Məktəbliləri zərərli vərdişlərdən qorumaq üçün nə etmək lazımdır? - ARAŞDIRMA

18:10 | 06.05.2024
Məktəbliləri zərərli vərdişlərdən qorumaq üçün nə etmək lazımdır? - ARAŞDIRMA

Məktəbliləri zərərli vərdişlərdən qorumaq üçün nə etmək lazımdır? - ARAŞDIRMA

2023-cü ildə yetkinlik yaşına çatmayanlara tütün məmulatları, etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin satılması barədə 1 200 nəfər barəsində inzibati tənbeh tətbiq olunub. Bu barədə anews.az-ın sorğusuna Dövlət Statistika Komitəsindən cavabında qeyd olunub. 
 
Daha öncə deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı bildirib ki, artıq narkotik maddələr məktəblərə daxil olur, qanunvericilikdə bu məsələni daha da ciddiləşdirmək lazımdır.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti idarəsinin şöbə rəisi Anar Qafarov anews.az-a bildirib ki, məktəbdə narkotik faktı qeydə alınmayıb.
 
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komisiyyasının hesabatına görə, 2023-cü ildə respublika üzrə narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı  ümumilikdə 36659 nəfərdir. Dispanserdə qeydiyyatda olan narkotik istifadəçilərinin 13-ü 14-17 yaş aralığında olan yeniyetmələrdir. 
 


 
2023-cü ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb olunmuş 8 777 nəfərin 16-i 16-18 yaş aralığındadır.

Anews.az-ın apardığı müşahidələrə əsasən, məlum olub ki, məktəb yaxınlığında fəaliyyət göstərən köşklərdən məktəblilər rahatlıqla tütün məmulatını əldə edə biliir. 
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəis müavini Nurlan Əliyev bildirib ki, məktəblər ətrafında tütün məmulatları, spirtli içki, energetik içkilərin satılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən gündəlik nəzarət-profilaktiv tədbirlər həyata keçirilir.
 
İnzibati Xətalar Məcəlləsinin 212.3-cü maddəsinə görə, yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi  hallarında 100 manat cərimə tətbiq edilir.
 
İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsinə görə, etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin, tütün məmulatların satış qaydalarının pozulmasına görə, 50 manatdan 80 manatdək, eyni zamanda bu məmulatların yetkinlik yaşına çatmayanlara satılmasına görə, 100 manat cərimə tətbiq edilir.
 
Yetkinlik yaşına çatmayanları zərərli vərdişlərə aludə olmaqdan qorumaq üçün hansı addımlar atılmalıdır?

Hüquqşünas Ramil Süleymanov bildirib ki, tütün məmulatı alan azyaşlılar barəsində heç bir inzibati məsuliyyət mövcud deyil.
 
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, intizam məsuliyyətinə cəlb etmənin yaşı 16-dır. 16 yaşına qədər olan şəxslər bunu aldıqda heç bir intizam, cərimə məsuliyyəti yoxdur. 16 yaşından yuxarı olduqda bunu aldığı təqdirdə belə yalnız satanın inzibati məsuliyyəti mövcuddur”, - o qeyd edib.
 
Hüquqşünasın sözlərinə görə, məktəb rəhbərliyi məktəb yaxınlığında tütün məmulatları satan mağazalardan birinci növbədə maarifləndirmə və təbliğat xarakterli xahiş etməlidir ki, burada onların satışını azyaşlılara, yetkinlik yaşına çatmayanlara icra etməsinlər.
 
"Bundan əlavə məktəb rəhbərliyi müvafiq icra hakimiyyəti qurumlarına, daxili işlər orqanlarına, vergi xidmətinə, eyni zamanda şəhər icra hakimiyyətinin müvafiq bölmələrinə müraciət etməklə həmin mağazada tütün məmulatlarının satışı ilə bağlı öz narazılığını bildirə bilər”, - Süleymanov deyib.
 
Deputat Fazil Mustafa hesab edir ki, ictimai nəzarətə xüsusi önəm verilməlidir.
 
"Bununla bağlı  Reklam Haqqında Qanun var. Bütövlükdə hansı vasitələrin təbliğ olunması, harada qadağan olunması nəzərdə tutulub. Elə yerlər var ki, məktəb  var, onun qabağında qəlyanxanalar fəaliyyət göstərir, köşklərdə dənə siqaret satılır. Narkotik vasitələr də bu və ya digər formada məktəbə yol aça bilir. Ona görə də, nəzarət gücləndirilməlidir. İctimai nəzarətə xüsusi önəm verilməlidir. Vətəndaşların özlərinə bu istiqamətdə müəyyən köməklik təklif olunmalıdır. Vətəndaşlar dövlət qurumlarına dəstək verməlidir. Bu hər kəsin öz uşağı ilə bağlı olan məsələdir. Həqiqətən də narkotik vasitələrin yayılması çox ciddi problemlər yaradır. Ölkə ərazisində bununla bağlı görülən xeyli tədbirlər var. Xarici ölkələrdən ötürülən narkotik vasitələrin həcmi də kifayət qədər böyükdür. Bu istiqamətdə tədbirləri artırmaq və daha çox işlər görülməlidir. Çünki bu boşluq gələcək nəsillərin məhvinə gətirib çıxara bilər”, - Mustafa vurğulayıb.
 
Deputat Kamilə Əliyeva bildirir ki, məktəb yaxınlığındakı köşklərdə tütün məmulatlarının satılmsı qadağan olunmalıdır.
 
"Çox təəssüflər olsun ki, məktəblərin ətrafında hələ də uşaqlara köşklər tərəfindən tütün məmulatlarının satılmasına təsadüf olunur. Satış məntəqələrində tütün məmulatlarının satışı zamanı yaş həddinin müəyyənləşdirilməsi üçün şəxsiyyəti təsdiq edən sənəd tələb oluna bilər. 9-10 yaşında olan uşaqla 18 yaşlı uşağı ayırmaq mümkün olsa da, 15-16 yaşında olan uşaqla 18 yaşında olan uşağı ayırd etmək çətin ola bilər. Tütün məmulatı almaq istəyən insanın yaşı satıcıda şübhə yaradırsa, şəxsiyyət vəsiqəsini tələb etməlidir. Tütün məmulatı satılan köşklər məktəb yaxınlığında ola bilməz. Uzaqlaşdırılmalıdır. Məktəb yaxınlığında köşklərdə tütün məmulatlarının satılması ümumiyyətlə qadağan olunmalıdır. Qanuna riayət olunsa, yeniyetmə yaşına çatmamış gənclər də tütün məmulatını əldə edə bilməyəcək”, - Əliyeva söyləyib.
 
Sosioloq Elçin Bayramov vurğulayıb ki,  gənclərin siqaret çəkməsi narkomaniyaya aparan ilk addımdır.
 
"Son dövrlərdə valideynlər uşaqlara azadlıq verilməsi adı altındakı təbliğatın nəticəsi olaraq uşaqlar tamamilə sərbəst buraxılıb. Uşaq beyni də dünyanın nə demək olduğunu başa düşmür və kənar təsirlərə düşür. Xüsusən də uşaqların son model bahalı smartfonlarla təchiz olunması ilə onlar nəzarətsiz internetdə hər cür psixatrom təbliğatlara məruz qalırlar. Digər tərəfdən uşaqların asudə vaxtlarını səmərəli təşkili zəif vəziyyətdədir. Sovet dövründə bütün məktəblilər, yeniyetmələr, gənclər müxtəlif yaradılıcılıq, idman, elmi mərkəzlərə cəlb olunurdular. Pulsuz şəkildə onlar bunlardan istifadə edirdilər. İndi isə orta statistik azərbaycanlının belə uşaqlarını belə kurslara qoymaq imkanı yoxdur. Birinci belə mərkəzlərin sayı çox azdı, ikinci isə maddi cəhətdən təminat mümkün deyil. Belə halda da onlar nəzarətsiz qalır və müxtəlif təsirlərə düşür. Onlar həm virtual dünyadan təsirlənir, həm də küçə uşaqlarının təsirinə məruz qalır. Gənc qızların siqaret çəkməsini də görürük. Bu cür addımlar narkomaniyaya aparan ilk addımdır. Uşaqlara sərbəstlik yox, bütün dəqiqələrdə nəzarətdə olmalıdır. Evdə valideyn, məktəbdə isə müəllim bunu təmin etməlidir”, - sosioloq deyib.
 
Təhsil eksperti Elmin Nuri hesab edir ki, məktəblərdə siqaret çəkib, həmyaşıdları arasında təbliğ edənlər deviant davranışlı uşaqlardır və onlar barəsində sərt qadağalar tətbiq edilməlidir.
 
"Şagirdlərin etik davranış qaydalarının tənzimlənməsi öz sözünü deməlidir. Müəyyən qədər məktəbdə etik davranış qaydaları ilə bağlı pilot layihələr həyata keçirilir. Məktəblərdə bir-birini əvəz edən neqativ hallar, təlim tərbiyə prosesində pozuntular, çətin tərbiyə olunan şagirdlərə nəzarət yüksək səviyyədə olmadığı üçün bu qaydalar bütün məktəblərdə tətbiq olunmaldır. Məktəblərdə siqaret çəkib, həmyaşıdları arasında təbliğ edənlər də çətin tərbiyə olunan şagirdlər olurlar. Məktəblərdəki neqativ halların demək ola ki, hamısı həmin deviant qrupa aid uşaqlara məxsusdur. Onlar barəsində ayrıca sərt qadağalar tətbiq edilməlidir. Həm məktəbdaxili, həm məktəbxarici səbəblər eyni anda tənzimlənməsə, biz hər hansı şeydən danışa bilmərik”, - ekspert bildirib.
 
Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, valideynlər müntəzəm olaraq övladları ilə məşğul olmalıdır.
 
"Narkotik vasitələrin məktəbə daxil olması diqqətə alınacaq məsələdir və burada valideynlər və məktəbdən asılı olan məsələ deyil, eyni zaman da şəxsin özündən asılı olan da məsələdir. Valideyn və məktəb daimi olaraq uşağı izləyə bilmir. Bunun satışını həyata keçirən şəxslər də kəşfiyyat aparıb öz qurbanlarını yaxşı araşdırıb, satışı təşkil edirlər. Ona görə də, valideynlər övladları ilə müntəzəm məşğul olmalıdır. Narkotik vasitənin onların sağlamlığına ziyan olduğunu bildirməlidir. Təhsil müəssisəsində də həmçinin bu barədə profilaktik söhbətlər aparılmalıdır. Eyni zamanda məktəbkənarında video görüntülü alan kamera quraşdırılmalıdır. Məktəblərdə mühafizə polisi yaradılmalıdır. Belə olan halda müəyyən qədər olsa da, qarşsını almaq olar”, - Əfəndi deyib.
 
Psixoloq Zeynəb Əyyubova qeyd edib ki, uşaqlar deyiləni yox gördüklərini təqlid edirlər.
 
"Uşaq tərbiyəsində model olaraq ailə öz sözünü deyir. Uşaq deyilənləri etmir, gördüklərini təqlid edir. Əgər uşaq görsə ki, ata siqaret çəkir, uşaq siqaretə meyillənəcək, görsə içki içir, içkiyə meyillənəcək. Təəssüflər olsun ki, atalar özləri siqaret çəkdiyi halda, spirtli içkilər, enerji içkiləri içdikləri halda zərərləri haqqında uşaqlara danışırlar. Bu da uşaq beynində paradoksal vəziyyət yaradır. Uşaqların 9-11-ci siniflərdə bu tip şeylərə marağları olur. Çünki ona nə qadağa olunursa, ona marağı artır. Bu məsələni onların gözlərində adiləşdirmək lazımdır. Psixoloqların məktəblərdə daha çox seminar verməyi məqsədəuyğun olar”, - Əyyubova söyləyib.
 
Psixologiya Elmi Tədqiqat institutunun sədri Elnur Rüstəmovun sözlərinə görə, uşaqların internetə çıxış imkanlarının yüksək olması, narkotacirlərin sosial şəbəkələrdə çox fəallaşması uşaqların daha erkən vaxtlarda narkotik maddələrin təsiri altına düşməsinə imkan yaradır.
 
"Təəsüf ki, yeniyetməlik kimi kəskin inkişaf dövründə olan şagirdlərin bu haqda yetərli qədər məlumatlı olmaması, onların belə zərərli vərdişlərə olan meylini tətikləyərək böyük səhvlərə yol açır. Məktəblilər arasında narkotik maddələrin istifadəsindən danışarkən yalnız bir səbəb üzərində dayanmaq düzgün olmaz. Bu istifadə bir neçə faktorun təsiri altında yaranır ki, onların arasında sinifdə həddindən artıq utancaqlıq və aqressiv davranışlar, məktəbdə müvəffəqiyyətin azalması, sosial bacarıqların zəifliyi, ailə mühitində narkotik maddələrin istifadəsinə şəraitin yaradılması kimi və digər amillər də var. Narkotik aludəçiləriylə aparılan sorğular göstərir ki, ailədə və işdə yaranan problemlər, psixoloji zəiflik, düzgün seçilməyən mühit və digər müxtəlif səbəblər onları narkotikdən istifadəyə istiqamətləndirib. Təəsüf ki, narkotikdən sırf əyləncə məqsədilə istifadə edənlərin də olması faktdır ", - o deyib.
 
Onun sözlərinə görə, narkomaniya ilə mübarizədə tək məktəb və təhsil müəssisələri deyil ailə mühiti və valideynlər də olduqca böyük rol oynayır.
 
"Valideyn ilk növbədə övladının hərəkət və davranışında kəskin kənara çıxma halları görürsə bununla bağlı psixoloq dəstəyi almalıdır. Bununla yanaşı, tibbi müayinələr və məktəb dövründən başlayaraq həm təhsil müəssisələrində həm də ailədə təlim-tərbiyə sisteminin düzgün təşkili olduqca önəmlidir. Məhz bu baxımdan narkomaniya ilə mübarizədə pedaqoqların və məktəb psixoloqlarının üzərinə xüsusi məsuliyyət düşür”, - Rüstəmov qeyd edib.
 
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin Ailə Məsələləri şöbəsinin baş məsləhətçisi Nailə ibrahimova qeyd edib ki, gənclər arasında sağlam həyat tərzinin təbliği məqsədilə mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir.

"Komitənin  və Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ümumtəhsil müəssisələrində və  peşə təhsil məktəblərində keçirilən” Sağlam düşün,Sağlam yaşa, Sağlam ol” "Narkotiksiz həyat”, "Sağlam həyat tərzi”, "Zərərli vərdişlərin insan sağlamlığına təsiri”, "Gələcəyimizi bir yerdə qoruyaq, zərərli vərdişlərə Yox deyək” "Narkomaniya ilə mübarizə”  mövzularında təlim və görüşlər təşkil olunub. Eləcə də Komitə tərəfindən artıq necə ildir ki, yeniyetmə və gəncləri zərərli vərdişlərin fəsadları, yaratdığı problemləri barədə məlumatlandırmaq, yeniyetmələrin təhsilə,elmə olan marağını daha da artırmaq məqsədilə "Həyatının memarı-Sən özünsən” adlı layihə keçirilir.Eyni zamanda Komitənin rəsmi saytında və sosial şəbəkə səhifələrində maarifləndirici məlumatlar  paylaşılır, əhalinin daha çox istifadə etdiyi ictimai nəqliyyat vasitələrində ictimai maarifləndirmə tədbirləri çərçivəsində "Narkotik – ölüm tələsidir! Yox deyək!” və digər mövzulardan hazırlanmış videoçarx nümayış olunmuş, "Övladınıza narkotikdən daha yaxın olun”, "Yox” deməyə bacar! adlı bukletlər çap edilib və keçirilən tədbirlərdə paylanılıb. 1  İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə Azərbaycanın bütün bölgələrini təmsil edən  400 uşağa uşağa maarifləndirmə məqsədilə "Narkotik – ölüm tələsidir! Yox deyək!” adlı stiker  paylanılıb”, - o deyib.
 
2023-cü ildə Cenevrədə jurnalistlərə açıqlama verən ÜST-ün Tibb şöbəsinin rəhbəri Kerstin Şotte bildirib ki, tütün hər il 8 milyon, hər saniyədə isə 1 insanın həyatına son qoyur.
 
Onun sözlərinə görə, tütün tüstüsünün qurbanı olan 1,3 milyon insan özləri bu məmulatın istifadəçisi deyil, passiv siqaret çəkməyin  (ətraf mühitə yayılan tütün tüstüsü ilə nəfəs alan insanlar) qurbanıdır.
 
Şotte onu da vurğulayıb ki, dünyadakı uşaqların yarısı tütünlə çirkləndirilmiş hava ilə nəfəs alır və nəticədə onun təsirindən 51 min uşaq ölür.
 
BMT-nin Səhiyyə Agentliyinin məlumatına görə, hər 10 siqaret çəkəndən 9-u bu vərdişə 18 yaşından, bəziləri isə 11 yaşından başlayır.
 
Aygün Mirakif
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb