Yeni il girmədən bu planları qurun...

14:31 | 20.12.2014
Yeni il girmədən bu planları qurun...

Yeni il girmədən bu planları qurun...

İlin son günlərində atılacaq addımlar bunlarmış... 

Alimlər sübut edib ki, insanlar həyatlarının planını çox çətinliklə qurur. Bunun əvəzində isə tətil planları qururlar. Ötən gün qəzetimizin 16-cı səhifəsinə maraqlı xəbərlərdən birini hazırlayanda qarşıma çıxan bu yazıdan heyrətə düşdüm. Məlum oldu ki, insanlar xüsusən ilin ilk və son günlərində yeni illə bağlı maraqlı planlar qururlar. 
Tətil planlarının asanlıqla qurulmasının isə məntiqi əsasları var. Çünki qaçış daimi dəyişimdən daha asandır. Bundan başqa, yeni il qərarlarının içində də duyğular az olur. Bu da onun həyata keçməsini çətinləşdirir. Adi bir nümunə - biz idmana sevimli yeməklərimizə bağlandığımız qədər bağlana bilmirik. Siqaretdən azad bir həyata bağlana bilmirik. Buna səbəb isə qəbul etdiyimiz qərarların içində duyğulardan daha çox məntiq olduğu üçün qarşımıza çıxan ilk maneədə qərarlardan vaz keçməyimizdir. Bəhanələr isə aşağıdakılardır: bir dənə şokoladdan heç nə olmaz, bazar ertəsindən yeni rejimə başlayaram, indi çox yorğunam, idmana başlamaq istəmirəm (arıqlamaq istəyənlər), bir siqaret mənə ziyan vurmaz (siqareti atmaq istəyənlər), bu ay da bir az daha az işləyim (pul yığmaq istəyənlər), qarşımda nə qədər ay var, ingilis dili qaçmır ki (dil öyrənmək istəyənlər)...

Gördüyünüz kimi, bəhanələr saysız-hesabsızdır. 

Psixoloqlar isə deyir ki, sizin yaşanacaq cəmi bir həyatınız var və həyatın keyfiyyətini, tətbiq etdiyiniz qərarlarla şəkilləndirə bilərsiniz. Ona görə də insanlara yeni ildə qəbul etmədiyiniz, amma qəbul etməli olduğunuz qərarları yenidən qəbul edin və ya vaz keçdiyiniz qərarları yenidən verin.

Ən önəmli motivasiya isə aşağıdakı örnəkləri yada salmaqdır:

Dünən dişinizi fırçaladığınız üçün bu gün dişinizi fırçalamırsız?
Dünən yemək yediyiniz üçün bu gün yemək yemirsiz? 
Dünən yatdığınız halda bu gün yatmırsız? 
Dünən işə getdiyiniz üçün bu gün işə getməmə lüksünüz var? 

Gördüyünüz kimi, çox sadə örnəklərdir. Bunları yada salmaqla insan öz məqsədinə daha çox hədəflənir. Sadəcə addım atın və davam edin. Bu günə qədər özünüzü necə arxa plana atdığınızı yada salıb, həyatınızı fərqli edin. Əsas odur ki, qarşınıza qoyduğunuz məqsəd həqiqətən də arzuladığınız və mənəvi kapital qoyduğunuz məqsəd olsun. 

Amerikada aparılan bir araşdırmaya görə, yanvar ayı insanların ən çox idman zallarına, fitnes klublara axışdığı aydır. Buna səbəb isə yeni ildə insanların ən çox arıqlamaq, sağlam həyat tərzi ilə bağlı qarşısına qoyduğu məqsəddir. Amma ən maraqlısı odur ki, ayın sonlarına yaxın idman zalları ənənəvi sayda ziyarətçinin ümidinə qalır.

Alimlər onu da müəyyənləşdirib ki, hazırda insanların ən böyük problemi çəki ilə bağlıdır. Yaşı 35-i adlamış insanların əksəriyyəti artıq çəkidən əziyyət çəkir. İnsanlar isə dəyişikliyə ilk növbədə xarici görünüşlərindən başlamaq istəyir. Hər halda, bu, ən asan olanıdır. 

Dil öyrənmək isə insanın öz intellektual bazasına etmək istədiyi ən mühüm əlavədir. Bu səbəbdən də yeni bir əcnəbi dil öyrənmək karyera, daha çox maddi gəlir üçün əvəzsiz çıxış yolu sayılır. İnsanların dil kurslarına axın etməsinin arxasında məhz bu amil dayanır. Amma maraqlıdır ki, dil kurslarına axın edənlər də məqsədlərini çox vaxt sona qədər çatdıra bilmirlər. Dil kursları daha çox konkret hədəfi (yeni iş, hansısa layihə) olan insanların axıra qədər ziyarət etdiyi məkandır. Burda da hisslər yox, məntiq ön plana çıxır. Elə buna görə də güclü məntiqi olmayan yeni il hədəfləri məhvə məhkumdur. 

Qadın jurnalları isə yeni ildə qadınlar üçün daha əyləncəli hədəflər müəyyənləşdirir. Onların bir neçəsi aşağıdakı kimidir:

1.Evdəki güzgünün qabağına bir uşaqlıq fotonuzu qoyun və özünüzə baxın. Hər o fotoya baxanda xəyal etdiyiniz həyatla yaşadığınız həyat arasında fərqi tapacaqsınız. 
2. Gündəlik tutun. Beləcə günün sonunda özünüzü dürüst şəkildə qiymətləndirmə fürsətiniz olacaq. 
3. Səhvlərinizi qəbul edin. Vəziyyəti qəbul etmədən çıxış yolunu tapmaq mümkünsüzdür. 
4. Yeni bir xobbiyə başlayın. Hər gününüzün bir-birinin eyni kimi keçməsinə imkan verməyin. 
5. Sevdiklərinizə zaman ayırın. Həyatımızın böyük hissəsi işdə, məktəbdə keçir. Ailəmizə, ən sevdiyimiz insanlara istədiyimiz qədər vaxt ayıra bilmirik. Bunu yeni ildən dəyişdirmək lazımdır. 
6. Yeni dostluqlar qurun. Həyatınıza girəcək hər yeni insan dünyaya açılacaq yeni bir pəncərə deməkdir.
7. Sağlam qidalanmağa başlayın. Bunun üçün gözəllik və yemək reseptləri kitabları alın. 
8. Sistemli yürüşlərə çıxın. Bu, qan dövranınızı gücləndirəcək və səhhətinizi yaxşılaşdıracaq. 
9. Evinizin, ofisinizin dekorasiyasını dəyişdirin. Bunun üçün böyük pullar xərcləməyə ehtiyac yoxdur. Mebellərin yerləriylə bir az oynamanız yetərlidir. 
10. Qarderobunuzu təzələyin. Hər zamankından daha fərqli geyinin. Yeniləndikdən sonra özünüzü daha təravətli hiss edəcəksiz. 

Musavat.com
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM