Vahid Mustafayev: "İndiyədək xalqımıza, dövlətimizə necə xidmət etmişiksə, eyni qaydada davam edəcəyik”
"Yeni Müsavat" SSRİ-nin ilk müstəqil televiziyası ANS-in 26 illiyi münasibəti ilə məqalə dərc edib. İstiPress məqaləni olduğu kimi təqdim edir:
Noyabrın 26-sı fəaliyyəti dayandırılmış ANS kanalının "Xəbərçi” proqramının ilk dəfə efirə çıxdığı gündür. Kanalın keçmiş əməkdaşlarının əksəriyyəti müxtəlif media quruluşlarında işləsələr də, bu gün münasibətilə sosial şəbəkələrdə bir-birlərini təbrik ediblər.
"İç xəbər” verilişinin layihə rəhbəri olmuş Zənurə Talıbova İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində fəaliyyət göstərir. O, burada PR menecer kimi fəaliyyət göstərir.Ötən aylar ərzində ANS-in əməkdaşlarının bir qismi digər kanallarda işə düzəliblər. Lakin bildirilir ki, kanalın fəaliyyəti bərpa olunarsa, onlar yenidən öz şirkətlərinə geri dönəcəklər. Məsələn, ANS telekanalının keçmiş aparıcısı Rita Ömərova fəaliyyətini PR şirkətində davam etdirir.
ANS kanalının prezidenti, rejissor Vahid Mustafayev hazırda BALANS Milli Animasiya Studiyasında uşaqlar üçün animasiyalar, cizgi filmləri çəkməklə məşğuldur.
"Yeni Müsavat”a danışan ANS-ÇM Yayım və Media Şirkətinin baş direktoru olmuş Sevda Həsənova isə bildirdi ki, ANS fəaliyyətinin bərpası və digər bu kimi məsələlərlə bağlı heç bir irəliləyiş yoxdur: "Mən də BALANS Milli Animasiya Studiyamızda çalışıram. Artıq təxminən uşaqların maarifləndirilməsi ilə bağlı 30 seriyaya yaxın animasiyamız hazırdır. Bildiyiniz kimi, bu sahə Azərbaycanda yox səviyyəsindədir və biz çalışırıq ki, animasiya sahəsini inkişaf etdirək.
Animasiya sahəsi elədir ki, burada çalışanlar gərək şirkətin zövqünü də bilsin. Ona görə də əsas işçi qüvvəmiz köhnə ANS-çilərdir. Təbii ki, yeni əməkdaşlar da götürüb, yetişdiririk və bu sahə, eləcə də kino sahəsi ilə bağlı təhsil almaları üçün xaricə göndəririk. Hələ ki xəbərlə bağlı kurslarımızı dayandırmışıq, ancaq nəzərdə tuturuq ki, gələcəkdə bu işə də başlayaq. ANS kanalının bərpası məsələsi ilə bağlı isə yenilik yoxdur. Hazırda kanalların çoxunda əsas işçi qüvvəsi keçmiş ANS-çilərdir. Lakin kanalımız bərpa olunursa, geri qayıtmağa hazırdırlar. ANS hər birimiz üçün həyat tərzi olub. Bizim sosial şəbəkələrdə səhifələrimiz var ki, orada da sadə vətəndaşlar xeyli sayda rəylər yazır, ANS-in nə zaman bərpa olunacağını soruşurlar. Ümid edirik ki, ANS-in fəaliyyəti bərpa olunacaq. Hələ ümidimiz ölməyib”.
Xatırladaq ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən dayandırılması barədə qərar qəbul edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !