Güclü küləkli hava şəraiti mayın 8-i gündüzədək, qeyri-sabit, yağıntılı hava şəraiti isə mayın birinci ongünlüyünün sonunadək davam edəcək. Bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
"Mayın 7-si saat 11:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, fasilələrlə yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub”, - o deyib.
O bildirib ki, Gədəbəy rayonunun dağlarına və Qrıza qar yağıb, yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Qrızda 1 sm olub.
Tağıyeva qeyd edib ki, mayın 7-də saat 01:17-01:19 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsinə diamteri 0.5 sm olan dolu düşüb.
Xidmət rəisinin sözlərinə görə, şimal-qərb küləyinin sürəti arabir Naftalanda 21 m/s, Sabirabadda 17 m/s, Biləsuvar, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağada 35 m/s, Binə, Pirallahıda 25 m/s, Neft Daşlarında 24 m/s, Çilov adasında 23 m/s, Sumqayıtda 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5, 2 metrə çatıb.
www.anews.az