Zakir Həsənov Koreya admiralı ilə görüşdü - FOTOLAR

20:45 | 10.11.2015
Zakir Həsənov Koreya admiralı ilə görüşdü - FOTOLAR

Zakir Həsənov Koreya admiralı ilə görüşdü - FOTOLAR

Noyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Koreya Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Jung Ho-Sub ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, admiral Jung Ho-Subun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, eləcə də Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyub.
 
Azərbaycan Respublikası Müdafiə Nazirliyində nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə ölkələrimiz arasında müdafiə, o cümlədən hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri, dövlətlərimizin yerləşdikləri regionlarda təhlükəsizlik məsələləri müzakirə olunub.

Hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın regiondakı sabitliyə əsas təhlükə yaratdığını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən koreyalı admiral Azərbaycan-Koreya əlaqələrinin möhkəm dostluğa əsaslandığını xüsusi qeyd edib.

Görüşdə Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin təşkili, azərbaycanlı hərbi dəniz zabitlərinin Koreyanın hərbi məktəblərində və akademiyalarında təhsil almaları, şəxsi heyətin döyüş gəmilərində təcrübə keçmələri, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Koreya nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri bazasına ziyarəti, müasir infrastruktura malik ərazi və hərbi gəmilərlə tanışlığı, eləcə də şəxsi heyətlə görüşləri keçiriləcək.

Səfər noyabrın 11-dək davam edəcək.
 








www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM