1 ilə bütün ölkələrin ədəbiyyatını oxudu - NƏTİCƏ

14:32 | 24.12.2013
1 ilə bütün ölkələrin ədəbiyyatını oxudu - NƏTİCƏ

1 ilə bütün ölkələrin ədəbiyyatını oxudu - NƏTİCƏ

İngilis yazıçısı Ann Morqan qarşısına qoyduğu məqsədi gerçəkləşdirib - o bir il ərzində dünyanın bütün ölkələrinin ədəbiyyatını oxuyub. O öz təcrübəsi və öyrəndiklərini oxucularıyla paylaşıb. Bu yaxınlarda "BBC"də yayımlanan həmin məqaləni ANN.Az-ın oxucularına təqdim edirik.  

Mən həmişə özümü kosmopolit adam hesab etmişəm, ancaq bir gün ayıldım və gördüm ki, kitab rəflərimdə tamamilə başqa mənzərə hökm sürür. Bir neçə hind romanı, yerli Avstraliya və Cənubi Afrika kitabları istisna olmaqla, kitabxanamdakı ədəbiyyat kolleksiyası başdan-ayağa Britaniya və Amerika başlıqlarından ibarət idi. Ən pisi də o idi ki, mən heç vaxt nəyisə tərcümə eləməyə girişməmişdim. Mənim mütaliəm ingilisdilli müəlliflərin əsərləriylə məhdudlaşırdı. 

2012-ci ilin əvvəlində mən qarşıma belə bir məqsəd qoydum ki, dünyanın bütün ölkələrinin (BMT-yə üzv olan 195 ölkə, üstəgəl BMT-nin keçmiş üzvü Tayvan) ədəbiyyatını oxuyum və indiyə qədər nələrdən məhrum olduğumu öyrənim. 

İşə necə başlamaq barədə heç bir fikrim yox idi, yerli kitabxanadan dünyanın 200-ə yaxın ölkəsinə aid ədəbi əsərləri tapmaq heç cür  inandırıcı görünmürdü. Bu barədə planetimizin oxucularının fikirlərini öyrənmək qərarına gəldim. "A Year of Reading the World" adlı bir bloq açdım və oxuculardan xahiş etdim ki, ingilis dilində oxuya biləcəyim kitabları mənə tövsiyyə etsinlər. 

Gələn cavablar heyrətamiz idi. Dünyanın hər bir nöqtəsindən insanlar öz ideyaları və təklifləriylə mənim köməyimə yetişdilər. Bəziləri öz ölkələrində nəşr edilən kitabları poçtla mənə göndərdilər. Bəziləri, mənim namimə saatlarla araşdırmalar apardılar. Öz növbəsində, türkmənistanlı Ak Velsapar və panamalı Xuan David Morqan kimi bəzi yazıçılar mənə öz əsərlərinin nəşr olunmayan ingiliscə versiyalarını  göndərdilər. Onlar mənə, ingilis dilindən başqa heç bir dili bilməyən 62 faiz britaniyalının məhrum olduğu çox nadir bir fürsətdən yararlanmaq şansı verdilər. Arxamda bu qədər möhtəşəm bibliofil komandası olsa da, kitab qaynaqlarını axtarıb tapmaq heç də asan məsələ deyildi. 

Balaca dövlətlər

Bu daha çox frankofon və lusofon (portuqalca danışan) kimi Afrika ölkələrinə aiddir. Komor, Madaqaskar, Qvinea-Bissau və Mozambik kimi ölkələrə aid tərcümələr çox azdır, mən bu ölkələrin ədəbiyyatının nəşr edilməmiş əlyazmalarına etibar etməyə məcbur idim. Sao Tome və Prinsipe adlı cırtdan ölkəyə növbə gəlib çatanda, Avropadan və ABŞ-dan olan könüllü komandam olmasaydı, mən ilişib qalardım, onlar Santomeanlı Olinda Beja adlı bir yazarın qısa hekayələr kitabını ingiliscəyə çevirmişdilər, buna görə də mən nəsə oxuya bildim. 

Sonra elə ölkələr var ki, orada nadir hallarda əsərlər yazılır. Əgər siz Marşal Adalarındasınızsa, kitab axtarmaqdansa, ən yaxşısı gedin yerli iroijin (qəbilə başçısı) yanına və yerli nağılbazı dinləmək üçün icazə istəyin. Nigerdə də oxşar vəziyyətdir, əfsanələr ənənəvi şəkildə griotlar (7 yaşdan etibarən milli ruhda yetişdirilən nağıl, musiqi mütəxəssisləri) tərəfindən qorunur. Onların heyrətamiz performanslarının yazılı variantları çox azdır, qulaq asdığının sadəcə çox kiçik bir qismini ifadə edir. Əgər "bu azdır" desəydim, mənim üstümə daş yağdırardılar. 

Uzun illər vətəndaş müharibəsi şəraitində yaşayandan sonra 2011-ci ilin 9 iyulunda azadlıq əldə edən Cənubi Sudan xalqı üçün bu, çox əlamətdar, hansısa dəyişikliklər üçün vacib tarixdir. Yolları, xəstəxanaları, məktəbləri, əsas infrastrukturu olmayan yeni ölkə üçün nəşr kitablarının olması ağlasığmaz görünərdi. Əgər mənim yazıçı Culia Duaniylə əlaqə yaratmağıma şərait yaradacaq yerli kontakt olsaydı, mən təyyarə ilə Cubaya gedər və baş verənləri üzbəüz dayanaraq dinləyərdim, Culia mənim sifarişimlə qısa hekayə qələmə alıb. 

Nəhayətdə, bu cür hekayələri axtararaq tapmaq elə onları oxumaq və bloqa yazmaq qədər vaxt alır. Bu, çox çətin tapşırıq idi, elə gecələr olurdu ki, mən səhərə qədər gözləri nəmli halda oturub, qarşıma qoyduğum məqsədi reallaşdırmağa, 1.87 gün ərzində bir kitabı oxuyub qutarmağa çalışırdım. 

Əsas Yer

Ancaq buna dəydi. Mən öz yolumu planetin ədəbi mənzərələri üzərindən salandan sonra, qeyri-adi hadisələr baş verməyə başladı. Adi bir səyahətdən sonra aşkarladım ki, mən hekayəçilərin təsəvvür dünyasının bir parçasına çevrilirəm. Butan yazıçısı Kunzanq Çodenin müşayiəti ilə mən təkcə ekzotik məbədləri ziyarət etmirdim, həm də yerli Buddistin necə olduğunu görürdüm.

Qalsan Tşinaqın təsəvvür dünyasında səyahət edəndə, məni Monqolustanın Altay Dağlarındakı çoban oğlanın qayğıları narahat edirdi. Nu Nu Yi-ninin bələdçiliyi ilə mən Myanmardakı dini festivaldan transgender mühitinin perspektivlərinə qədər bir çox şeyləri öyrənirdim. 

İstedadlı yazıçıların sayəsində mən kəşf etdim ki, kitab səyahətçiyə elə bir hiss aşılayır ki, çox nadir hallarda bunu sınaqdan keçirmək mümkündür: o mənə çox uzaqlarda yaşayan insanların düşüncələrini çatdırdı və dünyanı onların gözləriylə görməyimə kömək etdi. Minlərlə reportajdan daha güclü olan bu hekayələr başqa yerlərdə yaşayan insanları anlamaq üçün beynimdə yeni üfüqlər açdı və onların hiss etdiklərini hiss etməyimçün qəlbimə gedən yolu tapdı. Bu dönüş mənim düşüncə tərzimi dəyişdirdi. Dünyanın müxtəlif bölgələrindən olan naməlum kitabsevərlərin hekayələrini oxuduqca, mən anladım ki, mən təcrid olunmuş bir şəxs deyiləm, əksinə, bütün planetə yayılan böyük bir şəbəkənin bir parçasıyam. 

İlin əvvəlində intellektual tapşırıq kimi başlayan siyahıdakı ölkə adları bir-birinin ardınca gülüşlə, sevgiylə, hirslə, ümidlə qorxuyla dolu canlı, parlaq yerlərə çevrildilər. Əvvəlcə mənə egzotik və ucqar görünən yerlər sonradan mənə bir-birindən fərqləndirə biləcəyim doğma və tanış yerlərərə çevrildilər. Ən yaxşı halda isə, mən anladım ki, ədəbiyyat dünyanı real bir yerə çevirir. 

BBC

İngiliscədən tərcümə: Cavid Ramazanlı

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb