• $
  • €
  • ₽
  • ₺
  • £

Şimon Peres haqqında bilmədikləriniz - FOTOLAR

Şimon Peres haqqında bilmədikləriniz - FOTOLAR
28.09.2016 10:40
Xəbər verdiyimiz kimi, İsrailin sabiq prezidenti Şimon Peres sentyabrın 28-nə keçən gecə iki həftə əvvəl keçirdiyi insultdan 94 yaşında vəfat edib. Bu barədə İsrail televiziyası məlumat yayıb.

Şimon Peresin yaxınlarının səhər saatlarında onun ölümü ilə bağlı rəsmi məlumat yayacağı bildirilir.

İsrailin sabiq prezidenti Şimon Peres sentyabrın 13-ü axşam saatlarında kəskin beyin qansızması ilə nəticələnən insult keçirib. Xəstəxanaya yerləşdirilən İsrailin doqquzuncu prezidenti medikamentoz yuxuya verilib, ağciyərləri havalandırma aparatına qoşulub.

ANN.Az xəbər verir ki, Şimon Peres 1984-1986 və 1995-1996-cı illərdə İsrailin Baş naziri, 2007-2014-cü illərdə İsrailin prezidenti olub.

Şimon Peres 1923-cü il avqust ayının 2-də Polşanın Vişneva rayonunda anadan olub.
 


Ş.Perskinin atası İsaak Perski odunçuluqla məşğul olduğuna görə, evinə gec-gec gəlirdi. Şimonun anası Sara Melser də təsərrüfatı sahəsində işləyirdi. Buna görə də Şimon ravvin olan babası Svi Melserin yanında daha çox olur və babasının təsirində böyüyür. Şimonun babası Tövratı oxumuşdu və yəhudi poeziyasının bilicilərindən idi. Babasından ilham alan Şimon 10 yaşında şer yazmağa başlayır. Onun şerlərini hətta tanınmış yəhudi şairi Haim Nehman Balika da bəyənir. Ş.Peres qələmə aldığı şer və hekayələrini sonralar İsrail hökuməti yaradıldığı zaman nəşr etdirir.
 


1931-ci ildə Fələstinə gələn ata Peres taxıl ticarəti ilə məşğul olur. Bundan sonra maddi vəziyyətini yaxşılaşdıran İsaak 1934-cü ildə ailəsini yanına gətirir. Ş.Peres 1934-cü ildə anası və kiçik qardaşı Qerşa ilə birlikdə Fələstinə gəlir. Şimon Peres Təl-Əviv şəhərinin sayılıb-seçilən təhsil ocaqlarından olan "Belfur" gimnazisiyasını bitirdikdən sonra kənd təsərrüfatı üzrə ixtisaslaşmış peşə məktəbində təhsilini davam etdirir. 1945-ci ildə o, gələcək həyat yoldaşı Sonya Qelmonla tanış olur. Peşə məktəbinin diplomunu aldıqdan sonra Ş.Peres bir müddət fermer kimi müxtəlif yerlərdə işləyir.
 


Ş.Peres İsrailin sayca 9-cu prezidentidir. O, 1959-cu ildən 2006-cı ilə qədər dəfələrlə İsrail parlamenti Knessetə üzv seçilib. "Avod" (Fəhlə) Partiyasının lideri olub. 1994-cü ildə Yasir Ərəfat və İsaak Rabinlə birlikdə Nobel sülh mükafatına layiq görülüb. 2008-ci ilin noyabrında isə Böyük Britaniya Krallığı tərəfindən "Böyük xaç" cəngavər ordeni ilə təltif edilib.

Vişneva rayonunun digər yəhudiləri kimi Perski ailəsi də sionist fəaliyyətə böyük maraq göstərirdi. Elə Şimon da çox keçmədən bu hərəkatın fəalına çevrilir. 1941-44-cü illərdə o, solçu təşkilat olan Zəhmətkeş Gənclər Təşkilatının Baş katibliyinə seçilir. 1946-cı ildə isə gənc Şimon Ümumdünya Sionizm Konqresində iştirak edir. 1947-ci ildə isə David Ben-Qurion və Levi Eşkolla tanış olan Şimon aradan qısa müddət keçdikdən sonra İsrailin Müdafiə Nazirliyinin Baş direktorunun köməkçisi vəzifəsinə irəli sürülür. Burada o, hərbi çağırışçıların orduya cəlbi və İsrail ordusunun silah-sursatla təmin olunması işlərinə nəzarət edir. Ş.Peres 1948-ci ildə İsrail Müdafiə Nazirliyinin dəniz donanmasının rəisi təyin edilir.
 


1949-cu ildə o, İsrail Müdafiə Nazirliyinin ABŞ-dakı nümayəndə heyətinin rəhbəri təyin olunur. Bununla yanaşı, Ş.Peres Nyu-York və Harvard Universitetində təhsilini davam etdirir. Şimon Harvard Universitetinin İnzibati İdarəetmə fakültəsində təhsil alır.

1952-ci ildə Şimon Peres İsrail Müdafiə Nazirliyinin Baş direktorunun müavini vəzifəsinə təyin olunur. 1953-59-cu illərdə isə sözügedən nazirliyin Baş direktoru vəzifəsini icra etməyə başlayır. Nazirlikdə işlədiyi dövrlərdə İsrailin Fransa ilə hərbi əlaqələrinin inkişaf etdirilməsində, eləcə də dövlət büdcəsindən hərbi sahəyə külli miqdarda vəsaitin ayrılmasına, hərbi hava qüvvələrinin təkmilləşdirilməsi və bu sahə üzrə elmi araşdırmalara külli miqdarda vəsait sərf olunmasında Şimon Peresin müstəsna xidməti olur. Məhz onun dövründə İsrail hərbi baxımdan olduqca güclü bir ölkəyə çevrilir. İsrailin nüvə silahına malik olması və ölkədə nüvə reaktorlarının yaradılması ideyasını da məhz Şimon Peres irəli sürür. 1956-cı ildə o, Fransanın "Legion" Şərəf ordeni ilə təltif edilir.
 


1959-cu ildə ilk dəfə İsrail parlamenti Knessetə üzv seçilən Şimon elə həmin il İsrail Müdafiə nazirinin müavini təyin edilir. Ş.Peres orduda yarımçıq qalan islahatları davam etdirir. Bu dövrdə onun əsas xidmətlərindən biri müxtəlif kanallarla ölkənin silah təminatı ilə məşğul olmaq olur. 1965-ci ildə Ş.Peres partiyadaxili mübarizələrdən sonra üzvü olduğu MAPAİ partiyasının sıralarını tərk edərək, David Ben-Qurionla birlikdə "İsrail Zəhmətkeşləri Siyahısı" adlı hərəkatı yaradır. Elə həmin zaman Şimon Peres bu hərəkatın Baş katibi seçilir.

1967-ci ildə baş verən 6 günlük müharibədən sonra RAFİ hərəkatı, MAPAİ və "Axdut Xa-Oveda Poaley Sion" hərəkatları birləşdirilərək "Avod" (Fəhlə) Partiyası yaradılır. Ş.Peres bu partiyanın iki katibindən biri seçilir. Bundan sonra Ş.Peres müxtəlif nazir postlarını icra edir.

1974-cü ildə İsaak Rabin hökumətində Müdafiə naziri vəzifəsini icra edən Ş.Peres partiyadaxili mübarizədə İsaak Rabini üstələyir. O, 1977-ci ildə həm Avod Partiyasının liderinə çevrilir, həm də Baş nazir vəzifəsini icra etməyə başlayır. Ancaq 1977-ci ildə 9-cu çağırış Knessetə seçkilərdə onun partiyası tarixində ilk dəfə olaraq, məğlub olur və Ş.Peres parlamentdə əsas müxalifət liderinə çevrilir.
 


1981-ci ildə keçirilən parlament seçkilərində yenidən məğlubiyyətə düçar olan Ş.Peres ikinci dəfə müxalifətdə qalmağa məcbur olur. 1984-cü ildə keçirilən parlament seçkiləri nəticəsində ölkədə Milli Birlik hökuməti qurulur. Rotasiya qaydalarına uyğun olaraq, Ş.Peres ilk iki il müddətində İsrailin Baş naziri vəzifəsini icra edir.

1988-1990-cı illərdə Ş.Peres İsrailin Baş nazirinin müavini və Maliyyə naziri vəzifəsini icra edir. 1990-cı ildə partiyada yenidən Rabin-Peres qarşıdurması yaranır. 1992-ci ildə keçirilən parlament seçkiləri ərəfəsində o, partiyadaxili mübarizədə İsaak Rabinə məğlub olur.

1992-ci ildə İsaak Rabin hökumətində Xarici İşlər naziri postuna təyin olunan Ş.Peres bu dövrdə ərəb ölkələri ilə münasibətləri əhəmiyyətli dərəcədə qaydaya salır, Fələstin Azadlıq Təşkilatı (FAT) ilə sülh danışıqlarının ideoloquna çevrilir. Təsadüfi deyil ki, onu "ərazilərin əvəzində sülh" siyasətinin müəllifi adlandırırlar. Ş.Peresin səyi nəticəsində 1993-cü ildə fələstinlilərlə, bir il sonra isə İordaniya hökuməti ilə müqavilə imzalanır. 1994-cü ildə Yaxın Şərq probleminin sülh yolu ilə həllində göstərdiyi xidmətlərinə görə, Ş.Peres İ.Rabin və Yasir Ərəfatla birlikdə Nobel Sülh Mükafatına layiq görülür.

1995-ci ildə İsaak Rabinin sui-qəsd nəticəsində həyatını itirməsindən sonra o, müvəqqəti olaraq hökumətə başçılıq etməklə yanaşı, ölkənin Müdafiə naziri vəzifəsini də icra edir. 1997-ci ildə partiya liderliyini Ehud Baraka təhvil verərək, vəzifəsindən uzaqlaşır. Bu zaman o, yalnız Knessetin üzvü kimi fəaliyətini davam etdirir. Ş.Peres 1999-cu ildə növbəti dəfə İsrail parlamentinə üzv seçilir.

2001-ci ildə Ş.Peres Ariel Şaron kabinetində Baş nazirin müavini və Xarici İşlər naziri postuna təyin olunur. 1999-2005-ci ildə Ş.Peres yenidən iki dəfə Avod lideri seçilir. 2005-ci ilin yanvarında onun partiyası İsrailin Qəzza zolağından çəkilməsi məsələsini qəbul edir. Elə həmin il partiyadaxili mübarizədə məğlub olan Ş.Peres Ehud Olmertin rəhbərlik etdiyi Kadima partiyasının seçkiqabağı siyahısında ikinci şəxs olmağı qəbul edərək, bu partiyanın sıralarına daxil olur. O, 2006-cı ilin aprelində yenidən Knessetə üzv seçilir.
 


Ş.Peres İsraildə daim "məğlub siyasətçi" imicini formalaşdırır. Belə ki, o, mübarizə apardığı beş seçkidə məğlubiyyətə düçar olmuşdu. Ona "uğurlu bəxtigətirməz" siyasətçi də deyilirdi. Çünki həmişə böyük siyasətdə olan Ş.Peres daim ölkənin ikinci şəxsi ola bilirdi. 2000-ci ildə keçirilən prezident seçkilərində Ş.Peres namizədliyini irəli sürsə də, Moşe Katsava məğlub olur.

2007-ci il iyunun 13-də isə Ş.Peres İsrail prezidenti seçilir. O, ilk turda Knessetdə 120 millət vəklinin 58-inin səsini toplaya bilir. İkinci turda digər iki namizədin öz namizədliklərini geri götürməsindən sonra Peres İsrail prezidenti seçilir.

2008-ci ilin noyabrında isə Ş.Peres Böyük Britaniya Krallığı tərəfindən "Böyük xaç" cəngavər ordeni ilə təltif edilir.

Peresin 3 övladı və altı nəvəsi var. Ş.Peresin qızı professor Sviya (Siki) Valden ixtisasca filoloqdur. Böyük oğlu Yonatan aqronom və veterinar, kiçik oğlu Nexamiya isə pilotdur. Öz məsləyini tərk edərək, bizneslə məşğul olmağa başlayan Nexamiya "Pitanqo" investisiya fondunun rəhbəri seçilir. Tanınmış Hollivud ulduzu aktrisa Loren Bakal (Betti Coan Perski) də Şimon Pereslə qohumdur.

Ş.Peres ingilis və fransız dillərini bilir, rusca başa düşür. İsrail prezidenti 11 kitab müəllifidir. Onun qələmə aldığı kitablardan bir çoxu Ərəb-İsrail münaqişəsindən bəhs edir.

Özünü tərcüməçi kimi də sınamış Ş.Peres L.Tolstoy, C.Sartr, Alber Kamyu və bir sıra tanınmış yazıçıların əsərlərindən tərcümələr edib. Ş.Peres alman fəlsəfəsi, opera və teatrına da xüsusi maraq göstərir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol