Meydana öncə "Krasnodar” və "Fənərbaxça” çıxacaq. Rusiya və Türkiyə təmsilçilərinin duelində kimin üstün olacağı maraqla gözlənilir. "Mançester Yunayted”, "Feyenoord” və "Zarya” ilə eyni qrupda mübarizə aparmış "sarı-lacivərtlilər” birinci pilləni tutmuşdular. "Şalke”, "Zalsburq” və "Nitsa” klublarına rəqib olmuş "Krasnodar” isə qrup ikincisi kimi adını 1/16 final mərhələsinə yazdırmışdı.
Çempionlar Liqası ilə vidalaşan "Beşiktaş” mübarizəni Avroliqada davam etdirəcək. İsraildə "Hapoel”in qonağı olacaq "qara qartal”ın işi asan olmayacaq. Çünki Beer-Şeva təmsilçisi qrup mərhələsində İngiltərənin "Sauthempton” və İtaliyanın "İnter” klublarını qabaqlayaraq, ikinci yeri tutmağı bacarmışdı.
"Fənərbaxça” və "Beşiktaş” kimi ilk oyununu səfərdə keçirəcək "Osmanlıspor” "Olimpiakos”la üz-üzə gələcək. Mustafa Reşit Akçayın yetirmələri qrup mərhələsində özlərini yaxşı tərəfdən göstərmişdilər. Belə ki, "Osmanlıspor” İspaniyanın "Vilyarreal” klubunun da yer aldığı L qrupunda birinci olmağı bacarmışdı. Ankaralıların bu tempi davam etdirib-etdirməyəcəyi maraqla gözlənilir.
Qrup mərhələsində Azərbaycan təmsilçilərindən "Qarabağ”ın rəqibi olmuş "Fiorentina” 1/8 finala adlamaq üçün Mönhenqladbax "Borussiya”sını mübarizədən kənarlaşdırmalıdı. PAOK da Almaniya təmsilçisi ilə duelə çıxacaq. Saloniki təmsilçisi "Şalke” ilə matçda gücünü göstərməyə çalışacaq.
"Qəbələ”nin keçmiş rəqiblərindən "Sent-Etyenn”i ciddi sınaq gözləyir. Belə ki, fransızlar "Old Trafford”a ayaq basacaqlar. "Mançester Yunayted” – "Sent-Etyenn” qarşılaşması Poqba qardaşlarının dueli baxımından da maraq doğurur. "Sent-Etyenn”in müdafiəçisi Florentin Poqba "Mançester Yunayted”in uğurları üçün çalışan kiçik qardaşı Pol Poqbaya qarşı mübarizə aparacaq.
Mərhələnin gərgin mübarizə vəd edən görüşlərindən biri də İspaniyada baş tutacaq. "Vilyareal” E qrupunun birincisi "Roma”nı qəbul edəcək.
UEFA Avropa Liqası
1/16 final mərhələsi, ilk oyunlar
16 fevral
20:00. "Krasnodar” (Rusiya) – "Fənərbaxça” (Türkiyə)
22:00. "Astra” (Rumıniya) – "Genk” (Belçika)
22:00. "Alkmaar” (Hollandiya) – "Lion” (Fransa)
22:00. "Borussiya” (Mönhenqladbax, Almaniya) – "Fiorentina” (İtaliya)
22:00. "Selta” (İspaniya) – "Şaxtyor” (Ukrayna)
22:00. "Rostov” (Rusiya) – "Sparta” (Çexiya)
22:00 "Gent” (Belçika) – "Tottenhem” (İngiltərə)
22:00. "Ludoqorets” (Bolqarıstan) – "Kopenhagen” (Danimarka)
22:00. "Olimpiakos” (Yunanıstan) – "Osmanlıspor” (Türkiyə)
00:05. "Anderlext” (Belçika) – "Zenit” (Rusiya)
00:05. "Atletik” (İspaniya) – APOEL (Kipr)
00:05. "Hapoel” (Beer-Şeva, İsrail) – "Beşiktaş” (Türkiyə)
00:05. "Legiya” (Polşa) – "Ayaks” (Hollandiya)
00:05. "Mançester Yunayted” (İngiltərə) – "Sent-Etyenn” (Fransa)
00:05. PAOK (Yunanıstan) – "Şalke” (Almaniya)
00:05. "Vilyarreal” (İspaniya) – "Roma” (İtaliya)
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !