Fərid Cəfərov: Süni intellekt mədəniyyətlərarası dialoqun inkişafına xidmət etməlidir
Mədəniyyətlərarası Dialoq üzrə Kollektiv Fəaliyyətə dair Bakı Tövsiyələri beynəlxalq təşkilatlar və hökumətlər üçün praktiki alət olacaq. Bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov forumdakı çıxışında bildirib.
Sənəd çərçivəsində irəli sürülən təkliflərin icrası üzrə nəticələrin 2028-ci ildə qiymətləndirilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, Bakı Tövsiyələri forum çərçivəsində aparılan müzakirələri və irəli sürülən təklifləri əhatə edəcək. Sənəd siyasət hazırlayanlar üçün praktiki istiqamətverici vasitə rolunu oynayacaq.
Cəfərov bildirib ki, builki forumun proqramına dialoqlar, plenar və panel sessiyalar, əlavə tədbirlər və konsertlər daxil olmaqla 26 sessiya daxildir.
O qeyd edib ki, müzakirələrin əsas mövzularından biri süni intellekt dövründə tərəfdaşlığın gücləndirilməsidir. Nazir müavininin fikrincə, süni intellektin şəxsi və peşəkar həyata, eləcə də cəmiyyətə təsirini anlamaq və bu texnologiyanın mədəniyyətlərarası dialoqun inkişafına xidmət etməsini təmin etmək vacibdir.
Cəfərov forumun hazırlanmasına dəstək göstərən BMT Sivilizasiyalar Alyansına, İSESKO-ya, YUNESKO-ya və BMT-nin Turizm Təşkilatına təşəkkür edib. O, tədbirdə iştirak edən hökumət rəsmilərinin, nazirlərin və diplomatik korpus nümayəndələrinin müzakirələrə töhfəsini də vurğulayıb.
Gülnar Nazimqızı