Avro da ucuzlaşır

10:00 | 24.01.2015
Avro da ucuzlaşır

Avro da ucuzlaşır

Natiq Cəfərli: "Azərbaycanda inhisarçı model olduğundan bu ucuzlaşmanın bazarlarda hiss olunacağına inanmıram”


Avropa Mərkəzi Bankının mart ayından etibarən valyuta siyasətindəki dəyişikliklər barədə açıqlaması dünya bazarında avronun dəyərinə zərbə vurub. Bu çıxışdan sonra avronun ucuzlaşması baş verib və onun dollara nisbəti 1,16-dan 1,12-ə düşüb. Bununla da avro son 11 ildə ən aşağı həddə düşüb. Proqnozlara görə, avro ilin sonuna qədər dollarla bərabərləşə bilər. Bu proses paralel olaraq Azərbaycanda avronun məzənnəsinə təsir edib və bir avro manata nisbətdə 0, 88 qəpik olub.  

Bəs, görəsən Azərbaycanda avronun dəyərdən düşməsi ölkə iqtisadiyyatında necə təsir edəcək?  

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, avronun dəyərdən düşməsinin Azərbaycana həm mənfi, həm müsbət təsiri ola bilər: "Azərbaycanda Mərkəzi Bankın çox maraqlı siyasəti var. İllərdir hökumət dolların kursunu sabit saxlamağa çalışır və buna nail olur. Avropa Mərkəzi Bankının kəmiyyət yumşadılması proqramını qəbul etməsi, sadə dillə desək mart ayından başlayaraq bazara 60 milyard avro çap edib buraxması dünya birjalarında avronun dəyərinin dollara nisbətdə 2-3% enməsinə səbəb olub. Azərbaycanda da paralel olaraq avronun məzənnəsi manata nisbətdə azalmağa başlayıb. Bunun Azərbaycan üçün həm fəsadları, həm də üstünlükləri ola bilər. Əgər ölkədə inhisarçılıq olmasa idi, Avropadan gətirilən malların qiyməti ucuzlaşa bilərdi. Çünki nəzərə alaq ki, 2-3 ay öncə avronun məzənnəsi manata nisbətən baha idi, bir avro 1,08 manat təşkil edirdi. Əslində bu daxili bazar üçün müsbət nəticələr verə bilərdi. Ancaq Azərbaycanda inhisarçı model olduğundan bu ucuzlaşmanın bazarlarda hiss olunacağına inanmıram”.


İqtisadçı ekspert qeyd edib ki, bu prosesin Azərbaycan üçün ziyanlı tərəfləri də var: "Həm Neft Fondunun, həm də Mərkəzi Bankın valyuta ehtiyatlarının bir hissəsi avro ilə saxlanılır. Bu məbləğ təxminən 10 milyard avro civarındadır. Avronun dollara nisbətdə bu qədər ucuzlaşması bu valyuta ilə saxlanılan vəsaitlərin də dəyərini itirməsinə səbəb olur. Bu baxımdan ölkəmizə də ziyan vurur. Avronun ucuzlaşmasının ölkəmiz üçün digər bir ziyanlı cəhəti odur ki, Azərbaycanın Avropaya ixrac etdiyi qeyri-neft məhsulları bahalaşa bilər. Düzdür bu məhsulların həcmi o qədər də çox deyil, ancaq  ölkə iqtisadiyyatına təsir edə bilər”.

Natiq Cəfərlinin fikrincə, dünya bazarında gedən proseslərin Azərbaycana vurduğu zərbə manata olan basqıların artmasıdır: "Neftin qiymətinin uzun müddət aşağı həddə davam etməsi  hökuməti çətin vəziyyətə salacaq və seçim qarşısında qoyacaq. Çox güman ki, ilin sonuna qədər qiymətlər bu səviyyədə qalsa, Azərbaycan manatı da digər valyutalara nisbətən az da olsa dəyərini itirə bilər.

Manatın dəyərinin saxlanılması ixracatçılara çox pis təsir edir. Ona görə də, Azərbaycanda son dövrlər qeyri-neft sektorunda ixracat hər il azalır və getdikcə də azalacaq. Buna görə də, yaxın gələcəkdə manatın kursu bu qədər bahalı olsa qeyri-neft sektorundakı cüzi ixracat da məhv ola bilər".
 
 
ANN.Az
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb