ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyəti ADU-da oldu - Fotolar

10:42 | 01.09.2015
ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyəti ADU-da oldu - Fotolar

ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyəti ADU-da oldu - Fotolar

Avqustun 31-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyəti ilə görüş keçirildi.
 
 
Tədbiri giriş sözü ilə açan ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyətini universitetdə görməkdən məmnun olduğunu bildirdi və universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun salamlarını qonaqlara çatdırdı. Prorektor çıxışında universitet haqqında geniş məlumat verdi. ADU-nun beynəlxalq əlaqələrindən söz açan professor Jalə Qəribova universitetdə müxtəlif dillərin tədris olunduğunu söylədi. Universitetdə müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzlərinin fəaliyyətindən də söz açan Jalə Qəribova İRK-da fəaliyyət göstərən Amerika mərkəzi haqqında qonaqlara məlumat verdi. Professor bu mərkəzin Azərbaycan–Amerika əlaqələrində, ADU və ABŞ universitetləri arasında əməkdaşlığında əhəmiyyətli rolu olduğunu qeyd etdi.
 
 
Milli Məclisin deputatı Asim Mollazadə öz çıxışında ADU-nun Amerika mərkəzinin fəaliyyətinə toxundu və bu mərkəzin regionda yeganə böyük mərkəz olduğunu vurğuladı.  O, Amerika mərkəzindən təkcə ADU-nun tələbələrinin deyil, digər universitetlərin tələbələrinin də istifadə etdiyini söylədi. Eyni zamanda Asim Mollazadə Azərbaycan və ABŞ arasındakı  əlaqələrin təhsil sahəsində uğurlu olduğunu bildirdi.  O, təhsil və mədəniyyətin ölkəmiz üçün əhəmiyyətli olduğunu qeyd etdi. A. Mollazadə Azərbaycan mədəniyyətini təbliğ olunması məqsədilə ABŞ-ın Nyu-Meksiko ştatının nümayəndə heyətinə Azərbaycanın caz və muğam musiqisindən ibarət diskləri hədiyyə etdi.
 
 
Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Azərbaycanın çox maraqlı və demokratik bir ölkə olduğundan söz açdı. O, Amerika mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi, eləcə də ADU ilə səfirlik arasında olan uğurlu əməkdaşlıqdan danışdı.
 
Səmimi qəbula görə minnətdarlığını ifadə edən Nyu-Meksiko ştatının dövlət senatoru Meri Key Papen Azərbaycan ilə Nyu-Meksiko ştatı arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı və bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini görüş iştirakçılarının diqqətinə çatdırdı.
 
 
ADU-nun İnformasiya Resurs Kompleksinin direktoru Şəhla Xudiyeva qonaqlara mərkəz haqqında ətraflı məlumat verdi. Mərkəzin nəinki Azərbaycanda, eləcə də dünyada ən böyük mərkəzlərdən biri olduğunu bildirdi. O, ötən il mərkəzin nəzdində Amerika Uşaq Mərkəzinin açıldığını qeyd etdi. Şəhla Xudiyeva mərkəzdə səfirlik əməkdaşlarının  universitet tələbələrinə mühazirələr oxuduqlarını, bir sıra dəyirmi masaların, seminarların keçirildiyini bildirdi.
 
 
Görüş qarşılıqlı müzakirələrlə davam etdi.
 
 
Qeyd edək ki, görüşdə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin əməkdaşı Stiv Quis və universitetin professor-müəllim heyəti iştirak edirdi.
 







www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM