Azərbaycan neftinin daşınması fevralın 8-nə qədər dayandırılıb - Reuters

20:58 | 06.02.2023
Azərbaycan neftinin daşınması fevralın 8-nə qədər dayandırılıb - Reuters

Azərbaycan neftinin daşınması fevralın 8-nə qədər dayandırılıb - Reuters

Azərbaycanın neftini beynəlxalq bazarlara ixrac edən Ceyhan terminalı zəlzələdən dəyən ziyanın qiymətləndirilməsi səbəbindən fevralın 8-ə kimi işləməyəcək.  Bu barədə Reuters agentliyi məlumatlı mənbələrə istinadən xəbər verir.  
 
"Ceyhan  terminalı  operatorlar tərəfindən zəlzələdən dəyən ziyanı qiymətləndirənə kimi dayandırılıb. Terminal fevralın 6, 7 və 8-i bağlı olacaq. Bunu Türkiyənin gəmiçilik xidmətində çalışan mənbə bazar ertəsi bildirib", - xəbərdə deyilir. 

Mənbə  əlavə edib ki, İskəndərun sənaye qovşağında yerləşən Limak limanının bəzi yük sahələrində yanğın hələ də söndürülməyib və bu səbəbdən bütün işlər dayandırılıb.
 
Bir az əvvəl BP -Azərbaycan şirkətinin sözçüsü Tamam Bayatlı bildirib ki, Bakı-Tbilisi-Ceyhan kəmərinə heç bir zərər dəyməyib.
 
"BTC vasitəsilə ixrac əməliyyatları davam edir və neft Ceyhan terminalında olan çənlərə toplanılır. Ceyhan terminalının tankerlərə neft yüklənilən hissəsində neft sızması aşkarlanması səbəbindən neftin gəmilərə doldurulması müvəqqəti olaraq dayandırılıb”, - Tamam Bayatlı deyib. 
 
Onun sözlərinə görə,  sızma artıq aradan qaldırılıb və qiymətləndirmə işləri aparılır. Bu işlər bitəndən sonra terminaldan gəmilərin yola salınması bərpa ediləcək.
 
Amma daşınmanın nə vaxt bərpa ediləcəyini BP rəsmisi  açıqlamayıb.
 
BTC kəmərində hər hansı nasazlıq yoxdur və ACG yataqlarından neft hasilatı əvvəlki rejimdə davam edir. 

Fevralın 5-də Türkiyədə çoxlu insan itkisinə səbəb olan zəlzələ baş verib. Nəticədə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin son nöqtəsi olan Ceyhan limanının terminalında sızma olub.  BTC kəməri ilə Azərbaycanın iri  neft yataqları olan və BP operatorluğu altına istismar edilən "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft ixrac olunur.  Bu kəmər vasitəsilə başqa ölkələrin neftləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti göndərilir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM