Azərbaycan gimnastları: Hamı məmnundur və nəticədən razıdır

16:30 | 25.05.2019
Bakıda Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında aero-dans proqramında finala çıxmış Azərbaycan komandası çıxışdan razı qalıb

Bunu Trend-ə gimnastlar özləri deyib.

Komandanın üzvü İmran İmranov bildirib ki, hər şey yaxşı keçib:
"Bizim bu gün digər kateqoriyalarda – cütlük, üçlük və qrup proqramlarında çıxışlarımız olacaq. Zalın dəstəyi möhtəşəmdir”.

Komandanın digər üzvü Elçin Məmmədov deyib ki, gimnastlar məşqçinin bütün tapşırıqlarını yerinə yetirməyə çalışıb:
"Hamı məmnundur və nəticədən razıdır. Ümid edirəm ki, finalda da layiqli nəticə göstərə biləcəyik”.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.

Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.

www.anews.az
loading...