Suzanna Espozito: “Biz əməkdaşlıqda maraqlıyıq”

16:14 | 19.02.2015
Suzanna Espozito: “Biz əməkdaşlıqda maraqlıyıq”

Suzanna Espozito: “Biz əməkdaşlıqda maraqlıyıq”

ANN.Az oxuculara İnfeksion  Xəstəliklər və İmmunoloji Pozuntular üzrə Ümumdünya Mübarizə Birliyinin başçısı, Milandan olan professor Suzanna Espozito ilə müsahibəni təqdim edir

- Professor Espozito, bu sizin Bakıya ilk səfərinizdir?
 
- Bəli, bu mənim ilk səfərimdir. Əminəm ki, bu səfərim uğurlu olacaq və biz Azərbaycana daha bir neçə dəfə səfər edəcəyik.
 
- Azərbaycana səfərinizin məqsədi nədir?  

- Bizim Bakıya səfərimiz çox önəm daşıyır. Çünki biz (İnfeksion  Xəstəliklər və İmmunoloji Pozuntular üzrə Ümumdünya Mübarizə Birliyi  «World Association for Infectious Diseases and Immunological Disorders») olaraq Azərbaycandan olan tibbi mikrobloloqlar birliyi və immunoloqlarla müqavilə bağlamışıq. Biz Azərbaycan Tibb Universiteti və Gömrük Klinikasına baş çəkmişik. Bizim birliyin tərkibinə infeksion xəstəliklərini müalicə edən və bu xəstəliklərlə bağlı araşdırmalar aparan çoxlu  sayda mütəxəssis daxildir. Biz öz məsləkdaşlarımız ilə birgə gələcək əməkdaşlıq imkanlarını müzakirə etdik. Məqsəd bizim infeksion xəstəliklər və immunoloji problemlərlə mübarizə ilə bağlı səylərimizi artırmaq və qarşılıqlı əməkdaşlığımızı gücləndirməkdir. Məhz buna görə, bizim tərkibimizdə olan dünyaca məşhur mütəxəssislərin təcrübələrini azərbaycanlı məsləkdaşlarımız ilə bölüşərək onlara kömək olmağa çalışırıq. Hesab edirik ki, Azərbaycan bunun üçün bütün lazımi avadanlığa və proqramlara sahibdir. Amma həmişə nəyəsə ehtiyac duyulur. Buna görə də biz azərbaycanlı həkim və mütəxəssislərlə əməkdaşlıq edərək Azərbaycan tibbini daha keyfiyyətli səviyyəyə qaldırmaq istəyirik. Bu səbəbdən hesab edirəm ki, Azərbaycan səfərim yaxşı bir platforma rolunu oynayacaq. Bunun köməkliyi ilə azərbaycanlı məsləkdaşlarımız yeni bilgilər və  təcrübələr əldə edəcəklər.

   
- Siz, infeksion  xəstəlikləri və immunoloji pozuntuları ilə Ümumdünya Mübarizə Birliyinin yaradıcısı və prezidentisiniz. Bu birliyin əsas məqsədləri nələrdir?

- Bizim birlik dünyanın bir çox yerində  oxşar problemlərlə məşğul olan bir çox təşkilatlarla əməkdaşlıq edir. Məsələn, infeksion uşaq xəstəlikləri ilə bağlı Avropa Birliyi bunlardan biridir. Bizim birliyin tərkibinə bu sahədə məşhur olan bir çox həkim, mütəxəssis, alim daxildir ki, onlar öz aralarında əməkdaşlıq edir. Coğrafi areal kifayət qədər genişdir. Bura Amerika, Avropa, Afrika və digər yerlərdən mikrobiloqlar və immunoloqlar daxildir. Məsələ burasındadır ki, ilk andan düzgün diaqnoz qoymaq asan deyil. Xüsusən bu hal, həkimin əvvələr bu kimi infeksiya ilə rastlaşmadığı hallarda və bu infeksiyanın digər xəstəliklər ilə oxşar olduğu hallarda üzə çıxır. Bunun aradan qaldırılması üçün biz internet saytı yaratdıq. Həkim, mübahisəli hesab etdiyi hadisə ilə üzbəüz gələndə bu saytın köməkliyi ilə bu sahədə ixtisaslaşmış mütəxəssislərə müraciət edib lazımi konsultasiyanı ala bilir. Bir çox xəstəliklər sizin ölkə üçün xas olmaya bilər, amma İtaliyada onu necə müalicə etmək lazım olduğunu bilirlər. Bu kimi hallarda yaxşı olardı ki, öz xeyriniz üçün məsləhət alasınız. Bizim əməkdaşlıq özündə altı aylıq təlimləri nəzərdə tutur. Bu təlimlər vasitəsi ilə həkimlər, tibb bacıları öz peşə bacarıqlarını daha da inkişaf etdirə və sonda bununla bağlı sertifikat ala bilərlər. Biz bu kursun sonunda, həkimin ilk kursa gələrkən sahib olduğu səviyyə ilə kursu bitirərkən yüksəldiyi səviyyəni ölçürük. Qeyd edim ki, bu kursda yalnız təcrübəli həkimlər deyil, eləcə də işə yeni başlamış mütəxəssislər və tələbələr iştirak edə bilər. Onu da əlavə edim ki, bu təlimlərin keçirilməsi üçün ölkənizdə bütün lazımi avadanlıqlar və insan resursu var. Bundan başqa mən görürəm ki, Azərbaycan cəmiyyəti öz bilgisini artırmağa və təcrübələrini bölüşməyə çox maraqlıdır. Hətta bu gün belə bir çox azərbaycanlı müalicə üçün başqa ölkələrə səfər edir. Bizim qarşılıqlı əməkdaşlığımız nəticəsində, biz elə etmək istərdik ki, azərbaycanlılar xəstəlikləri ilə bağlı xaricə üz tutmasınlar və yerli mütəxəssislərə müraciət etsinlər.

- Sizin layihələrin reallaşmasına kim kömək edir?

- Məsələ burasındadır ki, mən bu layihənin reallaşması üçün adam axtarıram. Bizim səfərimiz çərçivəsində bir neçə görüş planlaşdırılmışdı və onlar baş tutdu. Məsələn, tibbi mikrobioloqlar və immunoloji birliklər ilə görüş və Azərbaycan Tibb Universitetinə və klinikasına səfərimiz bunlar arasındadır. Bundan başqa İtaliyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Səhiyyə Nazirliyinin əməkdaşları ilə görüşü də qeyd etmək olar. Biz ümid edirik ki, bütün bu görülən işlər sonda Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKON-un xoşməramlı səfiri Mehriban Əliyevanın diqqətini çəkəcək və o, bizim layihənin reallaşmasına öz dəstəyini verəcək.  Biz onunla şəxsən görüşə bilmədik, amma ümid edirik ki, o bizim haqqımızda lazımi məlumatları alacaq və bizim layihələrin reallaşmasına öz dəstəyini verəcək. Çünki sağlamlıq onun diqqət ayırdığı sahələrdən biridir.

- Professor Ekspozito, siz bu günlərdə ən çox yayılan və təhlükəli sayıla biləcək infeksion xəstəliklərin adını deyə bilərsinizmi?
 
 
- Bunlardan biri vərəmdir. İnfeksiyanın yayılma səbəblərindən biri zamanında ona qarşı peyvəndin edilməməsidir. Məsələn, əgər zamanında peyvənd olmasa, Ebola virusu çox asanlıqla digər yerlərə yayıla bilər, çünki insan orqanizmi bu yeni virus üçün immunitetə sahib deyil. Məhz buna görə, bu kimi xəstəliklərə xüsusi diqqət ayrılmalı və onlar öyrənilməlidir. Məsələn, bəzən "Sibir yazvası” yayılmağa başlayır. Onun üzərinə zamanında düşdükdə müalicə olunur. Əgər hər hansısa xəstəlik yayılırsa, həmin anda dərhal peyvəndlər edilməlidir ki, uşaqlar və böyüklər bu xəstəliyə düşməsin. Onu deyim ki, hər il dünyada yeni nəsə yaranır və yayılır. Buna görə həkimlər və mütəxəssislər bu yeni viruslarla baş edə bilmək üçün çoxlu enerji və güc sərf edirlər ki, yeni peyvəndlər hazırlaya bilsinlər. Ən önəmlisi, düzgün diaqnozun qoyulmasıdır. Diaqnozun düzgün qoyulması bizim hansı patalogiya ilə üzbə-üz olduğumuzu və onunla necə mübarizə aparmalı olduğumuzu müəyyən edir. İkincisi, ilkin tibbi yardımın edilməsidir (mikrobaqarşı və antibakterial müalicə). Bununla biz, virusu yerində məhv edərək onun yayılmasının qarşısını alırıq. Üçüncüsü, virusun yayılmasının qarşısının alınması üçün sanitar qaydalara əməl edilməsi və peyvənd edilməsi daxildir.

- Siz qeyd etdiniz ki, 21-ci əsrdə, Ebola ən təhlükəli və uşaqlar və böyüklər arasında tez yayılan viruslardan biridir, xüsusən Afrikada. Bu halda biz özümüzü necə qoruya bilərik?

     
- Qeyd etdiyiniz kimi bu xəstəlik müəyyən region üçün xarakterikdir. Bildirim ki, onun yayılmasının qarşısını almaq çox çətindir. Onu da deyim ki,  bu virusa yoluxmuş xəstələri müalicə edən həkimlərin özü də tez-tez ona yoluxur. Ona görə Afrikda bu virusla mübarizə aparan həkimlər oranı tərk etdikdən sonra bilmədən bu xəstəliyi özləri ilə gətirirlər. Adicə əl sıxması ilə bu virusu yayıla bilər. Bu xəstəlikdən müdafiə olunmaq kifayət qədər çətindir. Qeyd edim ki, dünyanın aparıcı mütəxəssisləri bu virusun qarşını almaq üçün peyvənd üzərində çalışırlar. Amma bu xəstəlyin təhlükəlilik dərəcəsi vərəmdən daha azdır, çünki vərəm hava yolu ilə də yayılır. Əgər zamanında tədbir görülməsə, bu xəstəlik çox sürətlə yayıla bilir.  

- Dünyada bir çox valideyinlər uşaqlarını peyvənd etməkdən imtina edirlər. Onlar hesab edir ki, peyvən onların uşaqlarının sağlamlığına ciddi xətər yetirir. Bu haqqda sizin düşüncələrinizi və tövsiyələrinizi bilmək istərdik.  
 
- Mən bu düşüncəni önyarğı hesab edirəm. İnfeksion xəstəliyə tutulma ehtimalı böyük olduqda və insanın xəstəliklə mübarizə aparması və ona yoluxmaması üçün immunitetini möhkəmləndirmək lazım olduqda peyvənd çox vacib rol oynayır. Praktika göstərir ki, infeksion xəstəliklərin geniş yayıldığı ölkələrdə yeni nəslin sağlam böyüməsi üçün peyvənd ciddi rol oynayıb. Yəqin siz mənimlə razılaşarsınız ki, xəstəliyin qarşısını almaq ona yoluxduqdan sonra mübarizə aparmaqdan daha asandır. Bundan başqa, nəzərə alın ki, xəstəliyə yoluxduqdan sonra onun fəsadları daha ciddi olur. Mən hesab edirəm ki, valideyinlər peyvəndin xeyri barədə məlumatlandırılmalıdırlar. Peyvənd insanlığa zərər vurmaq üçün deyil, onu qorumaq üçün yaradılıb və yaradılacaq. Buna görə də, biz peyvəndə olan baxışımızı dəyişdirməli və ona başqa yöndən baxmağı bacarmalıyıq.
 
- Biz immunitetimizi necə möhkəmləndirə bilərik?

- İnsanların öz immun sistemini möhkəmləndirməsi üçün bir neçə yol var. Birinci, mən peyvəndi deyərdim. Çünki peyvənd immuniteti ən tez möhkəmləndirən və xəstəliyə yoluxmanın qarşısını alan ən asan yoldur. İndiki dövrdə çox yaxşı və keyfiyyətli peyvəndlər var ki, onlar sizi bir çox ölümcül xəstəliklərdən qoruya bilər. Biz mütləq onlardan istifadə etməliyik. İkinci yol, immunstimulyatorlardır. Onlar vasitəsi ilə orqanizmin ümumi dayanıqlığı artır. İnterferonların biosintezini stimullaşdıran dərmanlar immun müalicəsində yenilik sayılır və gələcək vəd edir. Virusun aktivləşdiyi dönəmdə, oqranizmin təhlükəsizliyi üçün bu dərmanlardan altı ay ərzində istifadə edilir.  

Üçüncü yol,  vitamin qəbuludur. Qeyd edək ki, vitaminləri qısa kurslarla qəbul etmək lazımdır, çünki onun həddən artıq qəbulu hipervitaminoz yarada bilər. Vitamin qəbulu orqanizmin xəstəliklərlə qarşı güclənməsinə kömək edir. Onu qeyd edim ki, elə xəstəliklər var ki, virusu məhv etmək üçün çoxlu antibiotik qəbul etmək lazım olur. Virus məhv edildikdən sonra insanın immun sistemi zəifləyir və yeni viruslara qarşı dözümsüz olur. Bu kimi hallarda xəstənin özünün və onun ailəsinin peyvənd edilməsi vacibdir.
 
Söhbət etdi: Rüstəm Qasımov
Video operator: Fəridə Əliyeva
ANN.az

 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb