Mikayıl Cabbarov Nazim İbrahimovun yerinə keçdi

16:37 | 20.09.2017
Mikayıl Cabbarov Nazim İbrahimovun yerinə keçdi

Mikayıl Cabbarov Nazim İbrahimovun yerinə keçdi

Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) Növbədənkənar Hesabat-Seçki Konfransı keçirilib.
Virtualaz.org-un məlumatına görə, tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak ediblər.
Yeganə namizəd, təhsil naziri Mikayıl Cabbarov yekdilliklə Federasiya prezidenti seçilib. O, yeni vəzifədə Diasporla İş üzrə Dövlər Komitəsinin sədri Nazim İbrahimovu əvəz edib.
Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub.

1992-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub, 1997-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirib.

1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcələri alıb.

1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının (New York Bar) üzvüdür.

Əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlayıb, 1999-2002-ci illərdə hüquq şirkəti və özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib.
2002-2003-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 20 fevral tarixli sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilib. Həmin vəzifədə işlədiyi dövrdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, xarici iqtisadi əlaqələr, xarici investisiya siyasəti, beynəlxalq arbitrajlarda hüquqi məsələləri və korporativ idarəetmə kimi fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirib.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli sərəncamı ilə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

İctimai həyatda fəal rol oynayır. 1996-1997-ci illərdə Azərbaycan Gənclər Təşkilatları Forumunun sədr müavini seçilib. "Nə? Harada? Nə vaxt?" və "Breyn-Rinq" oyunlarının fəal üzvü, 1994-1997-ci illərdə "Atəşgah" Bakı Bilicilər Klubunun prezidenti olub.

Müxtəlif illərdə MDB və dünya çempionu adını qazanıb. 1997-ci ildə Rusiyanın 1-ci kanalında yayımlanan "Nə? Harada? Nə vaxt?" oyununda Azərbaycandan olan ilk bilici olub.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 19 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasının təhsil naziri təyin edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb