• $
  • £

AZAL təyyarəsinin vurulması GPS müdaxiləsi ilə bağlı olub – TƏHLİL

AZAL təyyarəsinin vurulması GPS müdaxiləsi ilə bağlı olub – TƏHLİL
15.07.2025 10:09

Tanınmış aviasiya eksperti, Times Aerospace TV-nin baş redaktoru və aparıcısı Alan Piford bildirib ki, GPS sisteminə müdaxilələr və saxta siqnallar (spoofing) mülki və biznes aviasiyası üçün ciddi təhlükə yaradır.

O, xatırladıb ki, 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsi Qroznı üzərində məhz GPS sisteminə müdaxilə nəticəsində vurulub.

Ekspertin sözlərinə görə, Rusiya Ukrayna pilotsuz uçuş aparatlarının qarşısını almaq məqsədilə həmin dövrdə regionda uzun müddət GPS siqnallarını bloklayıb. Bu isə, onun fikrincə, Azərbaycan təyyarəsinin düzgün tanınmasına mane olub və nəticədə atəş açılıb.

Piford əlavə edib ki, 2023-cü ilin sonunda Dubaydan Avropaya uçan Airbus A380 təyyarəsi də GPS pozuntusu səbəbindən faciə ilə üzləşib.

Təyyarə 38 min fut yüksəklikdə olarkən qəfil olaraq naviqasiya sistemində onun yerinin Misir səhrası əvəzinə Beyrut aeroportunun yaxınlığında və 600 metr yüksəklikdə göstərildiyi bildirilib. Sistem "yer xəbərdarlığı və yuxarı qalx!" siqnalı verib.

Bu hal GPS siqnalının saxtalaşdırılması – spoofing – texnologiyasının real uçuş zamanı yaratdığı təhlükəli nəticələrin bariz nümunəsi kimi təqdim olunub.

Piford qeyd edir ki, belə halların artması artıq 2023-cü ildən başlayaraq aviasiya heyətləri üçün gündəlik reallığa çevrilib.

Mütəxəssis vurğulayıb ki, GPS siqnallarının sıxışdırılması (jamming) və saxtalaşdırılması (spoofing) xüsusilə Yaxın Şərqdə ciddi problemlərə səbəb olur. İran və İraq üzərində onlarla belə hadisə qeydə alınıb.

Təyyarələrin naviqasiya sistemləri qəfildən sıradan çıxır, bəzən koordinatlar yüzlərlə kilometr kənara yönəlir. Ekipajlar yalnız dispetçerlərin göstərişlərinə əsaslanmalı olurlar.

AZAL hadisəsinə toxunan Piford hesab edir ki, bu, mülki sərnişinlərin GPS müdaxiləsi nəticəsində ilk həlak olduğu hadisə ola bilər. O, bildirir ki, bu təhlükəyə dair xəbərdarlıqlar illərdir səsləndirilir.

Rusiya Federal Aviasiya Agentliyi (Rosaviatsiya) artıq GPS pozuntuları səbəbilə pilotların dəqiqləşdirilməmiş enişlərə hazırlaşması və naviqasiya sistemlərinin sıradan çıxması halında təlimlərin intensivləşdirilməsi barədə tövsiyələr verib.

Təlim prosesində sistem nasazlıqlarının simulyasiya edilməsi və mürəkkəb situasiyalarda düzgün qərar vermə bacarığının inkişafı əsas prioritet kimi göstərilir.

Fevralda Dubayda aviasiya hüququ üzrə ixtisaslaşmış HFW hüquq firması tərəfindən təşkil olunan Yaxın Şərq Aviasiya Konfransında da bu məsələ müzakirə olunub.

Red Arrows komandasında baş mühəndis olmuş aviasiya təhlükəsizliyi eksperti Ross Praydey bildirib ki, 15 iyul–15 avqust 2024-cü il tarixləri arasında dünyada təxminən 41 min uçuş GPS müdaxiləsi və ya spoofing hallarına məruz qalıb.

Praydey qeyd edib ki, bir çox operatorların bu cür halları təlim şəraitində sınaqdan keçirmək üçün imkanları yoxdur və simulyator proqram təminatları real vəziyyətlərin əksəriyyətini əhatə etmir.

Bu səbəbdən ekipajlar bəzən özləri prosedurlar hazırlamaq məcburiyyətində qalırlar.

Konfransda çıxış edən Honeywell şirkətinin tətbiqi sistemlər üzrə baş mühəndisi Devid Vudkok bildirib ki, GPS sistemlərinin spoofing və jamming hallarına qarşı davamlılığının artırılması üçün aparılan texnoloji işlər hələ bir neçə il davam edəcək.

Bununla yanaşı, Gulfstream, Bombardier və Dassault kimi biznes təyyarələrdə istifadə olunan Epic avionika sistemləri və təkmilləşdirilmiş EGPWS (yerə yaxınlaşma xəbərdarlığı) texnologiyalarında bəzi yeniliklərin artıq 2026-cı ildə tətbiq edilə biləcəyi gözlənilir.

Bu, saxta siqnallarla yaradılan yanlış hündürlük göstəricilərinin və xəbərdarlıqların qarşısını almağa kömək edə bilər.

Alan Piford nəticə olaraq bildirir ki, GPS əsaslı aviasiya naviqasiyasında artan elektron müdaxilələr kommersiya və biznes uçuşları üçün ciddi təhdid olaraq qalır və bu sahədə beynəlxalq cavab tədbirləri təcili şəkildə gücləndirilməlidir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 18:12
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Cəmiyyət 16:15
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Cəmiyyət 14:53
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 14:46
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Sabah 33 dərəcə isti olacaq
Cəmiyyət 12:30
Sabah 33 dərəcə isti olacaq
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Cəmiyyət 11:47
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Cəmiyyət 10:36
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
Cəmiyyət 00:29
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
8 Noyabr prospektində təmir işləri aparılacaq
Cəmiyyət 23:55
8 Noyabr prospektində təmir işləri aparılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol