Bu məhsulların qiyməti artıb - SİYAHI - FOTOLAR

10:51 | 13.10.2016
Bu məhsulların qiyməti artıb - SİYAHI - FOTOLAR

Bu məhsulların qiyməti artıb - SİYAHI - FOTOLAR

Bir müddət əvvəl paytaxt sakini redaksiyamıza şikayətlə müraciət edərək, ailəsinin günlük istifadə etdiyi ərzaq məhsullarının bir qismində qiymət artımı olduğunu bildirmişdi. 

İlk baxışda şikayət adi hal kimi qiymətləndirilə bilərdi. Lakin şikayətçinin təqdim etdiyi alış-veriş qəbzlərinə nəzər saldığımız zaman məlum oldu ki, məhsullardakı qiymət artımı heç də kiçik qəpiklər səviyyəsində deyil, məhz 20-30% qədərdir.
 
Faktların dəqiqliyini yoxlamaq üçün paytaxtda fəaliyyət göstərən bir neçə marketdə monitorinq keçirdik və bəzi marketlər şəbəkəsində bir sıra ərzaq məhsullarının qiymətinin kəskin artdığının şahidi olduq. Bu faktın təsdiqi üçün məhsulun sadəcə bir ay öncəki və yeni qiymətini müqayisə etmək kifayətdir.
 
"Araz”, "Rahat market” və "Neptun” supermarketlər şəbəkələrində aparılan monitorinqin nəticələrinə əsasən demək olar ki, bu ilin yanvar ayında 1,50 manata satılan "Barni” markalı kekslər artıq 2,50 manatdır.

"Araz” supermarketlər şəbəkəsinin marketinq departamentinin direktoru Anar Putayev məsələyə münasibət bildirdi. O, bizə son vaxtlar bəzi idxal ounan qida məhsullarında qiymət artımı faktını təsdiqlədi. Anar Putayev qiymət artımınının tədarükçü şirkətin tələbi əsasında baş verdiyini bildirdi. Həmçinin qeyd etdi ki, onlara tədarükçü şirkətlərdən biri olan "Kraft”ın firmaya məxsus məhsulların qiymətlərinin artırılması istiqamətində müraciət edib:

"Satdığımız məhsulların 99%-ni tədarükçülərdən alırıq. Tədarükçü şirkət bizə qiymətlərin artırılmasını əks etdirən siyahı təqdim edib. Bu səbəbdən "Kraft” şirkətinə məxsus 231 növ məhsulun qiymətində artım olub. Tədarükçünün tələbi ilə bu məhsullarda qiymət artımı 20% təşkil edir. Sözü gedən "Barni” markalı kekslərin qiymətini şirkət 1,71 AZN-dən 2,20 AZN-ə qaldırıb”.
 

Direktor həmçinin qeyd edib ki, "Kraft” şirkəti daha çox uşaq məhsullarını bahalaşdırıb:
 
"Qiyməti artan məhsullar sırasında "Alpen Gold”, "Milka”, "Yuvilernaya” ticarət markalı peçenyələr, "Tuk” krakerləri, "Barni” biskvitləri, vaflili tortlardan "Preçuda”, "Bolşevik”, şkoladlar, "Piknik”, "Belvita” markalı və "Oreo” markalı peçənyələr və "Dirol” markalı saqqızlar var”.
 
"Kraft” firmasının əməkdaşı Arif (təəssüf ki, soyadını və şirkətdəki vəzifəsini qeyd etmək istəmədi) ANN.Az-a bildirdi ki, məhsullarda qiymət artımının səbəbi onların istehsal olunduğu yerlərdəki qiymətlə əlaqəlidir:

"Bizim şirkət idxalla məşğul olur. Əgər Rusiyadan idxal olunan məhsulun xammalının qiyməti artırsa, bu, malın maya dəyərinə öz təsirini göstərir və avtomatik olaraq, qiymət artımına səbəb olur”.

Qeyd edək ki, "Kraft" şirkətindən başqa "Procter & Gamble" şirkəti tərəfindən satılan malların qiymətləri də bahalaşıb. Lakin şirkət onlar tərəfindən ölkəmizə gətirilən məhsulların qiymət artımı istiqamətindəki suallarımızı cavablandırmaq istəmədilər.

Xatırladaq ki, manatın sonuncu devalvasiyasından sonra prezident İlham Əliyev idxalla məşğul olan şirkətlərə xəbərdarlıq etmişdi. İlham Əliyev bildirmişdi ki, süni qiymət artımına yol verən şirkətlər müvafiq dövlət qurumları tərəfindən ciddi cəzalandırılacaq.
 
Vüsal Əzizov
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb