Biləcəridəki Dəmiryol Xəstəxanasının yerində yeni infrastruktur yaradılacaq

Bakının Biləcəri qəsəbəsində uzun illər Dəmiryol Xəstəxanası kimi tanınan Mərkəzi Dəmiryol Xəstəxanasının ərazisində yeni infrastrukturun yaradılması nəzərdə tutulur. Ərazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.
“ATV Xəbər”in məlumatına görə, xəstəxananın ərazisində söküntü işləri aparılır. Burada yaşayış binasının tikiləcəyi ilə bağlı iddialar yayılsa da, rəsmi qurumlar ərazidə nazirliyin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məxsus infrastrukturun yaradılacağını bildiriblər.
“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, Nazirlər Kabinetinin 2024-cü il 21 avqust tarixli qərarına əsasən, dəmir yollarının tabeliyində fəaliyyət göstərən tibb müəssisələri və onlara məxsus əmlak artıq qurumun balansında deyil.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov isə bildirib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, Mərkəzi Dəmiryol Xəstəxanası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.
“Sərəncama uyğun olaraq xəstəxananın ərazisində nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məxsus yeni infrastrukturun yaradılması nəzərdə tutulub”, – o qeyd edib.
Qurumdan bildirilib ki, infrastrukturun yaradılması və xidmətlərin təşkili ilə bağlı ictimaiyyətə mərhələli şəkildə məlumat veriləcək.
























