizi közün kənarına astaca üfləyərək közün güclənməsini təmin edirik;

6) Köz böyüdükdən sonra üzərinə quru ot qoyub alov əldə edənə qədər üfləməyə davam edirik.

***

Həyatda qala bilmək üçün əldə edilə bilən qidalar:

Həyatda qala bilmək üçün təbiətdə olan sürünənlər, qurbağalar və tısbağalardan aşağıdakı qaydada istifadə edərək qida əldə etmək mümkündür.

İlanlar:

İlanların tutulması üçün ehtiyatla kəllə tərəfindən sıxaraq, təxminən bir qarış kəllədən quyruğa doğru ölçüb kəsirik. Və ilkin olaraq kəsilmiş kəlləni başqa bir alətlə qida hazırlanan yerdən uzaqlaşdırıb sonra da quyruqdan kəlləyə doğru təxminən bir qarış ölçüb kəsib atırıq. Və orta hissəsini götürüb dərisini soyub, daxili orqanları çıxarıldıqdan sonra qida kimi istifadə edirik. 

Qurbağalar:

Qurbağa tutulduqdan sonra dizləri və qolları kəsilib atılır. Sonra qarın nahiyəsi yarılaraq daxili orqanları çıxarılır və qida kimi istifadə olunur. 

Tısbağalar: 

Tısbağabalar tutulduqdan sonra onun çanağından bərk sıxmaqla başının çıxmasına nail oluruq. Və boynunu sıxaraq başını kəsirik. Sonra arxa ayağından asmaqla təxminən 1 saata qədər qanının axmasını gözləyirik. 1 saat keçdikdən sonra çanağı arxası üstə çevirib çanaqüstü və çanaqaltı birləşən yerdən kəsib, çanağın üstünü və altını ayırırıq. Sonra əllərini və qollarını kəsib daxili orqanlarını çıxardırıb qida kimi istifadə edirik.

***

Əlaltı vasitələrindən istifadə edərək kompasın düzəldilməsi:

Su üzərində batmayan hər hansısa bir ləvazimatı (məs: sol, çöpü) 2 ədəd uzunluğu 1 sm olmaqla kəsirik və 1 ədəd iynə götürüb, bir ucunu maqnitə sürtərək iynənin maqnitləşməsini təmin edirik. İynənin ucu kəsdiyimiz 2 ədəd ləvazimatın mərkəzindən keçirib (hər 2 ləvazimatın arasında 1 və ya 2 sm yer qalmaqla) içi su ilə olan qaba qoyuruq. Əsas diqqət edəcəyimiz şey qabın dəmirdən olmamasıdır. Beləliklə, iynənin ucu (maqnitləşən hissəsi) cənub tərəfi, sap keçirilən hissəsi isə şimal qütbünə çevrilir. 

İyunun 30-da təlimin ilk mərhələsinə yekun vuruldu. 

Təlimin birinci mərhələsi yekunlaşdıqdan sonra jurnalistlərə açıqlamasında Dinc Dünya Araşdrıma Mərkəzinin idarə heyətinin sədri Əlisəfa Mehdiyev keçirilən təlimdən 40 faizlik nəticə əldə edildiyini bildirdi: 

Azərbaycan müstəqillik əldə edəndən bəri müharibə vəziyyətindədir. Bu prosesdə çoxlu jurnalistimiz ekspromt edərək döyüşdən informasiya gətirib. Amma indiyə qədər Azərbaycanda nə jurnalistika fakültələri, nə də o qədər təcrübəli olan jurnalistlərimiz bunu auditoriyaya daşımayıblar. Bizim ümumiyyətlə, bu layihələri keçirməkdə məqsədimiz kütləvi şəkildə jurnalistlərimizə döyüş, savaş jurnalistikasını hamıya öyrətməkdir. Ona görə də biz təlimlərimizi birbaşa cəbhə zonasında keçiririk. Sabah döyüşlər başlayarsa, jurnalist buna hazır olmalıdır. Layihənin əsas məqsədi də budur ki, bu savaş prosesində jurnalist necə davranmalıdır ki, sağlamlığını qorusun, riskləri minimuma endirsin və redaksiyanın tapşırığını düzgün yerinə yetirə bilsin. Jurnalistlərimiz bu təlimləri keçəndən sonra həmin o qaynar nöqtələrə özləri getməlidirlər və o proseslərdə qazandıqları təcrübələri bizə gətirməlidirlər. Yəni, bu bir növ təlimdir. Amma birbaşa qaynar ocaqlarda olub orada psixoloji təcrübə qazanmaq başqa anlayışdır. Gərək savaşı gözünlə görəsən ki, orada davranmanı daha mükəmməl öyrənəsən. Keçən ilki layihə ilə indiki təcrübələri bir yerə yığaraq növbəti ildə keçirəcəyimiz layihə daha universal olacaq, ondan sonra biz Azərbaycanda ekstremal jurnalistikanın bir növ akademik modelini ən azından universal modelini formalaşdıra biləcəyik. Belə düşünürəm ki, beynəlxalq mütəxəssislərin Azərbaycana dəvət edilməsi gec deyil, ona görə ki, mən beynəlxalq səviyyədə bu təlimlərdə iştirak etmişəm və onlardan da yaxşı bilirəm.

Təlimdən nə qazandınız?

Şahin Qocayev – Azvision.az informasiya portalının əməkdaşı

- Azərbaycanda ilk dəfə keçirilən bu təlimlər bizlərə nə qazandırdı deyə düşünsək, o zaman keçirilən təlimlərin mahiyyətini cılızlaşdırarıq. Təlimlər bizə nə qazandırmadı ki... Ümumiyyətlə, hazırkı şəraitdə tankın, topun və digər artileriya vasitələrinin yağışı altında ektremal jurnalist nə edə bilərsə, az da olsa öyrəndik, məlumatlandırıldıq. Bildiyimiz kimi, bu kimi təlimlər ABŞ, Türkiyə və xüsusilə Rusiyada xüsusi diqqətlə keçirilir. Orada jurnalistlərin əsir düşmə vəziyyətlərinə baxsaq, təlimlərin nə qədər real həyata keçirildiyinin şahidi olarıq. Ölkə daxilində həyata keçirilən təlim ilk dəfə üçün olduqca reallığı əks etdirirdi. Məsələn, deyək ki, bölüyün müdafiə mövqeyi tutaraq döyüşü təşkil etməsi, topçuların və digər artileriya vasitələrinin həyəcan siqnalı ilə qaldırılması və ən əsası ekstremal jurnaslitlərin bu vəziyyətdə özlərini real döyüş vəziyyətində aparması buna gözəl nümunədir. Təlimlərin hər il keçirilməsi və oraya yollanan jurnalistlərin ixtisaslaşması, nəticə etibarı ilə onların xarici ölkələrə göndərilməsi prioritet məsələ olaraq saxlanılmalıdır”. 

Səbuhi Vaqifoğlu - "İnteraztv"nin əməkdaşı

- Məlum olduğu kimi, bu təlim rəsmi şəkildə ilk dəfədir keçirilir. Aprel döyüşlərində istər sosial şəbəkələrdə, istərsə də bir sıra yerli KİV-lərdə yayımlanması lazım olmayan məlumatlar dərc edildi, bu isə heç də müsbət hal sayılmır. Məhz bu təli m jurnalistlər üçün bir şans oldu ki, ekstremal şəraitdə necə davranmalı olduqlarını öyrənsinlər. Təlimdə media nümayəndələri üçün elmi və praktiki məşğələlər keçirildi. Təlimdən belə nəticə çıxardım ki, biz jurnalistlər bilməyərəkdən düşmən tərəfə müəyyən məlumat ötürə bilərik, məs: "N” saylı hərbi hissədən reportaj hazırlayarkən əsgər yeməkxanası və ya yataqxanasını göstərməklə düşmən tərəfə şəxsi heyətin təxmini də olsa sayını göstəririk. Digər tərəfdən jurnalist heç bir halda əlinə silah almamalıdır. Geyimi hərbi formadan seçilməlidir. Çünki düşmən tərəfə əsir düşərsə, onunla beynəlxalq qanunlara əsasən davranılmalıdır. Aydın məsələdir ki, jurnalistlərin toxunulmazlıq hüququ var.  Təlimdə onu da öyrəndik ki, ekstremal şəraitdə jurnalist heç bir halda hərbçiyə mane olmamalıdır, onlar zirehli texnikadan qanunla müəyyən edilmiş məsafədə vəzifəsini icra edə bilər. 
Təbii ki, bu ilk  addım idi. Düşünürəm, gələcəkdə bu təlimlər daha geniş şəkildə, hətta deyərdim, nəinki ölkədaxili, hətta ölkədən xaricdə də keçiriləcək”. 

Nurlan Qurbanov – Lider TV-nin əməkdaşı

- Məncə, təlim daha professional keçirilə bilərdi. Əgər məqsəd həqiqətən də ekstremal jurnalist yetişdirməkdirsə, bu uzunmuddətli tədris olmalıdır. Yox, əgər məqsəd pul qazanmaq, qrant almaqdırsa, əla idi. Biz də yardımçı olduq. Müəyyən mənada yaxşı hallar da oldu. Ən azından  hərb işi barədə məlumat aldıq. Maraqlı kollektiv formalaşdı. Burada ən əsas məqam bu işə həvəsli olan jurnalistlərin, eləcə də tələbələrin seçilməsidir. Təlim şəxsən mənə hansısa fövqəladə bilik, bacarıq və ya təcrübə vermədi. Bəlkə də mən dırnaqarası yanaşdım, deyə bilmərəm. Digər maraqlı məqam isə hərbiçilərlə jurnalistlərin, layihə iştirakçıları arasındakı anlaşılmazlıq idi. Yəni nala-mıxa vururduq. Bir nöqtəyə vurmaq və dostluq şəraitində keçsəydi, daha gözəl olardı.

Daşqın Abdullayev – EL Tv-nin əməkdaşı

- Təlimin ilk dəfə olaraq keçirilməsini nəzərə alsaq, çox yaxşı idi. Həm hazırlıq, həm də təşkilatçılıq qənaətbəxş idi. Nələr öyrənməyimə gəlincə, əslində Qarabağ bölgəsində çalışdığım üçün orda bir çox şeyləri real təcrübədə yaşamışam. Lakin təklif edərdim ki, real hərbi təlimlərin keçirildiyi poliqonlarda olması və beynəlxalq təcrübənin toplanması bu işdə əsasdır. Ona görə də gələcəkdə bunun nəzərə alınmasını istəyirəm. Ən əsası isə təlim iştirakçılarının bu layihə çərçivəsində media təlimləri keçirilməklə 1 aylıq məcburi hərbi xidmətə cəlb olunmalarını istərdim.

Qabil Ədalət – təlimçi 

- Bu layihə mənə Ekstremal jurnalistikanın nə olduğunu öyrətdi. Çox sevinirəm ki, mediaya ilk addımımı məhz bu layihə ilə atıb jurnalistikanı Əlisəfa müəllimdən öyrənməyə başladım. Ümumiyyətlə kitab oxumaqla, universitet bitirməklə ekstremal jurnalist olmaq qeyri-mümkündür və bunun bir daha şahidi olduq. Təbii ki, 7 gün ərzində professional bir nəticə əldə etmədik, amma ən azından hücum zamanı jurnalist mövqeyinin seçilməsi, özünü müdafiə, meşədə gecələmə, sığınacağın düzəldilməsi, zərərli heyvanlardan qorunma, qida əldə etmək, zirehli texnika üzərində hərəkət, iqtiqamətin seçilməsi üsullarını mənimsədik. Bir daha bu layihə üçün "Dinc Dünya” Araşdırma Mərkəzinə, Müdafiə Nazirliyinə və QHT-lərə Dövlət Dəstəyi Şurasına öz dərin təşəkkürümü bildirirəm.

Valeh Dadaşov – "Report” İnformasiya Agentliyinin əməkdaşı

- Azərbaycan müharibə şəraitində yaşayan, işğal olunmuş torpaqlarını düşməndən azad etmək üçün mücadilə edən bir ölkədir.Ötən əsrin 90-cı illərin əvvəllərindən bu günə qədər ordumuzun səngərlərində, istehkam və müdafiə mövqeylərində müəyyən qədər dəyişiklik olsa da, əsas istehkam qurğuları olduğu kimi qalır. Lakin ordumuzun düşmən üzərinə irəliləyib işğaldan azad etdiyi torpaqlarımızda yeni müdafiə nöqtələri və səngərlər təşkil olunacaq ki, burada hər bir jurnalistin üzərinə böyük məsuliyyət düşür. Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşləri izləyərkən hər bir jurnalist peşə borcunu yerinə yetirən zaman əsas qayda və prinsipləri bilməlidir. 

Azərbaycanda ilk dəfə "Dinc Dünya” Araşdırma Mərkəzinin təşkilatçılığı ilə Müdafiə Nazirliyinin təlim bazasında  həyata keçirilən "Ekstremal jurnalistlərin hazırlanması təlim poliqonu” layihəsi  çərçivəsində bu qaydaların müəyyən hissəsini öyrəndik. 

Burada döyüşləri izləyən zaman jurnalistin özünü qoruma, müşahidə mövqelərini düzgün seçmə, informasiya əldə etmə və onu ötürmə, eyni zamanda bu prosesləri həyata keçirərkən döyüşçülərə mane olmama qaydalarını mənimsədik. 

Təlim zamanı Silahlı Qüvvələrdə maddi-texniki təminatın qayda və xüsusiyyətləri, motoatıcı silahlarının taktiki-texniki xüsusiyyətləri, silahlarla davranma qaydaları, ballistik silahların taktiki-texniki xassələri, silah-sursat və hərbi texnika haqqında hansı halda və şəraitdə informasiya yayımına qanunla yol verilməsi, fövqəladə halların xarakteristikası, ekstremal şəraitdə davranış metodları barədə məlumatlar əldə etdik.

Həmçinin təlimlərdə ekstremal vəziyyətdə təhlükəsizlik tədbirləri, döyüş fəaliyyəti rayonunda hərəkət qaydaları, ərazinin relyefindən və fortifikasiya qurğularından istifadə, döyüşə hazırlıq və döyüşün gedişi zamanı müşahidə üsulları, informasiya toplama zamanı müxbirin, reportyorun düzgün davranış normaları, snayperdən, imitasiya vasitələrindən, gözlənilməz xəsarətlərdən özünü qorumaqla döyüş prosesini izləmə və informasiya toplama, minalardan və əldə hazırlanmış partlayıcı qurğulardan qorunma xüsusiyyətləri, yaralanma, əzilmə, bədbəxt hadisəyə uğrama zamanı davranış qaydaları, ilk yardım məşqləri, səhra şəraitində qidalanma qaydalarını öyrəndik.

Azadə Bayramova – faktor.az informasiya portalının əməkdaşı

- Bu gün müharibə şəraitində yaşayan Azərbaycan öz təhlükəsizliyini və müdafiəsini təmin edən Silahlı Qüvvələrin gücünə tam arxayındır. Belə ki, ordumuzun düşmənin istənilən həmləsini dəf etməyə, habelə hücum manevrlərini yerinə yetirməyə tam hazır olduğunu əminliklə deyə bilərik. Ancaq hazırki dövrdə məsələ yalnız ordu strukturunun güclü, fiziki hazırlığının yüksək olması deyil. Çünki komandir və əsgər sıralarına daha bir döyüşçü qüvvəsi daxil edilir; hərbi jurnalistlər. Bəs ekstremal vəziyyətdə, cəbhə zonasına ezam olunmuş jurnalist hansı informasiyaları əldə etməyə çalışmalı, onu cəmiyyətə necə təqdim etməli, ümumiyyətlə, həmin hərbi məlumatları əldə edərkən özünü necə qorumalı və informasiyaya tələbkar olan cəmiyyətin tələbini necə ödəməlidir?  Bax, bütün bu kimi suallara sözügedən təlimdə müəyyən qədər cavab tapa bildik. Hətta zirehli texnika və silah-sursatla tanışlıq, düşmənə yaxın bölgələrdə təlimlərin keçirilməsi, kalaşnikovla 150-200 metr məsafədən atəş almaq, bir həftə ərzində əsgər yeməyinə şərik olmaq, kəşfiyyat bölüyü ilə birlikdə çöl şəraitinə uyğunlaşmaq tamam başqa hiss idi. Bu ilk belə bir təlimdi və bundan sonra da davamlı olmasını zəruri bilirəm. Çünki müharibə zonasında ən azından əsgər qədər məsuliyyətli olmalı daha bir döyüşçü məhz jurnalistdir.

Sonda, bizə və bundan sonra da digər həmkarlarımıza ekstremal vəziyyətdən çıxma vərdişlərini öyrədəcək layihə rəhbəri, "Dinc Dünya" Araşdırma Mərkəzinin İdarə Heyətinin sədri Əlisəfa müəllimə təşəkkür edirəm.

12-18 aylıq hərbi xidmət müddətinin yalnız 1 həftəsini yaşamış (müəyyən qədər) biri kimi deyə bilərəm ki, dünyada ən şərəfli və ən məsuliyyətli iş əsgər olmaqdır. Allah onları qorusun! 

***

Təlimlərdən sonra praktiki bilgilərə əsaslanaraq deyə bilərəm ki, hərbi jurnalist olmaq istəyən hər bir media nümayəndəsi bunları mütləq bilməlidir:

1)Müharibə vaxtı (ekstremal şəraitdə) hərbi texnikadan kənarda dayanmalı;

2)Torpaqda tırtıl tank izi varsa, orda qalmamalı, (tankın yenidən geriyə qayıtma ehtimalı var, çünki ola bilsin tank həmin yeri görünməməsi üçün seçib)

3)Cəbhə xəttində olan jurnalistlər qarşı tərəfdə yerləşən adsız yüksəkliklərin şəklini çəkib sosial şəbəkədə və ya xəbər saytlarında paylaşması yol verilməzdir. Çünki düşmənə istəmədən məlumat ötürmüş olursunuz;

4)Təmas xəttində vəziyyətin gərginləşməsindən sonra hərbi hissəyə gətirilən texnikanın foto,videosu çəkilməməlidir. Çünki həmin texnikanın nömrəsini çəkməklə, qarşı tərəfə neçə tankın olduğu, hansı ərazidə hərbi hissə olması ilə bağlı məlumat vermiş olursunuz;

5)Cəbhə xəttində gedən hər bir media təmsilçisi "Press” jileti mütləq geyməlidir;

6)Hərbi jurnalistin ən azından hərbi biliyi olmalıdır;

7)Jurnalist-zabit münasibətlərinə xüsusi diqqət yetirməli, konflikt yaratmamalı, komandirlərin dediyi ərazidən kənara çıxmamalı;

8)Jurnalist bir mənalı şəkildə heç bir halda hərbi sirri qarşı tərəfə verməməli, ötürməməlidir;   

9)Hərbi hissənin yataqxana,yeməkxana ərazilərinin şəklini çəkməməli (Çünki, istəmədən siz düşmən tərəfə hərbi hissə barədə məlumat vermiş olursunuz)
 
Qeyd edək ki, "Ekstremal jurnalistlərin təcrübə poliqonu” təlimlərinin ikinci mərhələsi avqustun 7-də həyata keçiriləcək.

Orxan Aslanlı
Foto müəllif: Fərqanə Novruzova


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb