Azərbaycanda ilk dəfə SAT imtahanları keçiriləcək

13:01 | 11.12.2014
Azərbaycanda ilk dəfə SAT imtahanları keçiriləcək

Azərbaycanda ilk dəfə SAT imtahanları keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) gələn ildən etibarən SAT imtahanları təşkil edəcək.

ANN.Az APA-ya istinadən xəbər verir ki, TQDK-dan verilən məlumata görə, SAT (Scholastic Aptitude Test) şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış test imtahanıdır və hər il iki milyondan artıq məktəb məzunu imtahan verir.

SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. SAT imtahanının nəticəsi ali təhsil ocaqlarının qəbul komissiyaları üçün məktəb məzunlarını eyni şkala üzrə müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə obyektiv mənbə hesab edilir.

"College Board” saytında TQDK-nın qeydiyyatdan keçmiş test mərkəzinin kodu 60129-dur. İlk imtahan 2015-cü il yanvar ayının 24-də TQDK-nın test mərkəzində - Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A ünvanında yerləşən binasında təşkil olunacaq.

Qeydiyyat dekabr ayının 29-dək aparılır.

ANN.Az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM