Media və Yayım Şurası jurnalistlərə qarşı hücumlarla bağlı bəyanat yayıb
Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, fiziki zorakılıqla üzləşməsi və peşə fəaliyyətlərinə maneələr yaradılması narahatlıq doğurur.Bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının bəyanatında bildirilib.
Qeyd olunub ki, jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər cəmiyyətin ictimai əhəmiyyətli hadisələr barədə məlumat almaq hüququna da müdaxilədir.
Bəyanatda vurğulanıb ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxilə edilməsi, onlara təzyiq göstərilməsi və təqib olunması yolverilməzdir.
Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılıq və onların qanuni peşə fəaliyyətinə maneə yaradılması hallarını qətiyyətlə pisləyib, baş vermiş hadisələrin operativ, hərtərəfli və obyektiv araşdırılacağına əminliyini ifadə edib.
Şura, həmçinin hər kəsi media nümayəndələrinin qanuni fəaliyyətinə hörmətlə yanaşmağa, onların peşə vəzifələrini təhlükəsiz, sərbəst və maneəsiz yerinə yetirmək hüququna riayət etməyə çağırıb.
Son xəbərlər
Daha çox