2009-cu ildən beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi antiterror və əməliyyat-axtarış tədbirləri nəticəsində 2009-cu ildən beynəlxalq axtarışda olan Namiq Ağalarov saxlanılaraq Azərbaycana gətirilib və istintaqa cəlb olunub.
DTX-nin məlumatına görə, Namiq Ağalarov 2008–2009-cu illərdə Əfqanıstan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində fəaliyyət göstərməkdə ittiham olunur.
İstintaqa əsasən, o, BMT mandatı əsasında fəaliyyət göstərən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin şəxsi heyətinə qarşı silahlı pusquların qurulmasında, məsafədən idarə olunan partlayıcı qurğulardan istifadə edilməsində, həmçinin beynəlxalq təşkilatların nümayəndələri, müxtəlif ölkələrin vətəndaşları və logistika şəbəkələrinə qarşı silahlı hücumların təşkilində iştirak edib.
Məlumata görə, Namiq Ağalarov məsuliyyətdən yayınmaq məqsədilə ötən illər ərzində müxtəlif adlarla bir sıra ölkələrdə gizlənib. Onun radikal dini təbliğat və “cihad” ideologiyasının yayılması ilə məşğul olduğuna dair məlumatların da olduğu bildirilib.
İstintaq davam etdirilir.