23 saniyədən bir kitabı satılan yazıçının MÜSAHİBƏSİ

21:54 | 07.05.2014
23 saniyədən bir kitabı satılan yazıçının MÜSAHİBƏSİ

23 saniyədən bir kitabı satılan yazıçının MÜSAHİBƏSİ

Jo Nesbonun kitabları dünyada hər 23 saniyədən bir satılır.
 
Kitabları 30-dan çox dilə çevrilib.
 
Məşhur Norveç detektiv yazıçısı Türkiyənin “Hürriyet” qəzetinə müsahibə verib.
 
Kulis.az müsahibənin maraqlı hissələrini təqdim edir.
 
- Türkiyə kimi romanlarınızın yeni tərcümə edildiyi ölkələrdə “Yeni Stieg Larsson” olaraq təqdim edilirsiniz.
 
- Təxminən eyni fikirləri İngiltərədə ilk kitabım dərc olunarkən eşitmişdim. Bu bir marketinq texnologiyasıdır. Mənim seçdiyim bir sloqan deyil. Vecimə deyil belə şeylər. Amma bundan daha pisi olar bilərdi. “Yeni Den Braun”.
 
- O qədər pisdir yəni?
 
- Son illərdə pop-mədəniyyəti sahəsində - ədəbiyyat deyil – başımıza gələn ən pis şeydir.
 
- Bəs, Stieg Larsson?
 
- Stieg ilə tərzimiz fərqlidir təbii ki. O daha çox ənənəvi Skandinav detektiv yazıçısıdır. Mənim yazdıqlarım isə Amerikan tərzinə daha yaxındır.
 
- Tanış olmuşdunuz onunla? “Millenium üçlüyü”nü sevirsiniz?
 
- Yox, heç tanışlığımız olmayıb. Seriyanın ilk kitabını oxudum, ikincisini yarımçıq qoydum.
 
- Getmədi?
 
- Hörmətim var özünə, ona görə də şərh verməsəm daha yaxşıdır.
 
- Futbolçu ikən rokstar olmuş, daha sonra çox satılan yazıçıya çevrilmiş bir türk yazıçısı düşünə bilmirəm. Dünyada da belə rəngli bir keçmişə sahib olan bestseller yazıçısı sizsiniz deyəsən.
 
- Niyə? Yaşar Kamal futbol oynamazdı?
 
- Oynayıb, amma sizin kimi peşəkar səviyyədə oynamayıb.
 
- Onunla belə bir ortaq nöqtəmiz olsaydı, sevinərdim. 70-ci illərdə kəşf etmişdim romanlarını. İlk oxuduğum türk yazıçısıdır. “İncə Məmməd” həmişə ən yaxşılar siyahımda olub. Hətta bir türk dostum var, adı Məmməddir, mən İncə Məmməd deyirəm.
 
- Bəs Orxan Pamuk?
 
- Düzünü deyim ki, “Nobel”i qazananda bir neçə kitabını aldım, amma hələ də oxunacaqlar arasında dayanır. Bağışlasın məni, amma çox ağır bir oxucuyam. Bir kitabı bitirməyim üçün aylar lazımdır.
 
- Ədəbiyyat adamları tərəfindən ciddiyə alınmaq kimi bir dərdiniz varmı? “Sənin romandan nə başın çıxır? Get top dalınca qaç, ya da mahnı oxu” – deyənlər olurmu?
 
- Olur! Futbolla bağlı yox, rokçuluğuma ilişənlər olur. İlk kitabım çıxmamışdan qabaq musiqiçi kimi tanınırdım. Norveçin ən populyar rok qrupu idik. Məşhur bir adamın nə haqqında olursa olsun, yazdığı bir kitabın maraq doğuracağı bəllidir. Elə də oldu. Çox satılmasa da, xeyli müsbət fikirlər eşitdim. Ən çox buna sevindim. Bir neçə mükafat da gəldi, rahatlandım.
 
- Niyə görə son illərdə bütün detektiv romanları Skandinaviya ölkələrindən çıxır?
 
- Bura dünyanın bəlkə də ən sakit, ən rahat yerləridir. Hər şey o qədər şəffaf, səssiz və gözəl işləyir ki, arada insan adrenalin istəyir. İnsanların bütün o qanlı cinayətləri, qorxunc hekayələri acgözlüklə oxumasının əsas səbəbi də bəlkə bununla bağlıdır. 70-ci illərdən başlayan bir axındır bu. Yeni bir fenomen deyə bilərik. Bir hekayət danışarkən cinayətlər məqsədə deyil, vasitəyə çevrilir. Yaşar Kamal skandinav olsaydı, əminəm o da detektiv əsərlər yazardı.
 
- Bu sözləri bir neçə il öncə “The Guardian” qəzetinə verdiyiniz müsahibədə Salman Rüşdi üçün də dediyinizi xatırlayıram.
 
- Doğrudur. Salman Rüşdi də, Yaşar Kamal da əsl cəmiyyət analitikləridir. Skandinav ədəbiyyatında isə bu ənənə kimi bir şeydir. Tarixçisindən tutmuş sosioloqlarına qədər hamının karyerası bir nöqtədə cinayət baş verən küçələrdən keçib.
 
- Dünyanın ən xoşbəxt bölgəsindən bu qədər “ruhi xəstə” cinayət romanlarının çıxması necə izah oluna bilər?
 
- Çikaqo və Detroit ABŞ-ın ən çox cinayət törədilən əyalətləri olmasına baxmayaraq Skandinav tərzli detektiv romanları oxumaqdan xoşları gəlir. Öz ölkələrində baş verən heç bir qorxunc hadisə veclərinə deyil. Çünki o hekayələri küçədə görürlər, yaşayırlar. Dünən ən varlı, ən xoşbəxt şəhərlərindən birində qəribə, qorxunc bir şəkildə baş verən cinayət isə daha cəlbedici görünür.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti