Siyavuş Aslan: Anası qızı vermədi, götürüb qaçmışam - MÜSAHİBƏ

20:23 | 07.11.2014
Siyavuş Aslan: Anası qızı vermədi, götürüb qaçmışam - MÜSAHİBƏ

Siyavuş Aslan: Anası qızı vermədi, götürüb qaçmışam - MÜSAHİBƏ

Siyavuş Aslan “İs(i)min halları” layihəsində
 
ADLIQ
Mən teatr aləmində həmişə xoşbəxt olmuşam. Həmişə istədiyim yerdə olmuşam, istədiyim yerə aparıblar, gətiriblər.
 
Mən həmişə demişəm ki, hamımızın tanıdığı gülüş ustası Lütfəli Abdullayevi özümə müəllim bilmişəm. Lakin o mənə heç zaman dərs keçməyib, yəni deməyib ki, get ora, sonra da fırlan bura gəl və sairə...
Mən düşüncəmi roluma verirəm və axırda da mənim düşüncəmə uyğun olan obraz alınır.
Mən, ümumiyyətlə, bu gün teatrların teatrsız gələcəyinə baxa bilmirəm.
Mən də deyirəm ki, biz də qadın rolunu oynamışıq, amma kiminsə arvadını-bacısını əcaib formalarda təqlid etməmişik.
Mən indi baxıram, görürəm ki, o günlər keçib gedib. Amma yenə o günləri yada salıram, yenə də qısqanmıram, deyirəm ki, axı burda nə vardı? Nəyə görə? Bunlar hamısı boş-boşuna imiş…
Mən hər gecə başımı yastığa qoyanda, Qarabağ torpaqlarının qaytarılmasını fikirləşirəm.
Mən bu yaşıma kimi çox sayda yaxşı rol oynamışam. Ancaq 72 yaşdan sonra hansı yaxşı roldan söhbət gedə bilər? Bu yaşdan sonra özümə ancaq can sağlığı arzulayıram.
Mən indi də görürəm ki, Türkiyəlilər qocaman sənət adamlarının sənətlərini də yüksək qiymətləndirir, onlara müəyyən rollar verirlər. Bizdə isə aktyoru xəstələndirib yorğan-döşəyə salırlar.
 
YİYƏLİK
Mənim həyatım elə tamaşadır da.
Xalqının gözündə o, aslandır, əjdahadır, pələngdir. Mənim öz gözümdə isə Səyavuş Aslan elə Səyavuş Aslandır.
Həyatımda bir qadını sevmişəm,o da mənim həyat yoldaşım Ofeliya olub. O vaxt Ofeliya ilə Dram Teatrında işləyirdik. Orada bir birimizi sevmişik, anası qızı verməyib, götürüb qaçmışam. 
Mənim onunla mütləq söz-söhbət olurdu, yola getmirdik. Hər hərəkəti, hər sözü-söhbəti məni tuturdu. Çünki əhvalım həddindən artıq xarab olurdu. Elə danışırdıq boş-boşuna. Kaş elə onda Allah bizi aparaydı, Ofeliyanı da, məni də...
Mənim fikrimcə, Nəsibə Zeynalova, Hacıbaba Bağırov və Səyavuş Aslan üçlüyü heç zaman olmayacaq. Bu üçlük heç kimin iştirakı ilə davam edə bilməz. O bir dəfə oldu, qurtardı, getdi.
Mənim həyatımı Həcc ziyarəti dəyişdirdi. Buna qədər həyatımda özümün də arzu eləmədiyim çox şeylər vardı. Amma o ziyarətdən sonra hamısını yığışdırıb bir tərəfə qoydum. Adam orada bir başqa cür olur. Ordan gələndə də gərək verdiyin sözə əməl edəsən.
Mənim özümdən sonra davamçım yalnız özüməm.
Deyirlər ki, insan öləndən sonra yenə təkrar dünyaya gəlir. Əgər nə vaxtsa mənim kimi bir aktyor görsələr, demək, o elə mənəm, gəlmişəm...
YÖNLÜK
Mənə heç kim məxsusi dərs keçməyib.
Mənə nə lazımdırsa, nəyi istəyirəmsə, istər yaxşı olsun, istər pis olsun, Allah onu verib.
Bir dəfə mənə dedilər ki, Afaq Bəşirqızı Qızbacını oynamaq istəyir, gəlin "Hicran"ı yenidən canlandıraq. Onda hələ Hacıbaba da sağ idi. Mən razılaşmadım, dedim ki, Afaqın o rolu oynamasına etirazım yoxdur, istəyirsə, gedib rayonların birində oynayaq. Elə də oldu, Naxçıvana qastrol səfərinə gedəndə o tamaşanı Afaqla oynadıq.
Ürəyimdə elə rollar olub ki, istəmişəm, mənə qismət olmayıb, amma yoldaşıma qismət olub, mən də baxıb ləzzət almışam.
Çalışdığım teatrda Elçinin "Arılar arasında" əsəri səhnələşdirildi, nümayiş də olundu. O əsərdə Elçin mənim üçün məxsusi bir rol yazmışdı. Lakin həmin rolu oynamaq mənə nəsib olmadı. Başqa sözlə desək, rejissor Bəhram Osmanov o rolu mənə vermədi. Daha doğrusu, rolu verdi, amma istədiyim kimi oynamağa şərait yaratmadı, mən də roldan imtina etdim. Bəlkə də, elə ona görə xəstələndim.
Ofeliyanın yoxluğu mənə onun nə qədər dəyərli, sevimli olduğunu düşünməyimə imkan verdi. Bu, çox qəribə bir hissdir, insan bunu zamanında dərk edə bilsə, bəlkə də heç səhv etməzdi.
 
TƏSİRLİK
Uzun müddət də Lütfəli Abdullayevin dublyoru olmuşam. Hətta bəzən tamaşaçılar məni elə Lütfəli kimi qəbul ediblər.
Heç vaxt mənim tələbəm olmayıb. Kimsə mənə baxıb nəsə öyrənibsə və buna görə məni özünün müəllimi hesab edirsə, bu, başqa məsələdir.
Atam rəhmətə getmişdi. Gəlib-gedənlərin də sayı-hesabı yox idi. Təbii ki, teatrdan da mötəbər adamlar gəlmişdilər. Onlardan biri – Şəmsi Bədəlbəyli məni kənara çəkib dedi ki, bəs Moskvadan gələn var, sizin oynadığınız tamaşaya baxmaq istəyir. Sənin də ki hüzrün düşüb, bəlkə, vaxtını dəyişək. Dedim, yox oynayacağam. Yəni mən o vəziyyətdə səhnəyə çıxmışam.
Bir müddət içimdə olan kədər məni boğurdu, güldürə bilmirdim. Odur ki, dramatik əsərlərdə oynamağa başladım. 
Xəstəxanada yanıma heç kim gəlmir, unudublar məni...
Yaxşı dostlarımın hamısı getdi o dünyaya. İndi onlar orada məni gözləyirlər.
YERLİK
Heyif olsun o günlərə ki, mənasız, sevgisiz keçib getdi – məndə də belə çox gün oldu.
Oynadığım obrazı çalışıb öz düşüncəmə uyğun dəyişirəm. Özümünkünü ona təlqin edirəm. Alınırsa, məndə yaxşıdır. Alınmırsa, deməli mənim düşüncəm zəifdir.
Kim bütün çətinliklərə dözürsə, sənətkar olur. Məndə də buna nail olmaq olub.
 
ÇIXIŞLIQ
Məndən soruşsanız deyərəm ki, həyatımız çox hədər başladı, hədər də getdi.
Bu vaxta qədər xəstəlik məndən əl çəkməyib. Yoldaşım da dəqiqəbaşı xəstələnirdi, dəqiqəbaşı pis olurdu. Biz bunu biruzə vermirdik.
Alim Qasımovun həyat yoldaşı mənim bibim nəvəsidir. Bibim bir gün məndən kürəkənini musiqi məktəblərindən birinə düzəltməyimi xahiş etdi. Mən də bu barədə A.Zeynallı adına Musiqi Məktəbinin direktoruna müraciət etdim. O zaman bu sənət ocağına rəhbərlik edən Vasif Adıgözəlov sonradan mənə dedi ki, bəs sən mənim yanıma dürr gətirmisən e, dürr...
TƏNHALIQ
Aktyorun köməçkçisi Sədaqət İsmayılova:
“İnanın, 5 aydan çoxdur ki, xalqın sevimli sənətkarı olan Siyavuş Aslanın evində çalışıram. Otaqları yığıram, yeməyini hazırlayıram, yorğan-döşəyini, paltarlarını yuyuram, iynələrini vururam, dava-dərmanlarını verirəm. Lakin bu müddət ərzində bircə dəfə də görmədim ki, hər hansı bir aktyor zəng vurub və ya gəlib Siyavuş müəllimin səhhəti ilə maraqlansın. Sənətkara qarşı bu qədər biganəlik olmaz axı. Xəstənin gözləri həmişə qapıda olur. Mən bilirəm ki, o bu saat diqqət istəyir. Siz qapını açıb içəri daxil olanda gördünüz ki, o necə sevindi. Bütün günü evdə qalır, darıxır. Heç kəs nə zəng vurub halını soruşur, nə də əllərində 1 kilo alma tutub qapısını açıb onu yoluxmağa gəlir. Heç nə lazım deyil, elə maraqlanmaqları Siyavuş müəllim üçün böyük şeydir.
Siz gəlməmişdən qabaq oğlu Çingiz Siyavuş müəllimə demişdi ki, yanına jurnalist gələcək, səninlə bağlı yazı hazırlayacaq. Tez ayağa qalxıb oğluna dedi ki, üzümü taraş elə. Mənə də dedi ki, saçımı dara. O xəstə anında da insanların gözünə xəstə kimi görünmək istəmir. İstəmir ki, kiminsə ona yazığı gəlsin. Çox vaxt isə xəstəliyini tamam unudur. Elə bilir, əvvəlki kimi, yenidən teatra üz tutacaq, inanın, teatr üçün çox darıxır. Əyləşib televizor qarşısında tamaşalara baxmaq istəyir”.
Siyavuş Aslan 1935-ci ildə Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə bir müddət Musiqili Komediya Teatrının estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib. Siyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrında çalışır. Televiziya tamaşalarında bir-birindən maraqlı obrazlar ifa edib. Siyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. Ölümündən 2 gün qabaq "Şöhrət" ordeni ilə təltif olunmuşdu.
Uzun sürən xəstəlikdən sonra 2013-cü ilin 27 iyununda dünyasını dəyişdi…
Kult.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb