Tramp Qarabağ problemini həll edəcək? - AÇIQLAMALAR

16:37 | 23.01.2017
Tramp Qarabağ problemini həll edəcək? - AÇIQLAMALAR

Tramp Qarabağ problemini həll edəcək? - AÇIQLAMALAR

"The Washington Times” qəzeti "Donald Tramp Qarabağ məsələsini həll edib Nobel mükafatını qazana bilər” adlı məqalə dərc edib. Məqalənin müəllifi Corctaun Universitetinin professoru olmuş Söhrab Rob Sübhani yazıda Qarabağ münaqişəsinin həlli yollarını da göstərib.

ABŞ-ın 45-ci prezidenti seçilən Donald Tramp Qarabağ problemini həll edəcəkmi?

"The Washington Times” qəzetində dərc olunan məqaləni ANN.Az-a şərh edən Millət vəkili Rasim Musabəyov Trampın çıxışlarında Qarabağ konflikti ilə bağlı heç bir təşəbbüs olmadığını bildirib:

 
"Qəzetin yazdıqları kifayət qədər reallıqlardan uzaq məsələdir. O ki qaldı, kimsə bu məsələyə səy göstərərək problemi həll edib, sonda da Nobel mükafatı alsın. Hələlik, ortada heç nə olmadığına görə, bu haqda düşünməyə belə dəyməz. Azərbaycan çalışmalıdır ki, ABŞ-la əlaqələrdəki fəallığı daha da artırsın. Ancaq son vaxtlar təəssüflər olsun ki, biz bu prosesin tam əksini müşahidə edirik”. 

"Donald Trampın xarici siyasətlə bağlı səsləndirdiyi bəyanatlarda hiss olunur ki,  ABŞ bilavasitə onun maraqlarına toxunduğu halda hansısa münaqişəyə müdaxilə etmək niyyətindədir. Bu aspektdən çıxış edərək, heç bir halda görünmür ki, ABŞ Qarabağ münaqişəsinin həllində bir fəallıq nümayiş etdirməyə hazırlaşır”, - deyə deputat əlavə edib.  

Məsələyə münasibət bildirən Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov ANN.Az-a açıqlamasında ABŞ-ın yeni prezidenti Donald Trampın "Qarabağ” məsələsi ilə tezliklə məşğul olmayacağını bildirib: 

 
"Ancaq Tramp bu məsələdə çox güman ki, özünü kənarda qoymayacaq. Çünki Qarabağ münaqişəsi 25 ildən çoxdur, beynəlxalq aləmdə öz təsdiqini tapıb. ABŞ kimi nüfuzlu ölkənin prezidenti əlbəttə ki, bu məsələdən kənarda qala bilməz. Güman edirəm, praqmatik olaraq, Tramp uydurma məsələlərlə deyil, konkret münaqişələrlə məşğul olacaq. Bu aspektdən çıxış edərək deyə bilərəm ki, Tramp Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini müdafiə edəcək”.

"Trampın Qarabağ problemini nüfuz naminə həll etməsi proqnozu da ağlabatandır. Bu problem bilavasitə Amerikanın marağına toxunan məsələ deyil, ancaq onlar da dolayı yolla prosesi izləyirlər. Çünki Qarabağ probleminin həlli ilə Avropa məşğuldur. Avropa ölkələri də birmənalı şəkildə ABŞ-la, eləcə də Trampla əlbirdirlər. Ona görə də, xəbərdar olduğunu deyə bilərik. Bununla yanaşı, ABŞ özünü dünyaya demokratik ölkə olduğunu sübut etmək üçün yəqin Qarabağ problemilə daha yaxından məşğul olacaq”, - deyə A.Mütəllibov əlavə edib.

Eks-prezidentin sözlərinə görə, ABŞ Qarabağ probleminin həllində iştirak etsə, bu, Rusiya və Amerika münasibətlərinə də ciddi təsir göstərəcək: 
"Düzdür, bu fikir də var ki, Amerika bu probleminin həllində rol oynararsa, Azərbaycan hər iki ölkənin münasibətlərinə təsir göstərə bilər. Yəni bu iki böyük siyasi mərkəz arasında müəyyən qarşıdurma var. Sabiq prezident Obamanın dövründə Rusiya ilə münasibətlər az da olsa, gərgin idi. Ancaq Trampın prezidentliyi dövründə Rusiya ilə əlaqələrin sərt olmayacağı göz qarşısındadır. Hətta mətbuatda Putinin Trampla görüşə hazır olması ilə bağlı yazılar da var. Münasibətlərin gərgin olması nə Rusiyanın, nə də Amerikanın marağında deyil. Bu səbəbləri və Trampın tezliklə Qarabağ problemi ilə məşğul olmayacağını nəzərə alsaq, bu barədə dəqiq nəsə deyə bilmərik”.   

Corctaun Universitetində mühazirə demiş, tarixçi alim Altay Göyüşov ANN.Az-a açıqlamasında Amerika tarixində münaqişə həll edib "Nobel” mükafatı alan şəxsin olduğunu vurğulayıb:
 
 
"Prezident T.Ruzvelt vaxtilə Rusiya-Yaponiya müharibəsinin həll etdikdən sonra ona "Nobel” mükafatı verilib. Digər məsələ isə ondan ibarətdir ki, doğurdan da, Dağlıq Qarabağ münaqişəsinin həllinə sülh yolu ilə nail olunarsa, birmənalı şəkildə Nobel mükafatı veriləcək. Çünki doğurdan da, Qarabağ çox ağır münaqişədir. Əlbəttə ki, Donald Tramp bu məsələ ilə yaxından maraqlanarsa, münaqişə həll oluna bilər”.

"Keçən ilin yay aylarında Rusiya prezidenti V.Putin Bakıya gələndə belə bir söz demişdi ki, bizim heç kimə hazır resept vermək fikrimiz yoxdur və münaqişə tərəfləri öz aralarında razılığa gəlməlidirlər. Bundan sonra biz onlara hər hansı köməklik göstərə bilərik. Bu açıqlamadan bir müddət sonra ABŞ-ın sabiq dövlət katibi Con Kerri çıxışların birində demişdi ki, hazırda Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkün deyil. Tərəflər buna hələ hazır deyillər. 

Bu çıxışlardan sonra reallıq ondan ibarətdir ki, münaqişənin həlli prosesi asanlıqla həll olunan deyil. Ancaq Tramp fərqli prezidentdir. Onun gəlişi ilə ABŞ-ın daxili və xarici siyasətində dəyişikliklər olağı gözləniləndir. Biz bilirik ki, bu prosesin həllindəki əsas güc Rusiyadır. Yəni bu məsələdə əsas mərhələ ondan ibarətdir ki, Rusiyanı razı salan olsun. Bu problemin başqa yolu yoxdur. Tramp ABŞ-ın digər prezidentlərindən fərqli olaraq, Rusiya ilə münasibətləri yaxşı səviyyədə saxlamaq istəyir. Tramp və onun müavinlərinə məsələ ilə bağlı təkliflər irəli sürüb hansısa irəliləyişlər əldə etmək olar. Ancaq bu, böyük bir siyasətdir və siyasətdə də hər şey ola bilər. Bundan başqa, hər şey Tramp üçün yeni başlayır. Hələ heç bir iş görülməyib. Buna görə də, indidən bir söz demək çox çətindir”, - deyə A.Göyüşov əlavə edib.

Altay Göyüşovun sözlərinə görə, Rusiya Qarabağ probleminin həll edilməməsinin tərəfdarıdır:

"Çünki münaqişənin dondurulmuş saxlanılması Rusiyanın əlində hər iki dövlətə təzyiq üçün bir vasitədir. Məsələ burasındadır ki, ABŞ bu problemə girişə bilər. Amma Rusiyanın indiki vəziyyətini nəzərə almadan münaqişəyə qarışmaq dövlətlər arasında çox ciddi gərginliyə gətirib çıxara bilər.
Münaqişənin həllində ən optimal yol Rusiya və ABŞ-ın razılığa gəlməsidir. Yekun qərar Trampın özündən asılıdır. Onun hansı siyasəti üstün tutub işlərini davam edəcəyindən çox şey asılıdır. Çox güman ki, ABŞ xarici siyasətini 4-5 ay sonra açıqlayacaq”.

Xatırladaq ki, "The Washington Times” qəzetinin əməkdaşı Söhrab Rob Sübhaninin yazdığı məqalədə həmçinin, Trampın və Putinin məqsədlərini və eyni zamanda münaqişəninin həlli şərtlərini də qeyd edilib.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb