"Bir psixoloq efirə çıxıb deyirsə ki..." - Vəfa Əkbər

13:49 | 14.01.2015

"Bir psixoloq efirə çıxıb deyirsə ki..." - Vəfa Əkbər

Azərbaycanda insanların psixoloji durumu əvvəlki illərə nisbətən dəyişib. Statistik məlumatlara əsaslansaq, gün ərzində törədilən cinayət işlərindəki vəhşilik əlamətləri, cinayətkarların affekt vəziyyətdə olmaları buna sübutdur. Psixoloji gərginliyin artamasının səbəbləri nədir? Cəmiyyətdə gənclərin sosial psixoloji durumu necədir? Ən çox kimlər psixoloqlara müraciət edir və bu mütəxəssislərin peşəkarlıq səviyyəsi necədir?
   
ANN.Az-ın qonağı psixoloq Vəfa Əkbərdir. Onunla müsahibəni oxuculara təqdim edirik:

 
- Azərbaycanda orta-statistik gənclərin psixoloji durumu necədir? Bir psixoloq kimi bu durum sizi qane edirmi?


- "Gənc" anlayışına ümumi yanaşma var - həddi-buluğa çatmış, 18 yaşı tamam olmuş ölkə vətəndaşları gənclər hesab olunurlar. Ömrün bu yaş həddi, yaxud yaş çağı elə bir zaman aralığıdır ki, insan bir şəxsiyyət kimi formalaşmalı, ayaqları üzərində durmağı bacarmalı, öz amalları uğrunda məqsədyönlü addımlar atmağı bilməlidir. Əfsuslar olsun ki, indi yeniyetməlik çağına çatanlar özlərini gənc hesab edirlər və qeyd etmək istərdim ki, bizim ən çox qarşılaşdığımız problemlərdən biri budur. Bəli, "Gənclər siyasəti haqqında” qanuna görə, 14-29 yaş arası ölkə vətəndaşları gənc nəsil hesab olunur. Amma biz məsələnin psixoloji tərəfini araşdırsaq, o zaman deyə bilərik ki, 14 yaşından 18 yaşına qədərdən olan nəsil yeniyetməlik dövründədirlər və onlara psixoloji yanaşma fərqli olmalıdır.

Gənclərlə bağlı digər problemlərdən biri, daha doğrusu ən əsası özlərini təsdiq edə bilməmələridir. Bunun ilkin səbəb isə ailədir. Bəzi gənclər daim ailədə diktə altında yaşayır; sən belə olmalısan, bunu belə etməlisən, sən belə getməlisən, bu işi görməlisən, bu yönü seçməlisən və s. Valideynlər varlıqlarını o dərəcədə göstərirlər ki, giperopika vəziyyəti yaranır. Yəni sevgilərini o dərəcədə biruzə verir, yaxud o dərəcədə aşırı məhəbbət nümayiş etdirirlər ki, övladları 18,19, hətta 30 yaşa çatsa da özlərini uşaq kimi hiss edirlər. Və bir gün ayılırlar ki, yaş 30-dan çoxdur və bu həyatda hər şey üçün gecikiblər. Heç nə edə bilmirlər, kim olduqlarını belə bilmirlər. Belələrinin psixoloji durumunda mütləq zədə qalır – öz peşələrindən  zövq ala bilmir, həyat yoldaşını sevə bilmir, onunla anlaşa bilmir və bu da boşanmaya səbəb olur.

- Əvvəllər belə problemlər olubmu? Olmayıbsa, indi bu duruma düşməyimizin səbəbi nədir?

- Dünya inkişaf edir və biz də bu dünyanın bir parçasıyıq. Amma baxır bu inkişafdan kim necə istifadə edir? Əvvəllər telefonla danışmaq üçün poçt mərkəzlərində, yaxud küçələrdə quraşdırılmış telefon köşklərində saatlarla növbə gözləyirdik ki, hansısa bir mühüm xəbəri qohum-əqrəbaya, ata-anaya, sevgiliyə, həyat yoldaşına çatdıraq. Amma indi biz nəinki növbə gözləyir, hətta özümüzdən min kilometrlərlə uzaqdakı yaxınımızla görüntülü danışırıq. Sadəcə, insan beyninin, yəni öz beynimizin bəhrəsi olan bu məhsuldan səmərəli istifadə etməliyik.

Belə bir misal çəkim: Avropada səfərdə olanda bir ailədə qalırdım. Ailə 3 nəfərdən – ata-ana və 8 yaşlı balaca oğlan uşağından ibarət idi. Ailədə belə bir qanun var idi: hər ay valideynlər aldıqları maaşı stolun üstünə qoyub aylıq büdcəni müəyyən edirdilər. Ən əvvəl kommunal xərclər, sonra evin ərzaq məhsulları üçün pul ayrılırdı. Yerdə qalan puldan bir qismi gələcək üçün vəsait kimi toplanırdı.  Sonda isə yerdə qalan pul 3 nəfər arasında bölüşdürülürdü. Əlbəttə ki, valideynlərə böyük qismi düşürdü. Amma uşağın da öz payı olurdu. Evin balaca sakini bilirdi ki, o, bir ay ərzində bu pulla dolanmalıdır. Onun ay ərzində ata-anasında pul istəməyə haqqı yox idi.
 
 
Bir gün həmin ailə axşam yeməyi üçün restorana getdi. Hər kəs nəsə sifariş etdi. Ana balıq, ata sup, uşaq isə kartof sifariş elədi. Mən valideynlərdən soruşdum ki, niyə siz övladınızın kartof yeməsinə razı oldunuz? Onlar mənə izah etdilər ki, belə eləməsələr, uşaqlarını gələcək üçün hazırlaya bilməzlər. Uşaq indidən nə istədiyini, istəklərini yerinə yetirmə yollarını tapmağı bacarmalıdır. Kartof yemək məsələsinə gəlincə, uşaq gördü ki, anası ay ərzində pulunu səmərəli istifadə edib və o, özünü şam yeməyində balıqla mükafatlandırıb. Amma özü aylıq büdcəsini səmərəli istifadə edə bilməyib və kartof yeməli olub. Valideynlər əmin idilər ki, gələn aylarda uşaq ona ayrılan vəsaitdən səmərəli istifadə edəcək.

Belə bir hal Azərbaycan ailəsində mümkündürmü? Valideyn razı olarmı özü balıq yesin, övladı kartof?! Valideyn özü ac qalar, amma övladına hər gün balıq yedirdər. Söhbət uşağın nə yeməyindən getmir. Söhbət düzgün tərbiyədən gedir. Bizim valideynlər uşağına hər gün balıq yedirdər, amma hər gün onun işinə müdaxilə edər, yatmağına, durmağına, peşə seçməyinə, hətta kimlə evlənməyinə belə qarışar.

Bizim ailələrimizdə ata-ana işləyir, övlad isə əmək nədir bilmir. Evin maliyyəsini valideynlər özləri idarə edir və övladlarına gündəlik pul verirlər. Onları ələbaxım öyrədirlər. Pul olmayanda, maddi sıxıntı yaşananda uşaqla valideynlər arasında böyük problemlər yaşanır .
Cəmiyyətimizin psixoloji durumu məndə çox narahatlıq yaradır. 2015- ci ilin ilk günlərində baş vermiş hadisəni qeyd edim. Əgər bir itin hürməsinə görə əsəbi qonşu öz qonşusunun başını kəsirsə, bu artıq təşviş siqnalıdır. İnsanlarımız çox gərgindirlər, özlərini idarə etmə bacarıqları azalıb, affekt vəziyyətinə çox tez-tez düşürlər. Özlərini idarə edə bilməmələri məhz özlərinin  kim olduqlarını bilməmələrindən irəli gəlir. Daim biz kimisə özümüzə kumir seçirik, ideal axtarırıq, başlayırıq özümüzü həmin şəxsə bənzətməyə. Yaxud əksinə, biz heç kimi seçmirik. Əslində hər iki faktor bizim üçün təhlükəlidir və ailə başçıları bu hallarla qarşılaşdıqda ortaq məxrəci tapmalıdırlar. Valideyn uşağına başa salmalıdır ki, o kimdir və onun həyatda məqsədi olmalıdır. Belə olurmu? Xeyr, əksər ailələrdə uşaqlar həyatda ilk zərbələrini elə valideynlərindən alırlar.

Məsələn, kiçik qız uşağı deyirsə ki, mən dünya ulduzu rəqqasə olmaq istəyirəm, ata tez ona "bizim nəsildən rəqqasə çıxmayıb, sən ya həkim, ya hüquqşünas olmalısan” – cavabını verir. Evin kişi üzvü artıq balaca qıza zərbə vurur və bu qız böyüdükcə ətrafdakı kişilərə özünü sübuta yetirməyə çalışacaq. Yəni mən bu gün hansısa vəziyyətdə özümü itirirəmsə, səhv edirəmsə, nəyisə sübuta yetirməyə çalışıramsa, deməli kimsə mənə nə vaxtsa travma yaşadıb.

- Orta nəsil gənc nəsil üçün nə etməlidir?  

- Bir psixoloq kimi həyat devizim budur: "Özünü sev”. Özünü sevən valideyin övladlarını da sevəcək, özünü sevən insanı hər kəs sevəcək. Bizim cəmiyyətdə valideynlərin çox faydasız manipulyasiyaları var  - yəni özünü idarə etmələri. Valideynlərə ən çox bunu demək istərdim ki, heç vaxt əllərini uşaqların sinəsinə qoymasınlar, "dayan, bunu etmə!” əmri verməsinlər. Valideynlərin əlləri uşaqlarının arxasında olmalıdır. Yəni uşaq valideyn dəstəyini hiss eləməlidirlər. O, bilməlidir ki, onun arxasında dayanan kimsəsi var. Belə uşaqlar daha çox uğur qazanır, daha çox faydalı işlərlə məşğul olurlar.

- Psixoloqlara ən çox hansı psixoloji pozuntudan əziyyət çəkən, travma alan insanlar müraciət edir?


- Ən çox ailə-məişət problemləri, şəxslər arası münasibətlər, özlərini ifadə edə bilməmə və komplekslər, utancaqlıq kimi problemlərlə müraciətlər olur. Son vaxtlar cəmiyyətdə gənclərin öz həmcinslərinə meylləri daha çox artır. Bu meyllliyin artmasının  əsas səbəbi evdə ana uşağın yanında atasını, əmisini, bibisini pisləyir onlar arxasınca pis sözlər danışır və nəticədə həmin övlad qızdırsa, atasına  - yəni kişilərə nifrət etməyə başlayır, oğlandırsa, ananın bu diktəsindən bezir, qızlara, xanımlara nifrət edir. Bu iyrənmə, diksinmə onda öz həmcinslərinə meyl yaradır. Oğlanlar elə fikirləşir ki, öz oğlan dostu ilə daha uğurlu söhbət apara biləcək, daha yaxşı vaxt keçirəcək.
 
 
Bu travmanı valideyn bilmədən övladına yaşadır. Belə travmalı uşaqlar mənə (psixoloqa) müraciət etdikdə, ilk növbədə həmin uşağın valideynləri ilə görüşməyi üstün tuturam, sonra uşağı qəbul edib problemi ilə maraqlanıram.

- Ölkəmizdə pulsuz psixoloji yardım göstərən hansısa mərkəzlər varmı? Bəzən kiminsə maddi durumu psixoloq yanına getməyə imkan vermir...


- Azərbaycanda pulsuz fəaliyyət göstərən  psixoloji yardım mərkəzi yoxdur. Pulsuz fəaliyyət göstərən telefon xətləri var ki, bu yolla ancaq psixoloji məlumatlar verilir. Pulsuz psixoloji mərkəzlərin yaradılması üçün yetərincə, kifayət qədər peşəkar kadrlar olmalıdır. Əgər belə kadrlar varsa, niyədə o mərkəzlər yaradılmasın? Bu mərkəzin yaradılması həmdə könüllü olaraq həmin sahədə işləyib təcrübə qazanan psixoloqlara çox uğurlu bir şans olardı.
 
- Bu gün vətəndaşlarımızın böyük əksəriyyətində belə bir inamsızlıq hökm sürür ki, aldığı psixi travmanı psixoloq yanında müalicə etdirə bilməz. Orta yaşlı adamlar bununla heç cür razılaşmırlar. Bu inamsızlığa səbəb nədir?
 
- Əvvəl insanlar bir dərdləri, problemləri olanda yaxın bildiklərinin – qonşu, qohum-tanış yanına gedib dərdləşirdi. Qarşı tərəfdə bu məsələyə əlbəttə, obyektiv deyil, subyektiv yanaşırdı.

Cəmiyyətdə psixoloqlara inamsızlığın əsas səbəblərindən birincisi odur ki, bu sahə Azərbaycanda çox yenidir. Eyni zamanda dünya çapında da bu elm gəncdir – cəmi 100 illik tarixi var və bir elm sahəsi üçün bu müddət çox azdır. İkincisi, kimsə psixoloqu oğlu, qızı, gəlini ilə yaşıd hesab edir və təcrübəsiz sayır ki, bu adam mənim problemimi necə həll edəcək? Üçüncü, özünə çox arxayın olmaq. Bəziləri psixoloqa müraciət etməyə ehtiyac duymurlar, çünki özlərinə, öz ağıl və bacarıqlarına daha çox güvənirlər.
 
 
Bəzən psixoloqu məsləhət verən şəxs qiyafəsində görürlər və elə səhv də buradan başlayır. Psixoloq məsləhət vermir. Psixoloq məsləhət verirsə, bu onun peşəkar olmadığının əsl sübutudur. Psixoloq problemi tapıb ortaya çıxarmağı, problemi kökündən həll etməyi bacarandır.

- Niyə görə gənclər cəmiyyətdə özlərini sübuta yetirmək üçün nəsə bir yenilik etməyə can atırlar?


- Özünü sübut etmə budur: insan öz biliyinə əmindir, daim mütailə edir, özünü kimin yanında necə aparacağını, kim olduğunu, nələr istədiyini, öz məqsədlərini bilən insanlardır. Və nəyin bahasına olursa olsun o məqsəddən yayınmayan şəxsdir. Yəni nədənsə qorxusu olmayan, daim təkmilləşməyə can atan, harada yenilik varsa, özünü orada görən insan... Bax, bu sadaladıqlarımın hamısı özünü təsdiq etmə yollarıdır.
 
- Çox vaxt gənclər arasında özünü sübut etmə adı altında ciddi fəsadlar yaranır, gənclər öz həyatlarını belə təhlükəyə atırlar. Bunun səbəbi nədir?
 
- Hər hansı ciddi qəzalara, fəsadlara səbəb olacaq hadisəni özünü təsdiq etmə saymaq olmaz. Özünü sübut etmə o demək deyil ki, insan üzərində bıçaq gəzdirməlidir. Belə gənclər ağılın, sözün, hər hansı fikrin keçmədiyini, yaxud özünə inamsız olduğu üçün fiziki güc tətbiq edirlər. Belə bir atalar sözü var:"Qılınc yarası sağalar, söz yarası sağalmaz”.  Söhbət ondan gedir ki, insan sözlərinin kəsərli olsına çalışmalıdırlar. Siz elə bir söz deyə bilərsiniz ki, o insan bir ömürlük əzab çəkə bilər. Gənclərin mütailə etməmələri, oxumaq istəməmələri bu hallarla nəticələnir.

- Azərbaycan təhsil ocaqlarında psixologiya elminin tədrisi sizi qane edirmi? Bugünkü təhsillə insanlara yardım edəcək mütəxəssislərin yetişdirilməsi mümkündürmü?
 
- Psixologiya elminin tədrisinə ali məktəbdən deyil, orta məktəblərdən başlamaq lazımdır. Ali təhsil müəssisələrində psixologiyanın tədrisinə gəlincə, psixologiya sahəsində praktikanın olmadığını deyə bilərəm. Ancaq nəzəriyyə var və praktikasız nəzəriyyə heçə bərabərdir.

Psixologiya elə bir elmdir ki, hər kəs bu elmi kitabları oxuyub məlumat ala bilər, amma o şəxs bunu tətbiq edə bilmirsə - harada, necə, oturuşunu, duruşunu, danışarkən hansı sözlə başlayacağını, qarşısındakı insanın gözünəmi baxacaq və s. bilmirsə, o şəxsdən nə psixoloq olmasını gözləyirsiniz? Universitetlərdə praktika yoxdursa, biz hansı mütəxəssis yetişdirilməsindən söhbət aça bilərik. Hər il Azərbaycanda ən azı 100 nəfər psixoloq təhsilini başa vurub məzun olurlar. Onlardan cəmi 1-2 nəfər bu sahə ardınca gedir.

- Azərbaycanda fəaliyyət göstərən psixoloqların istər intellekt, istər emosional durumu, istərsə də peşəkar səviyyəsini necə qiymətləndirərdiniz?

 
- Televizya reklam üçün ən böyük bir vasitədir. Biri var jurnalist psixoloq zəng edib müsahibə, açıqlama almasını istəsin, bir də var ki, psixoloq özü verilişə dəvət edilmək, müsahibə vermək üçün jurnalistə müraciət eləsin. Psixoloq efirdə öz komplekslərindən, öz problemlərindən danışmamalıdır. Əgər mütəxəssis özünü təsdiq etməyə çalışırsa, mən filankəsəm deyirsə, onun hansı peşəkarlıq səviyyəsi ola bilər? Adi tamaşaçı psixoloqun özünü efirdən tanıdılması üçün televiziyaya çıxdığını görürsə, bu nəinki həmin psixoloqa, həmçinin bütün psixoloqlara zərbədir.
 
 
Azərbaycanda elə psixoloqlar var ki, onların işini bütün psixoloqlar görüb və yüksək qiymətləndirib. Amma onlar nə televiziyaya çıxır,  nə də çox müsahibə verir. Amma çox peşəkardırlar. Yaxşı mütəxəssis təşkil etdiyi konsultasiyalarla, gördüyü işlərlə tanınır. Yanına gələn pasiyent xeyir tapırsa, yaxın çevrəsinə bu haqda deyir və psixoloqun adı yayılır və ona müraciət edənlərin sayı da artır.
 
- İnsanlar ən çox nəyə, hansı qaydalara əməl etməlidirlər? Nə məsləhət verərdiniz?
 
- Ən birincisi, paxıllıq etməsinlər. Daha sonra kiməsə özlərini bənzətməsinlər. Bir müddət sonra onlar artıq cəmiyyət üçün lazımsız birinə çevrildiklərini görəcəklər. Özləri kimi olsunlar. Yəni öz "mən”lərini seçsinlər. Daim pozitiv olsunlar. Məsələn: bunu edərəm pis olar, maşınla gedərəm qəza törədərəm, bu işi görsəm uduzaram və sairə bu kimi fikirlərdən uzaq olsunlar. Monoton həyat tərzindən çıxsınlar - evdən işə, işdən evə. Cəmiyyətə qoşulsunlar, yeniliklər axtarsınlar, başqa bir fəaliyyətlə məşğul olsunlar. İdmanla məşğul olub neqativ enerjilərdən qurtulsunlar. Əgər həyatlarında bir problemləri varsa qohum- qonşuya deyil, psixoloqa müraciət etsinlər Fiziki gücə deyil ürəyə güvənmələrini tövsiyyə edərdim. Əgər insanın ürəyində məqsədi varsa, o mütləq ona çatacaq. Bir cümlə ilə deyərdim ki, daim irəli getsinlər, daim mütailə etsinlər və öz üzərində işləsinlər.
 
Orxan Aslanlı
ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM