Bakıdan Tbilisiyə ilk əlavə qatar tam doluluqla yola düşüb
Bakıdan Tbilisiyə hərəkət edən ilk əlavə qatar 100 faiz doluluqla yola düşüb.Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, beynəlxalq istiqamətdə sərnişin tələbatının artması nəzərə alınaraq noyabrın 1-dən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik reyslərin sayı dördə çatdırılıb.
Bununla da sərnişin yerlərinin sayı 386-dan 564-ə yüksəldilib.
Məlumata görə, əlavə reyslərdə standart sinif üzrə Tbilisiyə minimum gediş haqqı Bakıdan 54 manat, Yevlaxdan 44 manat, Gəncədən 41 manat, Ağstafadan 38 manat, Böyük Kəsikdən isə 36 manat təşkil edir. Yeni tariflər sərnişinlərə 30 faiz daha ucuz biletlər əldə etmək imkanı yaradır.
"Stadler" vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı Bakıdan Tbilisiyə 77,50 manat, Gəncədən isə 56,80 manatdır.
Yeni qrafikə əsasən, mövcud qatar Bakıdan saat 23:10-da yola düşərək növbəti gün saat 08:41-də Tbilisiyə çatır. Əks istiqamətdə qatar saat 11:00-da Tbilisidən yola düşür və 20:26-da Bakıya çatır.
Əlavə qatar isə hər gün Bakıdan saat 09:10-da hərəkətə başlayaraq 19:11-də Tbilisiyə çatır. Tbilisidən saat 22:00-da yola düşən qatar növbəti gün saat 07:57-də Bakıya çatır.
Qeyd olunub ki, əlavə reyslər tərəflərin zəruri hazırlıq, texniki və təşkilati işləri başa çatdırmasından sonra istifadəyə verilib.
Son xəbərlər
Daha çox