Sürücülər DİQQƏT: Bu yolun tikintisinə başlanıldı - FOTOLAR

14:26 | 22.09.2016
Sürücülər DİQQƏT: Bu yolun tikintisinə başlanıldı - FOTOLAR

Sürücülər DİQQƏT: Bu yolun tikintisinə başlanıldı - FOTOLAR

"Azəravtoyol” ASC tərəfindən Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisinə start verilib.

ANN.Az "Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, avtomobil yolu uzun müddət təmir olunmadığından hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Xüsusən də payız-qış aylarında bu yolla gediş-gəliş xeyli çətinləşirdi. Üstəlik piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə törədirdi. Bu problemlərin köklü şəkildə aradan qaldırılması istiqamətində işlər görülür.

Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun uzunluğu 6,3 km, eni isə 16 metr təşkil edir. Layihəyə uyğun olaraq yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə piyada səkilərinin tikintisi və yol boyu 10 min paqon-metrdən artıq yeni səki daşının düzülməsi nəzərdə tutulub.

Avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yol yatağının yararsız qruntu 1.8-2 metr dərinlikdə qazılaraq çıxarılıb, karbonat materialı tökülərək yenidən kipləşdirilib. Hazırda yol əsasının tikintisi və buna paralel olaraq asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə yolun 3 qat olmaqla 80 min m2 sahəsi asfaltlanacaq.

Hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yol göstərici xətlərinin çəkilişi, həmçinin 12 yeni avtobus dayanacağının quraşdırılması işləri aparılacaq.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla "Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd edək ki, Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 87 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, avtonəqliyyat vasitələrinin şəhərə daxil olmadan Quba, Şamaxı, Astara və Qazax istiqamətlərinə və əksinə çıxışı təmin olunacaq.
 









www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM