Slavyan Universiteti Dillər Universiteti ilə birləşdirilir? - AÇIQLAMALAR

15:39 | 09.06.2016
Slavyan Universiteti Dillər Universiteti ilə birləşdirilir? - AÇIQLAMALAR

Slavyan Universiteti Dillər Universiteti ilə birləşdirilir? - AÇIQLAMALAR

Bakı Slavyan Universiteti ilə Azərbaycan Dillər Universitetinin birləşdirilməsi mövzusu yenidən aktuallaşıb. Bakı Slavyan Universiteti 2000-ci ildə mərhum prezident Heydər Əliyevin fərmanı ilə yaradılıb.

ANN.Az xəbər verir ki, hər iki universitet tələbələri bu haqda söz-söhbət eşitdiklərini etiraf ediblər. Məsələni araşdırmaq üçün BSU və ADU-nun mətbuat xidmətləri, eləcə də Təhsil Nazirliyi ilə əlaqə saxladıq.

"Hələlik bu haqda heç bir məlumat yoxdur" - BSU
 

Adil Əliyev - BSU mətbuat katibi

Bakı Slavyan Universitetinin mətbuat katibi Adil Əliyevin sözlərinə görə, bu haqda heç bir rəsmi məlumat yoxdur: "Universitetlərin birləşdirilməsi ali təhsil müəssisəmizin nə Elmi Şurasında, nə rektorluğun iclasında müzakirə predmeti olmayıb. Ona görə də heç bir rəsmi nəsə demək olmaz. Bu, sadəcə olaraq, söz-söhbətdir".
 

Bakı Slavyan Universiteti 

Universitet rəsmisi əlavə edib ki, bu iki universitet heç əvvəllər də bir yerdə olmayıb: "Bakı Slavyan Universiteti Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu bazasında yaradılmış dövlət təhsil müəssisəsidir".

"Bu, sərəncamla olan bir işdir" - ADU
 

Şəfaqət Kazımova - ADU mətbuat katibi

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Şəfaqət Kazımova da birləşdirmə təklifinin şayiə olduğunu deyib: "Bu haqda heç bir məlumatımız yoxdur. Bu sərəncamla olan bir işdir. Rəhbərlik tərəfindən də bizə bu haqda heç nə deməyiblər".
 

Cəsarət Valehov - Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri 

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov ANN.Az-a açıqlamasında universitetlərin birləşdirilməsi ilə bağlı hər hansı məlumata malik olmadığını bildirib: "Ümumiyyətlə, nazirlikdə bu haqda heç bir məlumat yoxdur".

"İki universiteti birləşdirilib böyük Azərbaycan Dillər Universiteti yaratmaq olar" – Əjdər Ağayev
 

Əjdər Ağayev - Təhsil eksperti

Təhsil eksperti Əjdər Ağayev ANN.Az-a açıqlamasında universitetlərin birləşdirilməsinin beynəlxalq təcrübədə də olduğunu deyib və əlavə edib ki, bunu tərəfdarıdır: "Avropada elə universitetlər var ki, onları birlədirib daha yüksək uğurlar və nəticələr əldə edirlər. Oradakı universitetlərin 15-20 kampusu, geniş kitabxanası, yataqxanası, laboratoriyası var. Bizdə də artıq bu yola başlanılır. Kolleclər birləşdirilir, Azərbaycan Müəllimlər İnstitutunun (Ağcabədi, Cəlilabad, Qazax, Quba, Şamaxı, Şəki və Zaqatala) filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması və s. Misal göstərmək olar".

Ə.Ağayev  Bakı Slavyan Universiteti ilə Azərbaycan Dillər Universiteti birləşdirilməsinin mümkün olduğunu qeyd edib: "Yəni bu iki universitetdə bir aspekt var, o da dildir. Yeni dillər də tədris olunmaqla iki universiteti birləşdirib, daha geniş və böyük Azərbaycan Dillər Universiteti yaratmaq olar. Hazırkı vaxta uyğun olaraq, bu addımın atılmasını daha məqsədə uyğun hesab edirəm".

İki ali təhsil müəssisəsinin birləşdirilməsinin ixtisarlara səbəb olacağını deyən ekspert bunun maliyyə baxımından daha xeyirli olacağını vurğulayıb: "Mərkəzləşdirmələr təşkil olunacaq, tələbələrin sayı  artacaq, ödənişli ixtisaslar daha çox maliyyə gətirəcək. Müxtəlif dillər üzrə layihələr təşkil ediləcək. Bu layihələrdən də qazanclar əldə ediləcək. Beynəlxalq əlaqəlar daha da artacaq. Bütün bunlar ona əsas verir ki, bu universitetlər birləşdiriləbilər".
 
Orxan Aslanlı



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM