Təhsildə bəzi xərclər azalır, bəziləri artırılır

2027-ci ildə Azərbaycanın təhsil sahəsinə 5 milyard 99 milyon manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin dövlət büdcəsi layihəsindəki 5 milyard 15,9 milyon manatla müqayisədə 83,1 milyon manat və ya 1,7% çoxdur. Bu 2027-ci ilin dövlət büdcəsi layihəsində öz əksini tapıb.
Təhsil xərclərinin əsas istiqamətlərindən olan ümumi təhsilə ayrılan vəsaitin 229,4 milyon manat və ya 9,5% azaldılması planlaşdırılır.
2027-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, məktəbəqədər təhsilə 434,8 milyon manat ayrılacaq. Bu, 2026-cı ilin layihəsində nəzərdə tutulan 468,2 milyon manatla müqayisədə 33,4 milyon manat və ya 7,1% azdır.
Ümumi təhsilə ayrılan vəsait 2 milyard 414,8 milyon manatdan 2 milyard 185,4 milyon manata enəcək. Azalma 229,4 milyon manat və ya 9,5% təşkil edəcək.
Peşə təhsilinə ayrılan vəsait isə 105,5 milyon manatdan 115,4 milyon manata yüksələcək. Bu istiqamətdə 9,9 milyon manat və ya 9,4% artım nəzərdə tutulur.
Orta ixtisas təhsilinə ayrılan vəsait 94,2 milyon manatdan 102,1 milyon manata çatdırılacaq. Artım 7,9 milyon manat və ya 8,4% olacaq.
Ali təhsilə ayrılan vəsait 212,5 milyon manatdan 240,6 milyon manata yüksələcək. Bu, 28,1 milyon manat və ya 13,2% artım deməkdir.
Əlavə təhsil xərcləri 20,3 milyon manatdan 17,4 milyon manata düşəcək. Azalma 2,9 milyon manat və ya 14,4% təşkil edəcək. Təhsil sahəsində tətbiqi tədqiqatlara ayrılan vəsait isə 7,9 milyon manatdan 8,3 milyon manata yüksələcək. Artım 376 min manat və ya 4,8% olacaq.
Təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılan vəsait 1 milyard 692,6 milyon manatdan 1 milyard 995,1 milyon manata çatdırılacaq. Bu istiqamətdə 302,6 milyon manat və ya 17,9% artım nəzərdə tutulur.
2027-ci ildə təhsil xərclərinin ÜDM-də xüsusi çəkisinin 3,6%, dövlət büdcəsi xərclərində payının isə 12% olacağı proqnozlaşdırılır. 2026-cı ilin büdcə layihəsində təhsil xərclərinin ümumi məbləği 5 milyard 15,9 milyon manat təşkil edib.


Son xəbərlər 
Daha çox 






















