Tofiq Quliyevin yazdığı "primitiv" mahnı necə şedevr oldu? - VİDEO

14:13 | 07.11.2014
Tofiq Quliyevin yazdığı "primitiv" mahnı necə şedevr oldu? - VİDEO

Tofiq Quliyevin yazdığı "primitiv" mahnı necə şedevr oldu? - VİDEO

Respublikamızın xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin Birinci Katibi, professor Vasif Adıgözəlov uzun illər Tofiq müəllimlə çiyin-çiyinə çalışmış, bəstəkara həmkar və yaxın dost olmuşdur.

Aşağıda oxuculara Azərbaycan Bəstəkarlar Ittifaqının baş məsləhətçisi Leyla Fərəcovanın Vasif müəllimlə söhbətini təqdim edirik.

Vasif müəllim, Azərbaycan mədəniyyətində Tofiq Quliyev şəxsiyyətinin yerini necə görürsünüz?

 V.A. - Azərbaycan mədəniyyətinin elə nümayəndələri var ki, onlar, sözün tam mə’nasında, mədəniyyətimizin ağsaqqalları sayıla bilərlər. Ağsaqqalları deyəndə mən yaş barəsində düşünmürəm, yaşı nəzərə almıram – sənətinə, səviyyəsinə, cəmiyyətimizdə tutduğu mövqeyinə görə ağsaqqallıq, mənə belə gəlir ki, mədəniyyətdə daha qiymətli, daha sevimli olur. Tofiq Quliyev məhz belə ağsaqqallardandır. O, sənətkarlığın ən yüksək səviyyəsində duran, xalqın ən sevimli bəstəkarı olmağıyla bərabər, bir insan kimi də xalq tərəfindən sevilir, qəbul olunurdu. Hər bir insanla münasibətdə, təmasda onun üstünlüyü həmişə hiss olunurdu, çünki o, çox yüksək biliyə malik, müasir düşüncəli bir şəxsiyyət idi. Bu baxımdan Tofiq Quliyev əlbəttə digər sənətkarlarımızdan seçilirdi.

Mən mədəniyyətimizdə Tofiq Quliyev kimi çox az adam tanıyıram ki, hərtərəfli inkişaf etmiş olsun. Misal üçün, Tofiq Quliyev bəstəkarların içində ən gözəl pianoçu idi. Yaşının çox olmasına və uzun zaman məşq etməməyinə baxmayaraq Tofiq Quliyev piano arxasında əyləşəndə daim məşq edən ifaçını xatırladırdı. Yə’ni təbiətən onun barmaqlarında texnika inkişaf etmişdi, barmaqlarında olan «şirinlik» musiqisinə də sirayət etmişdi. Ona görə də Tofiq Quliyevin elə bir mahnısı yoxdur ki,o mahnı xalqın ürəyincə olmasın, o melodiya xalq tərəfindən sevilməsin.

Mən həmişə bir hadisəni misal gətirirəm: ssenariyə görə T.Quliyev «Bəxtiyar» filminin bir hissəsində çox primitiv, şablon bir mahnı yazmalı idi. Lakin, hətta qəsdən «primitiv» yazılmış mahnı yenə də çox gözəl alınmışdı. O mahnı sonradan ən sevimli mahnıya çevrildi və xalq tərəfindən indi də sevilə-sevilə oxunur (söhbət R.Behbudovun ifasında Ə.Əlibəylinin söz. «Sevgilim» mahnısından gedir. – L.F.). Deməli, Tofiq Quliyevdə aşağı səviyyəli musiqi yox idi. Ola da bilməzdi. Çünki onun təbii iste’dadı və eyni zamanda da böyük mədəniyyəti buna yol verməzdi. O, həm pianoçu, həm dirijor, həm də çox yüksək səviyyəli, böyük iste’dada malik, öz janrında dahi bir bəstəkar idi.

Mən bir dəfə Tofiq müəllimə sual verdim ki, Siz niyə dirijorluq etmirsiniz? Dedi ki, mən dirijorluq edərdim, özü də yaxşı məktəb keçmişəm, amma Niyazinin qarşısında dirijorluq etmək günahdır (!).

O qədər Niyazini sevirdi, o qədər Niyaziyə bağlı idi. Qara Qarayevə, Fikrət Əmirova da çox bağlı idi…

Tofiq elə insan idi ki, insana münasibətindən asılı olmayaraq, iste’dadlı adamlara həmişə baş əyib, onları sevirdi, yüksək tuturdu. Ona görə də Niyazi, Qara Qarayev, Fikrət Əmirov kimi böyük sənətkarlar Tofiqin yaxın dostları idi.

Tofiq müəllim Azərbaycan musiqi tarixində özünə çox böyük, dərin iz qoymuş bəstəkardır. Özü də bu yaradıcılıq, zənnimcə, əsl «şəhər» yaradıcılığıdır. Çünki Tofiq Quliyevin əsərləri çalınanda gözlərim önündə, birinci növbədə, Bakı canlanır. Yə’ni o, həyatı ilə, ürəyinin bütün damarları ilə, Bakıya bağlı idi. Bakı haqqında neçə mahnı yazıbsa - hamısı şedevrlərdir. Tofiqin lirikası, Tofiqin mətn seçməyi – bunlar hamısı Tofiq dühasının ən dəyərli bəhrələridir.

Zaman bizi ondan getdikcə ayırır… Lakin, bəstəkarın gücü də ondadır ki, indi də Bakı radiosunda, Dövlət televiziyasında və bütün özəl kanallarda, toy məclislərində, şənliklərdə yenə də Tofiqin musiqisi səslənir. Bü gün də elə bir məclis, elə bir yığıncaq olmur ki, Tofiq musiqisi səslənməsin. Sənətkar üçün bundan böyük xoşbəxtlik, əlbəttə ki, ola bilməz. Ona görə mən həmişə, hətta Tofiq Quliyevin dəfn mərasimində də demişəm ki, Tofiq xoşbəxt bəstəkardır.

90-cı illərdə Siz Azərbaycan Bəstəkarlar Ittifaqında Tofiq müəllimlə birgə çalışmısınız. Ilk növbədə hansı xatirələr yadınıza düşür?

V.A. - Mən Tofiq Quliyevlə gənc yaşlarımdan dostluq etmişəm, lakin 90-cı ildən biz bir yerdə Bəstəkarlar Ittifaqında işləmişik. Və deməliyəm ki, bu illərdə mən onu daha yaxından tanıdım, Tofiq Quliyev şəxsiyyətinin yeni cizgiləri ilə rastlaşdım.

Mənim yadımda deyil ki, Tofiq Quliyev kiməsə etiraz etsin, kiminsə bir xahişini yerinə yetirməsin, kiminsə qarşısına düşüb onun işi üçün bir adama müraciət etməsin. Demək olar ki, belə şeylər Tofiq Quliyev üçün yox idi. Azərbaycanca da, rusca da çox gözəl danışardı, hər bir insanla dil tapardı. Onun qəlbində müştəbehlik, paxıllıq, qısqanclıq hissləri yox idi. Həmişə deyəndə ki, Tofiq müəllim, filankəsə filan adı verdin, deyirdi: «Halal xoşu olsun, qoy alsın». «Ay Tofiq müəllim! Bəlkə o, buna heç layiq deyil?!» - deyirdik, cavab verirdi: «Eybi yoxdur, qoy alsın». Yəni bu insan ancaq xeyirxah əməllərlə yaşayırdı. Eyni zamanda da, Tofiq Quliyev çox böyük ağıla, dərin zəkaya malik, hər addımını, hər sözünü ölçüb-biçən bir insan idi.

Mən Tofiq Quliyevlə uzun illər bir yerdə işlədim və deməliyəm ki, onun keçdiyi yol, onun iş prosesi mənim üçün böyük bir məktəb olmuşdur.

Sizcə, Tofiq müəllimin yaradıcılığının onun müasirləri, bizim üçün və gələcək nəsillər üçün əhəmiyyəti nədədir?

V.A. – Burada mən xüsusi olaraq bir məsələyə toxunmaq istərdim. Tofiq Quliyevin populyar olmasında, onun dünya miqyasında bəstəkarlıq səviyyəsinə çıxmasında, əlbəttə, birinci növbədə Tofiq müəllimin ifaçılarının böyük rolu olub. Siz baxın: Tofiq Quliyevin əsərlərini Bülbül, Rəşid Behbudov, Şövkət xanım Ələkbərova, Fidan və Xuraman Qasımova bacıları, Mirzə Babayev, Zeynəb Xanlarova və onlardan sonra gələn gənc ifaçıların hamısı böyük məmnuniyyətlə ifa edirlər.

Adını çəkdiyim sənətkarlar, əlbəttə, Tofiq Quliyevin məşhurlaşmasında çox böyük rol oynadılar. Lakin, o sənətkarlar niyə məhz Tofiq Quliyevin mahnılarını oxuyurdular? Çünki, Tofiq Quliyev əsərləri, Tofiq Quliyev yaradıcılığı onlara yaxın idi; onun səviyyəsi, bu böyük, dahi sənətkarların səviyyəsi ilə düzgün, üst-üstə düşürdü. Bu baxımdan Tofiq Quliyev həm də böyük bir ifaçılar nəsli yetişdirmiş pedaqoq kimi də sayıla bilər.

Onu da demək istərdim ki, T.Quliyev yaradıcılığından böyük bir nəsil bəhrələnib, ondan tərbiyə alıb. T.Quliyev yaradıcılığı onlarda təbiəti sevməyi, həyatı sevməyi, gözəlliyin qədir-qiymətini bilməyi, musiqinin səviyyəsini düzgün təyin etməyi, Vətənə bağlılığı, Azərbaycanın bütün güşələrini sevməyi - bütün bu hissləri oyadıb. Bu özü də bəstəkarın bir vətəndaş kimi ən yüksək səviyyəli cəhətlərindən biridir. Bu baxımdan, Tofiq Quliyev həqiqətən əvəzolunmaz böyük sənətkardır.

Mən həmişə deyirəm ki, əgər Azərbaycan bəstəkarlarının yaradıcılığını böyük bir çiçək çələnginə bənzətmiş olsaq, onların içərisində T.Quliyevin yaradıcılığı ən ətirli, ən gözəl çiçəklərdən biridir. Ona görə də, Tofiq Quliyev həmişə var, Tofiq Quliyev yaddan çıxmayacaq. Zənnimcə, nə qədər ki, Azərbaycan xalqı var, Tofiq Quliyevin əsərlərini, onun mahnılarını həmişə sevə-sevə dinləyəcək, oxuyacaqlar.

(Müsahibə 2002- ci ildə Leyla Fərəcova tərəfindən götürülüb).

*****

Tofiq Ələkbər oğlu Quliyev 7 noyabr 1917-ci ildə musiqisevər bir ailədə dünyaya göz açıb. Musiqi qabiliyyətinin tez üzə çıxmasına baxmayaraq, sistemli musiqi təliminə gec, 12 yaşında başlayır.

Onun inkişafına o  zamanlar musiqi nəzəriyyəsindən dərs deyən Asəf Zeynallının böyük təsiri olmuşdur. Tofiq Quliyevin ilk əsərləri sırasına 1931-ci ildə Mirzə Ələkbər Sabirin mətninə yazdığı “Dərsə gedən bir uşaq” mahnısı daxil idi. O, Bakı Konservatoriyasına 2 fakultə üzrə daxil olur: Fortepiano və dirijorluq.

Müəllimləri Aysberq və Ştrasser  idi.  Onun Kanservatoriya illəri çox səmərəli idi. Çox  keçmədən  o Rudolfdan bəstəkarlığın sirrlərini öyrənməyə başlayır.

1930-cu illərdə bir çox  gənc, istedadlı bəstəkarlar kimi Tofiq Quliyev də folklor musiqisinin nümunələrini toplamaq və nota almaq işində böyük səy göstərdi.  “15 xalq rəqs” işləmələri, Azərbaycan mahnılarından ibarət 2 cild toplamalarda o, Bülbül ilə çiyin-çiyinə işləmişdir.

 

O dövrdə istedadlı gəncləri Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Pyotr İliç Çaykovski adına Moskva Konservatoriyasına təhsil  almağa göndərirdilər. Tofiq Quiliyev təhsil  alanlar siyahısında idi. Eyni zamanda  30-cu illərin sonu, 40-cı illərin əvvələridə geniş şöhrət qazanan estrada musiqisinə də həvəs göstərirdi. 

 

O, Aleksandr Sfasmanın rəhbərlik etdiyi estrada orkestrində pianoçu idi. Bakıya qayıtdıqdan sonra Tofiq Quliyev təzəcə yaratdığı orkestrin fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Böyük Vətən Müharibəsi başlandı və bəstəkar könüllü surətdə 402-ci diviziyada vətənə xidmət etməyə getdi. Müharibədən sonrakı illərdə bəstəkarın yaratdığı estrada orkesri tez bir zamanda bərpa olundu. Onun mahnıları ildırım surətdə şöhrət qazandı. Nəinki respublikada, o zaman mərkəz olan Moskva və Moskva ətrafında  gözəl müğənnimiz  Rəşid Behbudovun sayəsində  Tofiq Quliyevin adı məşhurlaşdı.

 

1954-cü ildə konservatoriyanın aspiranturasını dirijorluq sinfi üzrə uğurla bitirir. Həmin illər T.Quliyev dirijor kimi çıxış edir. Bir sıra simfonik və kamera-instrumental əsərlər yaratsada, onun parlaq uğurları teatr və kinematoqrafa aiddir. Lakin, Tofiq Quliyevin yaradıcılığında ən aparıcı janr – mahnıdır.

 

Tofiq Quliyevin mahnılarını Rəşid Behbudovla yanaşı, Rauf Atakişiyev, Lütviyar İmanov, Şövkət Ələkbərova da məharətlə ifa edirdilər. O zamanlar böyük məşhurluq qazanmış “QAYA” vokal instrumental ansamblı Tofiq Quliyevin mahnılarını zirvələrə ucaltdı. Tofiq Quliyevin mahnıların təravəti bəstəkərların xalq musiqisini dərin hiss etməyindən doğur.

Tofiq Quliyev musiqisindəki, üsbubundakı bənzərlik bəstəkarın yaratdığı çoxsaylı melodik inkişaf xəttindən doğur. Həm də, Tofiq Quliyevin bir sənətkar kimi səciyyəvi cəhəti ondan ibarətdir ki, o insan səsini, vokalçının səs imkanlarını gözəl duyan, bu imkanlara gözəl bələd olan bəstəkarlardandır.

 

O, vokal cəhətdən düşünə bilir, bir-birindən zəngin ifadəli və obrazlı kantilena melodiyaları yaradır. Forma cəhətdən  tamamlıq, lakonizm və bitkinlik onun  mahnılarının əsrarəngizliyini daha da artırır. Bütün bu cəhətlər Tofiq Quliyevin orijinal  musiqi uslubunu  təşkil edən xüsusiyyətlətdir.

 

 

Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyovun ənənələrini davam etdirərək Tofiq Quliyevin musiqi dilindəki, diatonik major-minor Azərbaycan xalq lad sistemi ilə üzvi birləşir. Özünü göstərən ifadəli, həm də  gözlənilməz parlaq modulyasiyasiyalar, yönəlmələr,  lad dəyişkənliyi  Tofiq Quliyevin harminik dilinə xüsusi boya verir. 200-dən artıq  mahnı yazan Tofiq Quliyev mahnı melodik üslubun təbiətini gözəl duyur.

Kantilena və poetik obraz onun mahnılarında hər zaman vacib cəhət olmuşdur. Gözəl mahnı ustası Tofiq Quliyev Azərbaycan musiqi mədəniyyətinə bənzərsiz töhvələr vermişdir. Onun mahnı sahəsindəki yaradıcılıq nəaliyyətləri sonrakı nəsl bəstəkarlarının yaradıcılığında  bir ənənə şəklində davam və inkişaf etmişdir.

1954-cü ildə T.Quliyev pedaqoji fəaliyyətə də başlayır – Azərbaycan Dövlət konservatoriyasında opera və orkestr sinifləri aparır.

1958-ci ildə o, Azərbaycan Dövlət filarmoniyasının bədii rəhbəri, 1961-ci ildə isə direktoru vəzifəsinə dəvət olunur.

Yaradıcılığıyla yanaşı T.Quliyev həmçinin geniş ictimai fəaliyyəti ilə də seçilir. O, bir çox xarici ölkələrlə mədəni əlaqələrin yaradılmasında fəal iştirak edir. Bəstəkarın xıdmətləri dəfələrlə ən yüksək dövlət mükafatları ilə qeyd olunmuşdur.

1969-cu ildən 1979-cu ilə gədər T.Quliyev birinci katib vəzifəsində Azərbaycan bəstəkarlar ittifaqına rəhbərlik edirdi. 1990-cı ildən isə o, ömrünün son günü – 2000-ci il oktyabrın 4-nə kimi Azərbaycan bəstəkarlar ittifaqının İdarə heyətinin sədri vəzifəsində çalışırdı.

 

Tofiq Quliyev 2000-ci ildə uzun sürən xəstəlikdən vəfat etmişdir.

ATVxəbər.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb