"Siyasi partiyalar haqqında qanun"un yeni redaktəsinə REAKSİYA

18:17 | 21.11.2022

"Siyasi partiyalar haqqında qanun"un yeni redaktəsinə REAKSİYA

Azərbaycanda siyasi partiyalar ölkənin tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı  tərəfindən təsis ediləcək. Bu "Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.
 
Qanun layihəsinin ilkin versiyasına görə,  siyasi partiya Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilərdi.
 
Bundan başqa yeni redaksiyaya əsasən dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10000 üzvü olması tələbi də 5000 üzvə kimi endirilib. 

Bəs görəsən bu dəyişikliklər siyasi partiya təmsilçilərini qane edirmi? Bu sualla bir qisim partiya rəhbərinə müraciət etdik. 
 
"Siyasi partiyalar haqqında qanun"un əvvəlki versiyası ilə indiki arasında mahiyyət etibarilə heç bir fərq yoxdur. Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi qanunun yeni redaktəsinə münasibət bildirərkən deyib.

"Bu qanun layihəsi bütövlükdə mürtəcedir.  Əvvəla, göstərilir ki, dövlət qeydiyyatından keçməmiş siyasi partiyalar fəaliyyət göstərə bilməz. Bu toplaşma azadlığına və birgə fəaliyyətə çox ciddi zərbədir. Dövlət qeydiyyatı olmadan fəaliyyət göstərə bilməmək o deməkdir ki, hakimiyyət vətəndaş cəmiyyətini siyasi fəaliyyət ətrafında birləşməkdən konkret məhrum edir. Çünki dövlət qeydiyyatı resursları hakimiyyətin əlindədir”,-  sədr müavini deyib.

Seymur Həzi bildirir ki, 4.9-cu maddədə, siyasi partiyaların bütün xalqın adından danışmaq və ya müraciət etmək hüququnun olmamasının qeyd olunması siyasi partiyalar məfhumuna tamamən ziddir.

"6 ay ərzində üzvlərinin sayı 5000-ə çatmayan siyasi partiyalar qeydə alınmır. Üzvlərinin sayı 4500-ə düşmüş partiyaların qeydiyyatı isə ləğv olunur. Bu da son dərəcə absurddur”, - sədr müavini deyib.

Seymur Həzi hesab edir ki, partiya üzvlərinin reyestri məsələsi, demək olar ki, siyasi partiyaların taleyini Daxili İşlər Nazirliyinə tapşırmağa hesablanıb.

"Müvafiq icra hakimiyyəti partiyanın fəaliyyətini yoxlayır. Partiyanın fəaliyyəti üzərində heç bir icra hakimiyyəti yoxlaması ola bilməz. Partiyalar ölkədə bərəbərhüquqlu, siyasi subyektdirlər və onlar yalnız məhkəmə qaydasında hansısa formada araşdırmaya tabe ola bilərlər”, - sədr müavini bildirib.

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev hesab edir ki, qanunun müzakirədən sonrakı versiyası qənatbəxşdir.
 
"Biz də zamanında partiyalar haqqında qanunun dəyişdirilməsini tələb edirdik. Müzakirə olunaraq dəyişdirildi və artıq 10 000 üzv tələbi 5000-ə, 200 təsisçi tələbi 50-yə endirilib. 20 il Azərbaycanda yaşama tələbi götürülüb. Bu səbəbdən, yeni redaktəni qənaətbəxş hesab edirəm”, - partiya sədri deyib.

Razi Nurullayev bildirib ki,  qanunun əvvəlki variantında da qənaətbəxş hesab etdiyi məqamlar olub.  

"İldə bir neçə dəfə nazirliyə və müvafiq icra qurumlarına hesabat verilməsini narahatedici məqam hesab edirdim ki, bu da yeni redaktədə aradan götürülüb. Qaldırdığımız məsələlər nəzərə alınıb. Bunu ictimai müzakirənin nəticəsi hesab edirəm”, - partiya sədri deyib.

Müsavat partiyasının başqanı Arif Hacılı bildirib ki, 1992-ci ildə qəbul olunan qanun siyasi partiyaların normal fəaliyyət göstərməsi üçün yetərli hüquqi baza yaradıb. Onun yenisi ilə əvəzedilməsi partiya rəhbərinin fikrincə, gərəksizdir. 

"İndi Azərbaycan hakimiyyətinin qanuna bu cür dəyişikliklər etməsi  partiyalar üzərində nəzarəti gücləndirmək, siyasi partiyaları icra hakimiyyətindən daha asılı vəziyyətə salmaq məqsədi daşıyır”, - Hacılı bildirib.

Arif Hacılı fikrincə,  məhz bu məqsədlə həm siyasi partiya üzvlərinin  sayı barədə və onlar haqqında məlumatların, partiyaya daxil olan, partiyadan çıxan adamların məlumatlarının hər 6 aydan bir icra hakimiyyətinə təqdim olunması tələb olunur.

"Eyni zamanda, partiyalara ianə verən şəxs və qurumlar barədə ətraflı məlumatın verilməsi də tələb olunur ki, bunlar siyasi partiyaların fəaliyyətinə mane olacaq hüquqi baza yaradır və hakimiyyətin siyasi partiyalar üzərində hakimiyyətini gücləndirir. Ümumiyyətlə, bu dəyişikliklərdə məqsəd partiyalar üzərində nəzarəti gücləndirməkdir”, - partiya sədri deyib.
 
Milli Məclisin payız sessiysına "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi təqdim olunub. Oktyabrın 24-də  və noyabrın 4-də onunla bağlı parlamentdə ictimai dinləmələr keçiriləcək. Yeni qanun layihəsində partiyaların qeydiyyatı, ləğvi və nəzarət mexanizminin müəyyən olunması müzakirə olunur.
 
Lida Abbaslı
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti