Azik - Həmid Həmidov

18:21 | 12.02.2015
Azik - Həmid Həmidov

Azik - Həmid Həmidov

Azik anadangəlmə əlildir. Onun bir əli yoxdur. Onunku da belə gətirib...

Azik hələ dünyaya gəlməmiş atası anasından ayrılıb və qadın başqa birinə gedib. Azik anadan olandan sonra atalığının ondan heç xoşu gəlməyib və hər zaman ondan canını qurtarmağa çalışıb.

Onun anası hamilə olmasına baxmayaraq, çox içən olub. Həyat elə gətirib ki, əlil dünyaya gələn Azik anasını da çox erkən itirib.

O, demək olar ki, təkbaşına böyüyüb. Ona qonuşlar kömək edib və  böyüməsində yaxınlıqda yaşayan imkanlı ailələr yardımçı olub.  

O, müstəqil həyata təcrübəsiz biri kimi daxil olub. Böyüyərkən bir çox səhvlər edib. Küçə həyatının ağuşunda dünyanın nə olduğunu anlayıb, elə küçədəcə təhsil alıb.

Ömürboyu onda nəsə çatışmayıb. Çox balaca olarkən o, daimi aclıqdan əziyyət çəkib, sonra isə var-dövlətdən, pulluluqdan.

Azik həyatın hərflərini çox erkəndən öyrənib və başqalarının necə yaşadığını erkən mənimsəyib. Lap uşaqlıqdan məhlənin avtoritet və güclü uşaqları ilə dostluq edib. Onlardan kömək alaraq kiçik tapşırıqları yerinə yetirib.

O, tez böyüyüb. Normal oxumağı öyrənməmiş, özünü saxlamaq üçün işləməyə başlayıb.

16 yaşı olanda isə birdən-birə əlinə xeyli maliyyə toplanır. Belə ki, vərəsəlik üzrə ona qalan mülkün həyətindən əntiq əşyalar ortaya çıxır.

O, bu əşyaları sataraq varlanır və onun başı pulun çoxluğundan gicəllənməyə başlayır. O, əvvəlki kimi yaşlıların məsləhətlərini dinləyərək hamı ilə münasibətləri isti saxlamağa çalışır, amma öz bildiyi kimi hərəkət edir.

Azik bahalı geyimləri, maşınları və gözəl qadınları sevir. O, təkcə öz şəhərində deyil, kənarlarda da evlər alır. Öz evini və ofisini təmir etdirmək üçün bahalı əşyalar gətirdir, amma həmin əşyalar qeyri-peşəkar ustaların əlində heç olur.

Azik özünü hər yerdə açıq-aydın nümayiş etdirir.

Bir qədər sonra o, təcrübəli qonşuların məsləhətlərini dinləməyi tərgidib və arada başqaları ilə yeni dost münasibətləri qurmağa başlayır. O, "şaxələndirmə” sözünü yaman bəyənir.

24 yaşına çatanda onun mülkündə tapılan daş-qaşların dəyəri əhəmiyyətsizləşməyə başlayır. Onların qiyməti aşağı düşür və insanlar onu almaqdan imtina edirlər.

Bu zaman Azik nə edəcəyini bilmir. O, yaxşı mütəxəssis olmağa, lazımi ixtisasa yiyələnməyə və  beynini inkişaf etdirməyə heç zaman çalışmamışdı. Yeni dostları ondan yavaş-yavaş aralanır. Onun mülkündən daima daş-qaş alanlar bunu daha seyrək və könülsüz etməyə başlayır. İndi onlar daha çox başqa satıcılara üstünlük verirlər.  

Azik hələ də ona miras qalan evdən tapılan əntiq əşyaların qiymətinin qalxacağına ümid edir. Amma kəmərini sıxmağı da unutmur.

O, hələ də əlsizdir...


ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM