Azərbaycanın su ehtiyatları azalıb

16:31 | 09.03.2023
Azərbaycanın su ehtiyatları azalıb

Azərbaycanın su ehtiyatları azalıb

Azərbaycanda ciddi su problemi yaşanır. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclasında deyib.
 
"Azərbaycanda ciddi su problemi yaşanır. Bu problem getdikdə daha qlobal hal alır.  2050-ci ilə qədər çoxsaylı növlərin sıradan çıxacağı gözlənilir. Biomüxtəlifliyin qorunması üçün Azərbaycanda və dünyada "Qırmızı Kitab"lar mövcuddur. Bizdəki kitabın ilk nəşri 1989-cu ildə çap olunub. Orada floramız 140 növ, heyvanlar isə 108 növlə xarakterizə olunurdu. 2013-cü ildə çıxarılan ikinci nəşrdə bitki növlərinin sayı 266, heyvan növləri isə 226-yə çatıb. Hazırda "Qırmızı Kitab"ın üçüncü nəşri hazırlanır və bu il dərc olunacaq. Burada isə nəsli kəsilməkdə olan 226 heyvan növünün sayı 241-ə çatıb", - Hüseynov bildirib. 
 
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun fikrincə, Azərbaycanda iqlimin dəyişməsi, atmosferin çirklənməsi, havanın tempuratorunun qızması su qıtlığını yaradan amillərdəndir.

"Azərbaycan suya görə sıralamalarda ən sonuncu yerdədir. Buna səsəb isə iqlimin dəyişməsi atmosferin çirklənməsidir. Qonşu Gürcüstanla müqayisə etsək, Azərbaycanda adam başına düşən su ehtiyatı 7 dəfə, Ermənistanda isə 3,5 dəfə çoxdur.  Bundan başqa Azərbaycanın su resurslarının böyük bir qismi Qarabağ zonasında yerləşir. Qarabağda yerləşən Sərsəng su anbarı çox təssüf ki, azad olunmuş ərazilərdə deyil. Bu da qıtlığı yaradan əsas amillərdəndir",- deputat vurğulayıb.
 
Deputat sudan necə səmərəli istifadə edilməsi məsələsinə də toxunub.
 
"Suyun idarə olunmasında artıq beynəlxalq praktikanı Azərbaycana gətirmək lazımdır. Su itkisinin qarşısının alınması üçün yeni texnologiyalardan istifadə etməliyik. Kənd təsərrüfatında aqronomların az olması su təsürrüfatına ciddi ziyan vurur. Aqronomlar tərəfindən hansı bitkinin harda əkilməsi və s.  müəyyən olunmalıdır. Suyun təkrar emalı prosesi getməlidir, içməli su ilə texniki su ayrılmalıdır. Şəhərlərdə yağış suyunun idarə olunması, su anbarlarının tikilməsi məsələləri müzakirə olunmalıdır",- Millət vəkili əlavə edib.
 
Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Rövşən Abbasov bildirir ki, suya qənaət etmək üçün həm sənayedə, həm də məişətdə su itkiləri azaldılmalı, müasir suvarma texnologiyalarına keçid olmalıdır.
 
"Su qıtlığını aradan qaldırmaq üçün torpaq kanallar betonlaşmalı, açıq arxlar borulaşmalıdır. Fermerlərdə suya qənaət təşəbbüsü yadılmalıdır. Suyun qənaəti üçün sayğaclaşma işləri aparılmalıdır. Kənd təsərrüfatında az suya qane olan bitkilər əkilməlidir. İqlim dəyişmələri nəticəsində su ehtiyatları 25 faizədək azala bilər. Bundan başqa, fermerlərin məlumatsızlığıda buna səbəb ola bilər",- Rövşən Abbasov bildirib.
 
Azərbaycanda su anbarlarının ümumi həcmi 21 kub kilometr, çayların su ehtiyatları isə 28-30,3 kub kilometrdir.

2022-ci ilin noyabrına olan məlumatlara görə Azərbaycanın göllərində şirin su ehtiyatı 0,90 kub kilometr təşkil edir. Ümumilikdə, ölkədə 21 tranzit çay var.

Bundan başqa, qonşu ölkələrdən Azərbaycan ərazisinə su axını 19-20,3 kub kilometr təşkil edir.

Yerüstü sulardan illik istifadə 11-12 milyard kubmetr, qrunt sularından isə 2-2,8 milyard kubmetr təşkil edir.
 
Son illərin rəsmi məlumatlarına əsasən şirin və azminerallaşmaya malik yeraltı sulardan istifadənin həcmi regional ehtiyatların 1,5, təsdiq olunan ehtiyatların isə 26%-ni təşkil edir. Yeraltı sulardan istifadənin 80%-i suvarma və texnikiməqsədlərə sərf olunur.

Azərbaycan Respublikası çaylarının su ehtiyatları bütövlükdə müxtəlif qiymətləndirmələrə görə 28,1-30,3 km3 təşkil edir. Qonşu ölkələrdən Respublika ərazisinə daxil olan axım 19,7-20,3 km3 və ya 67-70% təşkil edir. Respublika ərazisində formalaşan axım həcmi isə 7,81-10,6km3 təşkil edir . Beləliklə, qonşu ölkələrdən daxil olan axım 2,0-2,5 dəfə yerli axımdan çoxdur.

Azərbaycanda 8359 çay var, onlardan Kür və Araz çaylarının uzunluğu 500 kilometrdən artıqdır. Daha 22 çayın uzunluğu 101–500 km arasında, 40 çayın uzunluğu 51–100 km, 107 çayın uzunluğu isə 26–50 km arasındadır. Kür çayı hövzəsində 5141, Araz çayı hövzəsində 1177 çay var. Qolları ilə birlikdə birbaşa Xəzər Dənizinə tökülən çayların sayı 3218-dir. Ümumilikdə çay şəbəkəsinin sıxlığı 0,36 km/km2 -dir
 
Aytac Zeynalova
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb