Azərbaycanda pambıq yığımı 9 %-dək artıb

20:00 | 26.11.2020
Azərbaycanda pambıq yığımı 9 %-dək artıb

Azərbaycanda pambıq yığımı 9 %-dək artıb

Bu il Azərbaycanda pambıq yığımı başa çatmasa da artıq fermerlər sahələrdən 320 542 ton məhsul yığaraq qəbul məntəqələrinə təhvil veriblər.

Bunu Anews.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, bu, ötən ilin yekun göstəricisindən 25,5 min ton (8,6 %) çoxdur. Qeyd edək ki, 2019-cu il pambıq mövsümünün yekununda ölkə üzrə 295 min ton pambıq yığılaraq məntəqələrə təhvil verilib.

Bu günə pambıq yığımında orta məhsuldarlıq 32,09 sentner təşkil edir. Bu, Azərbaycanın pambıqçılıq tarixinin ən yüksək göstəricilərindən biridir. Hazırda sahələrdə pambıq yığımı davam edir, mövsümün yekununda həm məhsul həcmi, həm orta məhsuldarlıq göstəricilərinin daha da artacağı gözlənilir. Pambıq yığımının optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.

2020-ci ildə Azərbaycanın 21 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkilib. İndiyədək ən yüksək orta məhsuldarlıq Salyan (40,12 sent/ha), Neftçala (38,15 sent/ha), Beyləqan (34,42 sent/ha), Yevlax (34,05 sent/ha), Ağcabədi (33,44 sent/ha), Goranboy (33,25 sent/ha), Tərtər (32,32 sent/ha), Saatlı (32,27 sent/ha), Sabirabad (31,81 sent/ha), Bərdə (31,66 sent/ha) və Ağdam (30,78 sent/ha) rayonlarında qeydə alınıb. Daha iki rayonda - Zərdab (29,71 sent/ha) və Hacıqabulda (29,40 sent/ha) pambıq üzrə orta məhsuldarlıq göstəricisi 30 sentnerə yaxındır.

2020-ci ildə ən çox pambıq əkini Saatlı (14 141 ha), Ağcabədi (10 689 ha), Bərdə (10 646 ha), Biləsuvar (10 061 ha), Sabirabad (9 683,5 ha) və Beyləqan (8 743 ha) rayonlarında aparılıb.

Qeyd edək ki, Azərbaycanda pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Yeni subsidiya mexanizminə əsasən, pamblıqçı fermerlər təhvil verdikləri məhsula görə dövlətdən həm əkin, həm məhsul subsidiyası alırlar. Pambıq sahəsinin hər hektarına görə fermerə 220 manat subsidiya verilir, eyni zamanda fermerlər qəbul məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 100 manat subsidiya alırlar. Yetişdirilən məhsul fermerdən keyfiyyətindən asılı olaraq hər tonu 550-650 manat olmaqla satın alınır. Həyata keçirilən dövlət dəstəyi mexanizmləri nəticəsində pambıqçılıq kənd təsərrüfatının ən əməktutumlu və ən çox gəlir gətirən sahəsinə çevrilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb