Vətəndaşlar sabahdan bank əmanətlərinə görə vergi ödəyəcək- İZAH

15:04 | 31.01.2023
Vətəndaşlar sabahdan bank əmanətlərinə görə vergi ödəyəcək- İZAH

Vətəndaşlar sabahdan bank əmanətlərinə görə vergi ödəyəcək- İZAH

Banklarda olan əmanətlərin 2016-cı ildən etibarən 7 il müddətində vergidən azad edilməsi müddəti fevralın 1-dən başa çatır. 
 
Qanunun qüvvədən düşməsi banklar üçün hansı riskləri yarada bilər? 
 
İqtisadçı ekspert Eyyub Kərimli bildirir ki, vergi güzəştinin ləğv edilməsindən sonra fiziki və hüquqi şəxslər banklara qoyduğu əmanətlərin 10%-i qədər vergi ödəyəcək. 
 
"Bu mexanizmin insanların bankalara əmanət yatırmasına stimulun azalması, banklara əlavə vəsaitin daxil olmasına müəyyən problemlər yaranması kimi  bir neçə mənfi təsirləri olacaq”, - ekspert deyib.
 
Eyyub Kərimli hesab edir ki, banklara əmanət qoyulmasında stimulun azalmaması üçün banklar bunun müəyyən qismini qarşılaya və ya qanun müəyyən məbləğdən sonrakı məbləğlərə aid edilə bilər.
 
"Qanunun 10 000 manatdan yuxarı məbləğlərə şamil olunması bu mənada ən uyğun addım olar. Banklar isə, müştərilərini itirməmək üçün vergini özləri qarşılaya və ya əmanətçilərin vergilərinin yarısını ödəyə bilərlər”, - o bildirib.
 
Deputat Vüqar Bayramov məsələ ilə bağlı vergi məcəlləsinə dəyişiklik edilərək  güzəşt müddətinin  növbəti 1 il müddəti üçün uzadılmasını və ya sığorta olunan əmanətlərin gəlir vergisindən azad olunmasını təklif edib.
 
"Bu, milli valyutada yığımlara marağı da azalda bilər. Belə ki, bu dəyişikliklər qəbul edilən zaman əmanət portfelində manatla depozitlərin payı cəmi 18.0 faiz idisə, indi bu rəqəm 61.0 faizədək yüksəlib. Göründüyü kimi, manatın stabilliyi, milli valyutada depozitlərə daha çox dividendin ödənilməsi kimi faktorlar ilə yanaşı vergi güzəştləri də manatla yığımlara marağı artıb. O baxımdan, daha məqsədə uyğun olardı ki, ya məcəlləyə dəyişiklik edilib güzəşt müddəti daha 1 il uzadılsın və ya sığorta olunan əmanətlər gəlir vergisindən azad olunsun”, - deputat bildirib.
 
 Vüqar Bayramovun sözlərinə görə, birinci halda, növbəti 1 il müddətdən yeni mexanizm hazırlamaq mümkündür.
 
" Həmin mexanizm artıq 2024-ci ilin fevralında tətbiq olunan zaman hər hansı çətinlik yaratmaz. İkinci halda, əmanətçilərin əksər hissəsinin depozitləri sığortalanan olduğu üçün bu əksər fiziki şəxsləri əhatə edəcək”, - Bayramov deyib.
 
Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində vergidən azad edilib. Qanuna görə,  yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad olub.  
 
 "Vergi Məcəlləsi”nə edilən son dəyişikliklərdə bu maddə üzrə güzəşt müddətinin uzadılması nəzərdə tutulmayıb.  
 
Əmanətlərin gəlir vergisindən azad edilməsi banklara daha çox depozitin cəlb edilməsinə imkan yaradıb.
 
2016-cı illərdə dəyişikliklər qəbul edilən zaman banklarda fiziki şəxslərin 8 milyard 77 milyon manat əmanəti olub, ötən müddətdə bu göstərici 11 milyard 743 milyon manatadək yüksəlib.
 
Həmin müddətdə banklarda fiziki şəxslərin əmanətləri 45.0 faizdən çox artıb.
 
Lida Abbaslı
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM