Bəhram Bağırzadə: Əsl yaşanmalı şəhər – Gəncə

12:40 | 19.08.2016
Bəhram Bağırzadə: Əsl yaşanmalı şəhər – Gəncə

Bəhram Bağırzadə: Əsl yaşanmalı şəhər – Gəncə



Allaha şükür, mənim dünyanın bir çox şəhərlərinə səyahət etmək fürsətim olub, ancaq onlardan sadəcə biri mənim qəlbimdədir – doğma Bakım... Həmişə belə düşünmüşdüm, Gəncəyə səfər edənədək!

Uşaqlıqda valideynlərimin Gəncə haqqında necə xoş sözlərlə danışması yadımdadır, onlar təəssüf ki, mənim ümumiyyətlə xatırlamadığım dayımı xatırlayardılar... O, Gəncə şəhər YPX-nın rəisi idi və anam deyirdi ki, o rəhmətə gedəndə Gəncədən çox sayda insan Bakıya onun yasına gəlmişdi. Hamıya ən çox təsir edən məqam isə yasa gələnlərin əksəriyyətinin sürücülər olması idi, onlar dayımı çox sevər, hörmət edərdilər, çünki o təkcə dürüst, ədalətli insan deyildi, həm də xeyirxah və mərhəmətli idi. Bir çox kasıb pulsuz-parasız insanlar dayımın köməyilə sürücülük vəsiqəsi almış və normal həyat yaşamağa başlamışdılar... 

Mən onların söhbətlərini maraqla dinləyərdim, ancaq bu şəhər mənimçün Azərbaycanın xəritəsindəki nöqtə olaraq qalırdı, hərçənd bilirdim ki, Gəncə Azərbaycanın ikinci böyük şəhəridir, burada dahi şair Nizami Gəncəvi doğulub, yaşayıb, yaradıb. İlk dəfə 1994-cü ildə Gəncəyə səfər etmək fürsəti əldə edəndə isə hər şey dəyişdi... Hər şey qəfildən baş vermişdi, bir dəfə Bakıda mənə hansısa Əntiqə xanım yaxınlaşıb dedi:

- Cavan oğlan, sizin adınız Bəhramdır
- Bəli, - mən təəccüblə cavab verdim. 
- Bilirsinizmi, biz Gəncədə ŞHK (KVN) komandası qururuq və bizə sizin köməyiniz lazımdır! Şəhərimizə gələ, bizə kömək edə bilərdinizmi? Bakıda festival keçiriləcək və bizim uşaqlar da iştirak edəcəklər. 
- Problem yoxdur! – mən sevinclə dilləndim və bir neçə gündən sonra ümumiyyətlə tanımadığım bu qadının evinə qonaq getdim.

Mən bir həftə boyunca Yevlax avtovağzalının yanındakı mikrorayonda onun evində yaşadım. Biz günlər boyunca Kukla teatrının qarşısındakı musiqi məktəbinin binasında repetisiya keçirirdik. Bəlli oldu ki, mən heç də pis müəllim deyilmişəm, çünki Gəncə komandası Bakıda əla çıxış etdi, növbəti il isə onları Soçidə keçirilən beynəlxalq festivala dəvət etdilər. 

Ondan bu yana çox illər keçib və gərdiş elə gətirdi ki, 3 ay ərzində iki dəfə mən Gəncədə oldum. Birinci dəfə mən "Kəpəz” – "Neftçi” oyununa görə, ikinci dəfə isə bir dünya brendinin reklam çəkilişlərinə görə bura gəlməli oldum. Və məhz həmin an mən başa düşdüm ki, Gəncə Bakıdan sonra mənim ən sevimli şəhərimdir! Bu, təkcə Azərbaycanın deyil, bütün cənubi Qafqazın ən gözəl şəhərlərindəndir – qədim məscidlər, körpülər, qədim şah sarayları, xanların, şahların məzarlıqları, qədim şəhərin dağılmış qala divarları, 300-dən çox yaşı olan Xan bağı! Qədim Gəncənin tarixin bir qalığıdır – qırmızı kərpicdən evlər, kölgəli guşələr, geniş prospektlər, parklar, fəvvarələr, xiyabanlar, bağlar, ağaclıqlar və gül-çiçək dənizi. Və ən əsası şəhərdə hara istəyirsən get başı qarlı dağlar gözlərinin qarşısındadır... 

Ancaq mən Gəncəyə təkcə qədim memarlığına, zəngin tarixinə görə vurğun deyiləm. Bir şəhərin ən vacib dəyəri onun sakinləridir, Gəncədə isə olduqca gözəl, bənzərsiz insanlar yaşayırlar. Məhz onlar mənə şəhəri tanımağımda, kəşf etməyimdə böyük rol oynadılar. Buna görə də Gəncə mənimçün gənclər mərkəzi, inteligent insanların, qədim Azərbaycan zadəganlarının nəslindən olan alicanab, istedadlı insanların yaşadığı şəhərdir. Gəncə insanın yaşamaq, yaratmaq, sevmək istədiyi şəhərdir. Bu şəhərin möhtəşəm təbiəti var, burada özünü əla hiss edirsən. Hava əladır – təmiz, təravətli, şəffaf... 

Bazara baş çəkmək mənə xüsusi məmnunluq bəxş etdi – Burada bizim artıq Bakıda unutduğumuz ən təmiz ərzaqlar, dadlı meyvələr satılırdı... Gəncə dovğası isə bir ayrı aləmdir. Gəncə mətbəxi mətbəx deyil, möhtəşəm bir mahnıdır! Dadlı, təravətli – Azərbaycanın ən gözəl, qoxusu insanı bihuş edən göy-göyərtisi Gəncədədir. Plov isə bir başqa aləmdir! Onu Şah plovu adlandırmaları təsadüfi deyil! Çayı isə mütləq məşhur Gəncə paxlavası isə içməlisən!

Məni Gəncədə ən çox heyrətləndirən isə onların həqiqi Azərbaycançılığı oldu! Çünki Azərbaycanlılıq təkcə millətçilik deyil, hər şeydən əvvəl bu, daxili səmimi təlabatdır, xalqın ən gözəl ənənələrini yaşatmaq istəyidir, bunlardan da biri qonaqpərvərlikdir. Gəncə bu mənada olduqca qonaqpərvər, istiqanlı, nəzakətli şəhərdir. İlk dəfə görən insanlar məni ya çayxanaya, ya da evlərinə qonaq dəvət edirdilər, bir mağazada isə məndən pul almaq istəmədilər! Və bu, görüntü xatirinə deyildi, tam səmimiyyətdən irəli gəlirdi, qonağa olan ləyaqətdən, hörmətdən irəli gəlirdi. Mənim yerimdə bir başqa qonaq olsaydı, ona da eyni hörmətlə yanaşardılar! Biz bakılılar isə bu adətimizi demək olar unutmuşuq... Biz ümumiyyətlə, çox şeyləri unutmuşuq... Gəncəlilər isə saxlayıblar!

Məni heyrətləndirən daha bir məqam isə şəhərdəki heyratamiz təmizlik oldu, şəhərdə səliqə-səhman hökm sürür. Bəli, Gəncədə hündür göydələnlər, nəhəng tunellər, körpülər, yol qovşaqları, böyük biznes-mərkəzlər yoxdur, ancaq orada hər şey adamın gözünə daha gözəl, səliqəli görünür, çünki gəncəlilər üçün hər ev, hər kərpic, hər küçə, künc-bucaq doğmadır. Biz bakılılar ətrafımızda nə baş verdiyini, nə olduğunu ümumiyyətlə vecimizə almırıq, gəncəlilər isə buna hər an fikir verirlər. Çünki bütün bu gözəllikləri onlar təkcə qorumamalı, həm də mühafizə etməli, yaxşı formada növbəti nəsillərə ötürməlidirlər.

Çəkilişlər zamanı mən bir çox Azərbaycan regionlarında olmuşam, ancaq Gəncə yeganə yerdir i, çəkiliş komandasını görəndə, sakitcə, nəzakətlə gülümsəyərək yandan keçirdilər. Heç kim kameraya düşmək üçün özünü həlak etmir, qışqırıb bağırmırdı, mən bir daha əmin oldum ki, gəncəlilər həqiqi zadəgan nəslindəndirlər. Və yalnız çəkilişlər bitəndən sonra onlar mənə yaxınlaşıb nəzakətlə deyirdilər: "Bəhram müəllim, olarmı ki, uşaqlarımız sizinlə şəkil çəkdirsin?”, "Olarmı həyat yoldaşım sizinlə fotoya çəkilsin”, "İcazə verərsinizmi salonumuzun saç ustası sizinlə selfi çəkdirsin?” Bu elə gözəl və qəlbə yaxındı ki! Çoxdan unudulan yanaşma tərzi, gözəl tərbiyə almış insanlar. Və mənim üçün olduqca xoşdur ki, Azərbaycanda Bakıdan sonra belə gözəl şəhər var, heç çəkinmədən turistləri və qonaqları ünsiyyətdən, memarlıqdan, muzeylər və təbiətdən həqiqi zövq alsınlar deyə bura gətirmək olar. 

P.S. yerinə. Mənim belə gözəl, aristikrat şəhərdə məmnun etməyən yeganə məqam şəhərdə layiqli stadionun olmaması oldu. Bu məni çox incitdi, axdı bütün böyük Azərbaycan futbolçuları – Sergey Kramarenko, Vəli Qasımov, Maşallah Əhmədov, Vidadi Rzayev, Mübariz Zeynalov, Yunis Hüseynov əslən gəncəlidirlər. Onların biri çoxu Bakı "Neftçi”sinin lideri olublar. Buna görə də mən Azərbaycan futbolunun azarkeşi kimi, vətənini sevən bir insan kimi gəncəlilərə arzu edirəm ki, yaxın illərdə Azərbaycanın ən gözəl stadionlarından biri Gəncədə tikilsin! Arzulayıram ki, "Kəpəz” komandası əla meydançada futbol oynasın, UEFA kuboklarında iştirak eləsin və biz bakılılar Gəncəyə Azərbaycanın ən gözəl stadionlarından birinə gəlib "Kəpəz”ə azarkeşlik edək!

Bəhram Bağırzadə
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb