Stefan Sveyq: Unudulmayacaq bir insan - E-kitab

22:51 | 29.08.2014
Stefan Sveyq: Unudulmayacaq bir insan - E-kitab

Stefan Sveyq: Unudulmayacaq bir insan - E-kitab

Mənə həyatdakı ən vacib iki şey barədə dərs verən bir insan var, hansı ki, heç vaxt unutmayacağam onu. Bu insan mənə bunları öyrədib: bütünlüklə şəxsi azadlığa arxalanaraq dünyaya hakim kəsilmiş ən böyük gücə - pulun gücünə əsir olmamaq və yaşadığın cəmiyyətdə bircə nəfər də olsun düşmən qazanmamaq...

Bu maraqlı insanı təsadüfən tanımışam. Bir gün günortadan sonra – o vaxtlar balaca bir kənddə yaşayırdım – balaca ov itimlə gəzintiyə çıxmışdım. İt birdən-birə qəribə hərəkətlər etməyə başladı: yerə uzanıb diyirlənir, ağaclara sürtünərək belini qaşıyır, elə hey inləyir və mırıldayırdı. Mat-məəttəl ona baxıb nə baş verdiyini anlamağa çalışdığım bir məqamda, təxminən, otuz yaşında o qədər də yaxşı olmayan geyimdə bir nəfər yanımdan keçdi. "Yəqin dilənçidir" – deyə fikirləşdim və əlimi cibimə salıb sədəqə vermək istədim. Lakin yad adam sakitcə üzümə baxdı və gülümsədi. Canlı və mavi gözlərində köhnə dostun baxışları var idi.

Əliylə itimi göstərib "Deyəsən, yazıq itin dərdi var" – dedi. "Gəl görüm yanıma, dərdinə bir çarə taparıq."

Elə bil iki yaxın dost idik. Rəftarında daxilən gələn bir dost sevgisi var idi. Dalınca getdim. Skamyada yan-yana oturduq. Qulaqbatırıcı bir fit çalıb iti yanına çağırdı. Bax, həmin an çox qəribə bir şey baş verdi. Mənim Kasparım, tanımadığı insanlara heç vaxt yaxınlaşmayan itim dərhal gəldi və başını sözəbaxan it tərzində yad adamın dizinə söykədi. Adam əlini itin tükləri arasına saldı, diqqətlə hər yerini yoxladı. Bir az keçəndən sonra məmnun halda "Aha! " dedi və barmaqları ilə bəlli bir yerə sərt toxunduğundan Kaspar bir neçə dəfə uladı, ancaq yenə də adamın yanından uzaqlaşmadı. Bir neçə dəqiqə sonra adam əllərini itimin tükləri arasından çıxartdı.

"Budur, tapdıq!" – deyə gülümsədi, əlində tutduğu şeyi bir az yuxarı qaldırdı. "Əziz it, qaçmağa davam edə bilərsən". Kaspar qaçaraq uzaqlaşarkən adam da oturduğu yerdən qalxdı, başıyla təzim edib "Xudahafiz" dedi və yoluna davam elədi. O qədər cəld gözdən itdi ki, nəinki köməyi üçün təşəkkür etmək, heç ona nəsə verməyə macal tapmadım. Qəfil peyda olmuş, qəfil də yoxa çıxmışdı.

- Adı Antondur, - deyə sözə başladı qadın – Belə şeylər heç vaxt diqqətindən qaçmır.

Peşəsinin nə olduğunu soruşdum: nə işlə məşğul olurdu? Həyatını necə yaşayırdı? Bilmək istəyirdim.

Qeyri-adi bir şey soruşmuşdum sanki, sərt reaksiya verdi:

- Peşə? Onun peşəsi filan yoxdur!

- Yaxşı, başa düşdüm, amma hər insan yaşamaq üçün bir işlə məşğul olmalıdır..

- Antonun yoxdur. – deyə davam etdi. – Lazım olan şeyləri insanlar ona sevərək verir. Pulun Anton üçün heç bir əhəmiyyəti yoxdur. Ona pul lazım olmur.

Həqiqətən də qəribə bir insan idi bu Anton. Dünyanın hər kiçik kəndində olduğu kimi mənim yaşadığım bu kənddə də bir dilim çörək alsaz, ya da bir qədəh pivə içsəz, pul ödəməlisiniz. Gecələdiyiniz yer havayı deyildi, alacağınız libaslar da.. Bəs yaxşı, diqqətdən kənarda olan, şalvarı çırıq bur adam bu qaydaları necə alt-üst edə bilir və həyatına necə dərdsiz davam edə bilirdi?

Həyatının sirlərinə göz gəzdirməyə, araşdırmağa başladım və qısa müddət ərzində aşbaz qadının haqlı olduğunu gördüm. Həqiqətən də bu Antonun düz-əməlli işi yox idi. Səhərdən axşama qədər sanki heç nəylə maraqlanmır tərzdə kənddə gəzişir, lakin ətrafında nələr baş verdiyinə tülkü kimi diqqət edirdi.Bəzən at arabasının biri saxlayır, atlarının möhkəm bağlanmadığını göstərirdi. Başqa vaxt hər hansı bağçanı, yaxud da ərazini əhatə edən hasarların çubuqlarının çürüdüyünü görüb sahibinə xəbər verir, hasarın təmir edilməsini deyirdi. Çox vaxt da bu iş özünə tapşırılırdı. Hamı bilirdi ki, Anton pul hərisi deyildi, sadəcə yardım etmək istədiyi üçün belə canayaxın davranırdı.

Araşdırmalarım davam etdikcə nə qədər çox insana kömək etdiyini öyrəndim. Bir dəfə çəkməçi dükanında çəkmə təmir edən yerdə gördüm, başqa bir gün bir məclisdə ofisiant işlədiyini gördüm,  bir dəfə də uşaqları gəzdirdiyini..Kiçik problemlərinə çıxış yolu tapmayan insanların Antondan yardım istədiyini anladım. Hətta bir dəfə bazarda satıcı qadınların yanında oturub alma satdığını gördüm. Piştaxtanın sahibəsi doğum yatağında idi və Antondan o gün malını satmağı xahiş etmişdi.

Şübhəsiz, bir çox kənddə əlindən bir neçə iş gələn buna oxşar çox insan var. Lakin Antonu onlardan fərqləndirən cəhət o idi ki, gördüyü iş nə qədər çətin olursa olsun, o gün ona lazım olacaq qədər pul alırdı, daha artığına göz dikmirdi. Hətta maddi vəziyyəti yaxşı olduğu vaxtlarda heç pul almırdı.

"Nəsə lazımım olsa, sizə deyərəm" – deyirdi.

Vaxt ötdükcə bunu da anladım: çalışqan, üstü-başı yırtıq-yamaqla dolu olan bu balacaboy adam özünə uyğun yeni bir iqtisadiyyat qolu yaratmışdı. Birgə yaşadığı insanların dürüstlüyünə inanırdı. Hər hansı bank hesabında pul yığmaqdansa, ətrafındakıların mənəvi öhdəliklərindən ibarət bir "haqq-hesab" yaratmışdı. Bu onun üçün xırda depozitlər idi və ona görünməyən kreditlər verirdi. Ən daşürək insanlar da özlərinə yardım əli uzadan və pul filan istəməyən bu adama etdiyinin əvəzində nəsə verməyə çalışırdılar.

İnsanların ona necə maraq göstərdiyini başa düşmək üçün küçədə Antonun ardınca getmək kifayət idi. Rastlaşdığı hər kəs onunla səmimi şəkildə salamlaşır, əlini sıxırdı. Açıq sözlü, öz halında, üstü-başı tökülən bu insan da ərazisini hamıya açıq elan etmiş, davranışları dostcasına olan, əliaçıq bir mülkədar kimi kəndin küçələrində gəzişirdi. Ona bütün qapılar açıq idi. Anton üçün hər şey sərbəst idi. Sabahını fikirləşməyən, alın yazısını allahın öhdəsinə buraxmış bir insanın belə bir gücə sahib ola biləcəyini indiyə qədər dərk etməmişdim.

Düzünü deyim, itimə kömək etdiyi o gündən sonra küçədə yanımdan keçərkən məni saymazyana başıyla salamlamağı bir az əsəbiləşdirmişdi. Sanki yad idim ona. Hərhalda, etdiyi köməklik üçün məndən, azca da olsa, minnətdarlıq gözləyir deyə düşünmüşdüm. Özümü onun bu ədəb-ərkanla laqeydliyi ilə böyük və mehriban bir cəmiyyətdən təcrid olunmuş hiss edirdim. Bir dəfə evdə təmir işi lazım oldu – tavandakı deşikdən su damırdı. Aşbaz qadına dedim ki, Antonu çağırsın.

- Onu tapıb gətirmək  o qədər də asan iş deyil, - dedi. – Heç vaxt bir yerdə uzun müddət qalmır. Ona bir nəfərlə xəbər yollayacağam. – Bu qəribə insanın qalacaq fərli-başlı bir yeri olmadığını belə öyrəndim. Amma onunla əlaqə saxlamaq o qədər də çətin olmadı: simsiz bir teleqraf xətti Antonu kəndin insanlarına bağlayırdı. Ən asan yolu isə rastlaşdığın ilk insana "Antonu görsəniz deyin ki, işim var onunla" demək idi. Beləcə, xəbər yayılır, sonda da bir nəfər Antonla rastlaşır və kimin onun axtardığını deyir.

Biz də bu cür etdik və həmin gün axşamçağı Anton gəldi. Ətrafa bir nəzər saldı, sonra bağçanı keçib evə sarı gələrkən sözarası hasarın bəzri yerlərinin budanmağını və bir az qabaqda yeni əkilmiş ağacların da yerinin dəyiştirilməyini tövsiyə etdi. Sonra da təmir olunası deşiyə nəzər yetirdi və dərhal işə başladı. İki saatdan sonra "hər şey qaydasındadır" – deyib, heç təşəkkür etməyə fürsət olmadan çıxıb getdi. Ancaq bu dəfə, Antona nə lazımdırsa, versin deyə aşbaz qadına təlimat vermişdim. Gedən kimi dərhal soruşdum ki, Anton razı qalmışdımı?

- Əlbəttə, - dedi aşbaz qadın – O, həmişə razıdır. Mən altı şilin1 vermək istədim, ancaq Anton sadəcə iki şilin aldı. Həmin məbləğin bu gün və sabah üçün kifayət edəcəyini dedi. Cənab həkimin köhnə paltosunun olub-olmadığını soruşdu.

1 Böyük Britaniyada 1971-ci ilə qədər dövriyyədə olan  pul vahidi. 1/20 pounda bərabərdir.

Həmin an içim sevinclə doldu. Bu insanın –  həyatımda rastlaşdığım yeganə insan idi ki, veriləndən daha azını istəyirdi – bir istəyini yerinə yetirmək şansım var idi. Cəld dalınca qaçdım.

- Anton! Anton! – deyə qışqırdım yamacdan aşağı – Əsl sənlik bir paltom var!

Yanına çatanda gözlərindəki o parıldayan, sakit baxışlarıyla mənə baxdı. Elə bil ardınca qaçmağıma təəccüblənməmişdi.  İstifadə etmədiyi paltosu olan bir kəsin onu ehtiyacı olan birinə verməyi Anton üçün çox adi bir şey idi.

Aşbaz qadın bütün köhnə-külə şeylərimi çıxarıb ortalığa tökdü. Anton topalanmış paltarlara gözucu baxdı, sonra əyilib bir paltonu çıxartdı. Əyninə geyib yoxladı və sakitcə "Bu, əsl mənlikdir. " – dedi.

Üzündə, bir mağazada qabağına gətirilən fərqli modellərdən birini seçən centilmenin ifadəsi var idi. Sonra başqa köhnələrimə da baxdı.

- Bu ayaqqabıları da Salser küçəsindəki Friçə hədiyyə edə bilərsən. Onun bir cüt ayaqqabıya ehtiyacı var. Bu köynəkləri də əsas küçədəki Cozefə ver, özü əl gəzdirər.. Əgər istəsən, ayaqqabıları və köynəkləri özüm apararam onlara..

Anton bunu qarşısındakına yaxşılıq edən bir kəsin səs tonuyla deyirdi. Artıq istifadə etmədiyim libasları tanımadığım kəslərə aparıb verəcəyi üçün həmin an ona təşəkkür etməyin vacib olduğunu hiss etdim. Anton, ayaqqabılarla köynəkləri paketə qoydu, sonra mənə tərəf dönüb "Bunları hədiyyə etdiyin üçün sən, həqiqətən yaxşı adamsan" – dedi və çıxıb getdi.

Heç o günəcən kitablarım haqda aldığım müsbət rəylər belə bu adamın söylədiyi sadə tərifləri qədər sevindirməmişdi. İllər keçdikcə Antonu tez-tez düşünürdüm. Çünki heç bir dostum mənə onun qədər həssas dəstək verməmişdi. Sonrakı illərdə pulla bağlı problemlər olanda həmişə o adamı xatırlamışam. Çünki Anton, sadəcə o gün üçün ehtiyacı olandan artığını istəməyən, həmişə dinc və güvən içində yaşayan bir kəs idi. Tez-tez düşünürdüm: dünyadakı insanlar bir-birilərinə güvənə bilsəydi, nə polisə, nə məhkəmələrə, nə də həbsxanalara ehtiyac olmazdı..Pul da lazımsız bir şey olardı. Onda bu qarma-qarışıq iqtisadi sistemin gətirdiyi problemlər aradan qalxmazdımı? Biz də həmişə hamının köməyinə qaçan, bunun müqabilində isə özünə lazım olandan artığını almayan bu Anton kimi yaşamazdıqmı?

İllərdir ondan xəbərim yoxdur. Lakin Anton üçün nigaran olmağa dəyməz. Allah bu adamı tək qoymaz..hələ insanları demirəm...

Tərcümə: Vurğun Maşıyev

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb