Əvvəlcə xatırladaq ki, bir müddət öncə onun vəzifəsindən uzaqlaşdırıldığı barədə ilk minval.info (xəbər burada) xəbər verdi. Əslində, elə o zamandan Xaləddin İsgəndərov işdən çıxarılmışdı. Zatən heç bir müsbət fəaliyyəti ilə yadda qalmayan sabiq başçı, dünənə qədər formal olaraq postunda sadəcə əyləşmişdi.
Onun işdən çıxarılmasından bəhs edilən məqalədə bunu sabiq nazir Fazil Məmmədovun vəzifəsini itirməsilə əlaqələndirdik. Sabiq nazir postundan uzaqlaşdırılandan bir qədər sonra yaxın qohumlarının işdən çıxarılması da bu faktı təsdiqlədi. Məsələn, F.Məmmədovun bacısının həyat yoldaşı Namiq Quliyev, qudası Namiq Əliyev, bacısı oğlu Elnur İsgəndərov yola salındı.
Elnurun atası Xaləddin İsgəndərov bir qədər yubansa da çox keçmədi ki, ismi adlarını sadaladıqlarımızın arasında yer aldı. Yeri gəlmişkən ata-bala gördükləri işlərilə sözün əsil mənasında Binəqədi rayonunun axırına çıxmışdı. Bu barədə ötən yazılarımızda qeyd etdik.
İndi isə növbə sabiq nazirə yaxınlığı ilə seçilən, həmçinin fəaliyyətilə dünən yola salınan Xaləddin İsgəndərovdan heç də geri qalmayan bölgədəki icra başçılarına…
İddiaya görə, sabiq icra başçısı adına layiq görüləcək isimlər arasında Gədəbəy, Şəmkir və Yardımlıicra hakimiyyətlərinin rəhbərləri yer alıb.
Şəmkirin icra başçısı Alimpaşa Məmmədov da Xaləddin İsgəndərovun dərd ortağına çevriləcək namizədlərdəndir. O da həmkarı kimi Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb. 2014-cü ildə isə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Məlumata görə A.Məmmədovun sabiq nazir ilə maraqlı tanışlığı onu bu vəzifəyə qaldırıb.
O, yüksək vəzifədə olmamışdan əvvəl toy məclislərində həm tamada, həm də ifaçı kimi çalışıb. Tanışlığa gəlincə, A.Məmmədov nazirin iştirak etdiyi toyda köhnə peşəsi ilə məşğul olub. O, təsadüfən nazirlə rəqs meydançasında üz-üzə gəlib və onunla bir neçə dəqiqə oynayıb. A.Məmmədov masa arxasına dönəndən sonra sabiq nazirlə rəqs etməyin onun üçün şərəfli olduğunu söyləyib və buna görə kövrəlib. Söhbət F.Məmmədova çatdıqdan sonra Alimpaşa Məmmədovun "yuxarı”lara doğru yolu açılıb.
Gədəbəyin icra başçısı Ramiz Yediyarov Fazil Məmmədov işdən çıxarılan gündən bu günə kimi narahatlıq içərisindədir. Dünən komandalarından daha bir nəfər "qırmızı vərəqə” ilə oyundan kənarlaşdırıldıqdan sonra Yediyarov özünə yer tapa bilmir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !