Qəbələdə Yengicə su anbarının tikintisi davam etdirilir
Qəbələ rayonunda tikilən Yengicə su anbarı vasitəsilə 10 min hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev bildirib.
Onun sözlərinə görə, Yengicə su anbarı Prezidentin 27 iyul 2020-ci il tarixli, 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üzrə Tədbirlər Planı”na uyğun olaraq layihələndirilib.
Su anbarının Qəbələ rayonunun Yengicə kəndi yaxınlığında, Vəndamçay və Qaraçay çaylarının birləşdiyi hissədə tikilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində Yenikənd, Zalam, Kiçik Əmili və Böyük Əmili kəndlərində 8 602 hektar, Bilix və Məlikli kəndlərində isə 1 398 hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması planlaşdırılır. Ümumilikdə 3 388 hektar torpaq sahəsində su təminatının yaxşılaşdırılması, 6 612 hektar ərazidə isə yeni suvarma imkanlarının yaradılması nəzərdə tutulur.
Su anbarının ümumi həcmi 17,5 milyon kubmetrdir. Bəndin hündürlüyü 45 metr, uzunluğu 449,5 metr, eni isə 10 metr təşkil edir.
Yengicə su anbarının tikintisinə 2024-cü ildə başlanılıb. Hazırda layihə üzrə tikinti işləri davam etdirilir.