Müharibədən zərər çəkən ailələrə psixososial dəstək verilməsinə başlanıldı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və iştirakı ilə 2020-ci ilin noyabr ayından etibarən müharibədən zərər çəkən ailələrə yardım məqsədilə psixososial dəstək layihəsi həyata keçirilir.
Dövlət Komitəsindən Anews.az-a bildirilib ki, layihə çərçivəsində Goranboy və Ağdam rayonlarında müharibədən zərər görən 600-dən çox ailəyə səfər edilib, sorğu anketi əsasında tibbi-sosial-hüquqi problemlər araşdırılıb.
Goranboy və Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin sosial işçi və psixoloqlarının iştirakı ilə Ağdamın Dördyol 1 qəsəbəsində, Goranboyun Tapqaraqoyunlu, Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində ailələrin qiymətləndirilməsi aparılıb.
Ümumilikdə 1441 nəfərin ilkin psixo-emosional vəziyyəti qiymətləndirilib, risk qrupunda olan uşaq və analarla fərdi və qrup terapiyası işi həyata keçirilməkdədir. Mərkəz əməkdaşları Tərtər rayonundan olan ailələrə də səfər edib.
Bundan əlavə, Goranboy UADM-ın əməkdaşları könüllü olaraq noyabr ayından etibarən Naftalan şəhər Reabilitasiya Mərkəzində müharibədən əziyyət çəkmiş ailələr, şəhid ailələri, müharibə qaziləri və onların ailə üzvləri ilə psixososial iş aparılmaqdadır.
www.anews.az
























