Qətərin Baş naziri sabah İrana səfər edəcək
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani İranın yüksək vəzifəli rəsmiləri ilə görüşmək üçün sabah Tehrana səfər edəcək.Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid Əl-Ənsari “X” hesabında yazıb.
Onun sözlərinə görə, səfər zamanı gərginliyin azaldılması və dialoq üçün şəraitin yaradılması yolları müzakirə olunacaq.
Əl-Ənsari bildirib ki, görüşlərdə Hörmüz boğazında gəmiçilik azadlığı və vəziyyətin münaqişə başlamazdan əvvəlki vəziyyətə qaytarılmasının zəruriliyi məsələlərinə də toxunulacaq.
Qətər rəsmisi səfərin ölkəsinin münaqişələrin həlli, regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsində diplomatiyanı əsas vasitə hesab etdiyini göstərdiyini qeyd edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də Al Taninin Tehrana səfər edəcəyini təsdiqləyib.
“Tasnim”in məlumatına görə, Bəqai bildirib ki, səfər ikitərəfli əlaqələrin genişləndirilməsi, eləcə də regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə İran və Qətər arasında davam edən məsləhətləşmələr çərçivəsində baş tutacaq.
Bəqai Qətərin regionda gərginliyin daha da artmasının qarşısının alınmasına yönəlmiş diplomatik səylərini müsbət qiymətləndirib.
O əlavə edib ki, görüşlərdə Qətərin vasitəçilik təşəbbüslərinin davam etdirilməsi və regiondakı digər proseslər barədə fikir mübadiləsi aparılacaq.