Azərbaycanda doğuldu, Ermənistana baş nazir oldu

20:58 | 09.09.2016
Azərbaycanda doğuldu, Ermənistana baş nazir oldu

Azərbaycanda doğuldu, Ermənistana baş nazir oldu

Ermənistanın yeni baş nazirinin təyinatı gerçəkləşdi.

Hamıya məlum olduğu kimi, bu, İrəvanın keçmiş meri, "Qazprom mejregionqaz" şirkətinin baş direktorunun müavini Karen Karapetyandır.

Karen Karapetyan da Ermənistanı 20 ildən çox idarə edən "Qarabağ” klanının nümayəndəsidir.

Ermənistan mətbuatı, siyasi ekspertlər və politoloqların Ovik Abramyanın yerinə məhz Karen Karapetyanın təyin olunması ilə bağlı yekdil rəyi onun Moskva tərəfindən "məsləhət görülməsi” və hakimiyyəti idarə edən qruplar arasında bir konsensus olmasıdır.

Karapetyanın təyin olunmasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın da rol oynadığını qeyd etmək olar.

Xatırladaq ki, Robert Köçəryan bir həftə bundan öncə "Azadlıq” radiosuna verdiyi müsahibədə cəmiyyətin Ermənistanın indiki hakimiyyətindən narazı olduğunu bildirmiş və "Sasna tsrer” qiyamı ilə ilə ona sarı vərəqə göstərdiyini demişdi.

Bəzi müşahidəçilər bu sözlərin Köçəryanın Serj Sərkisyana işarə ilə ultimatum verməsi kimi dəyərləndirirdi.

Xatırladaq ki, eks baş nazir Ovik Abramyan da həmin dövr ərəfəsində "boş” dayanmayaraq Köçəryan dövründə çıxarılan məhkəmə qərarlarına görə Ermənistanın ödədiyi cərimələrin araşdırılmasını tələb etmişdi. 

Siyasi ekspertlər Abramyanın başının getməsində onun siyasi çevrələrdə hələ də nüfuzunu qoruyan  Köçəryana sataşmasının da rolu olduğunu bildirirlər.

Politoloq Akop Badalyanın da fikrincə Karapetyan Sərkisyan və Köçəryan arasında, habelə digər siyasi güclərin öz aralarında gəldiyi konsensusun simvoludur.

Karapetyanın 2018-ci ildən sonra Ermənistanın növbəti prezidenti olacağı da istisna edilmir. Qeyd olunur ki, həmin vaxtdan sonra Ermənistanda prezident hakimiyyəti yeni konstitusiya ilə onsuz da xeyli zəifləyəcək, əksər səlahiyyətlər isə baş nazirə keçəcək. Siyasi ekspertlər 2018-ci ildə Serj Sərkisyanın meydana baş nazir kimi qayıdıcağından əminliklə danışırlar.

Bu arada Karapetyanın şəxsiyyəti ilə bağlı  Ermənistan mətbuatında maraqlı informasiyalar yayılmaqdadır.

Mətbuatın yazdığına görə, Ermənistanın yeni baş naziri keçmiş prezident Robert Köçəryanın yaxın qohumudur.

Bu barədə Ermənistanın asekose.am saytı xəbər verib.

Xəbərə görə, Ermənistanın yeni baş nazirinin rəsmi bioqrafiyasında onun Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin  mərkəzi Xankəndində dünyaya gəldiyi göstərilib.
Lakin Ermənistan mətbuatı onun Dağlıq Qarabağın Əskəran rayonunun Daşbulaq kəndində dünyaya gəldiyini bildirir.

Qeyd olunur ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da həmin kənddə dünyaya göz açıb.

Erməni mənbələr Kare Karapetyanın Robert Köçəryanla qohumluq əlaqlərinin olduğunu iddia edir. Rusiyanın "Moskovskiy komsomolets” qəzetinin yazdığına görə isə Karen Karapetyan təkcə Robert Köçəryanın deyil, həm də onun arvadı Bella Köçəryanın yaxın qohumu sayılır.
Tərəflər hələlik bu barədə hər hansı şərh verməkdən boyun qaçırıblar.

Erməni poltioloqlar isə yeni təyinatın Ermənistanda müsbət dəyişikliklərə imza atacağı barədə nikbin danışmırlar.

Politoloq Stepan Danielyan tert.am-a verdiyi müsahibədə Ermənistanda yaxşılığa doğru dəyişiklik gözləmədiyini bildirib: "Düşünürəm ki, inkişaf vektorunda dəyişiklik baş verir. Ermənistanda yerli avtoritetlərin rolu qalxacaq, yeni Konstitusiya ilə isə onlar ümumiyyətlə nəzarətdən çıxa bilər. 1998-ci ildə ölkədə hakimiyyət böhranı yaranan zaman kənardan Köçəryanın dəvət olunduğu kimi, bu dəfə də eyni proses həyata keçirildi”.

Stepan Danielyanın fikrincə Ermənistanda "Miras” əməliyyatına artıq start verilb: "Varis” hansısa qrupun nümayəndəsi olmalı, həm sərmayə anlamında, həm də geopolitik dəstək baxımından güclü nüfuza malik olmalıdır”. 

Stepan Danielyan bu məsələ ilə bağlı Qarabağın mühüm rol oynadığını da qeyd edib: "Rusiya növbəti hakimiyyətə bu məsələdə təminat verməlidir, çünki Serj Sərkisyan artıq inam kreditini çoxdan itirib”.

Ermənistanın digər politoloqu Vigen Akopyan da Karen Karapetyanın təyinatı məsələsində daxili və xarici maraqların üst-üstə düşdüyünü bildirir.

"Fikirləşirəm ki, Rusiya Serj Sərkisyana imtina edə bilməyəcəyi təklif irəli sürüb. Rusiya son vaxtlarda Ermənistanda mövqelərinin zəifləməyə başlamasından çox narahat idi. Ona görə bir şey etməyin zərurətini anlayırdı. Serj Sərkisyan isə Karapetyanın təyinatına razılığı müqabilində Sərkisyandan bir sıra güzəştlər qopara bilib”.//musavat.com 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb