Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib

Şimali Kiprin Girne sahillərində baş verən gəmi qəzası ilə bağlı istintaq çərçivəsində üçü Azərbaycan vətəndaşı olmaqla, doqquz nəfər barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.
“Report” xəbər verir ki, bunu Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu bildirib.
Avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəminin qəzaya uğraması nəticəsində 27 nəfər ölüb, 200-dən çox şəxs xilas olunub. Daha bir sərnişinin axtarışları davam edir.
İstintaqın ilkin mərhələsində təqsirləndirilən şəxslərə qarşı “ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma” ittihamı irəli sürülsə də, sonradan ittiham “adam öldürmə” maddəsi ilə əvəzlənib.
























