E-kitab - Haruki Murakami: Zombi (hekayə)

21:57 | 22.10.2015
E-kitab - Haruki Murakami: Zombi (hekayə)

E-kitab - Haruki Murakami: Zombi (hekayə)

 
 
Yolla gedirdilər. Məzarlığın böyrü ilə. Gecənin bir yarısı. Dumanı yara-yara. Belə bir vaxtda, belə bir yerdən keçməyi əvvəlcədən planlaşdırmamışdılar. Amma iş belə gətirdi ki, burdan keçəsi oldular. Bir-birinin əlindən möhkəmcə yapışıb tez-tez addımlayırdılar.

–Lap Maykl Ceksonun klipindəki kimidi ki! – dedi qadın.

–Hə! Bircə qəbirlərin tərpənməyi çatmır! – kişi onu dartışdırdı.

Elə bu an hardansa cırıltı səsi gəldi, deyərdin ki, nəsə ağır bir şeyi sürütləyirlər. Dayandılar, kirimişcə bir-birilərinə baxdılar. Kişi gülümsündü: "Qorxma! Yəqin küləkdi, budağı-zadı tərpədir…” Amma külək əsmirdi. Qadın nəfəsini dərdi və ətrafı gözdən keçirməyə başladı. Ürəyinə damdı ki, elə bu dəqiqə nəsə pis bir şey baş verəcək. Zombi?!

Amma bir şey gözə dəymirdi. Deyəsən, bu gecə ölülərin dirilmək fikri yox idi. Yollarına davam etdilər.

Kişinin üzündə qeyri-adi, kobud ifadə yarandı:

–Bu nə yerişdi! – gözlənilmədən soruşdu.

–Nolub yerişimə?! – təəccübləndi qadın – Nədi, pisdi ki?

–İyrəncdi…

–Doğrudan?

–Ayaqların əyridi.

Qadın dodağını gəmirdi. "Hə, ola bilər, bir az əyridi. Hətta ayaqqabının altlığını böyürlərdən bir az yonmuşam.  Amma  daha o qədər də əyri deyil ki, diqqəti cəlb etsin.” Bir söz demədi. Çünki onu sevirdi. Bir-birilərini sevirdilər. Bir aydan sonra toyları olacaqdı, ona görə də hər xırda şeyə görə qan-qaraçılıq salmaq lazım deyil.

–Hə, ayaqlarım bir az əyridi… Amma nolsun ki?!

–Heç… Sadəcə, əvvəllər heç vaxt əyriayaq qadınla yaxınlığım olmayıb.

–A-a! – qadın pərtliyini gizlətməkçün gülümsədi … "Bəlkə, sərxoşdu?! Yox, mən bilən, bu gün içməyib axı.”

–Hə, bir də, sənin qulağında düz üç dənə xal var.

–Yaxşı görək! – dedi qadın – Hansı qulağımda?

–Budey, sağ qulağında… Düz qulağının içində. Özü də çox iyrənc görünürlər!

–Xallardan xoşun gəlmir ki?

–Xallardan kimin xoşu gəlir ki?! Özü  də, belə iyrənc xallardan!

Qadın dodaqlarını bir az da möhkəm gəmirməyə başladı…

–Yeri gəlmişkən, sənin qollarının altından tər iyi gəlir, – kişi davam elədi – biz yayda tanış olsaydıq, çətin ki, bir də səninlə görüşmək istəyərdim.

Qadın dərindən ah çəkdi və kişinin əlini buraxdı.

–Nolub sənə? Niyə belə edirsən?! Axı sən heç vaxt…

–Köynəyinin yaxası da kirin içindədi. Budey, əynindəkini deyirəm. Nə pintisən sən!

Qadın susurdu. Özünü elə itimişdi ki, bilmirdi, nə desin.

–Eşidirsən?! Sənə çox şey demək istəyirəm: ayaqların əyri, qoltuğunun altı qıllı, köynəyinin yaxası kirin içində, qulaqlarında iyrənc xallar – bunlar hələ hamısı deyil… Hə, yaxşı yadıma düşdü, o sırğaları niyə taxırsan?! Axı yaraşmırlar. Q*hbəyə oxşayırsan! Yox e, q*hbə də səndən ədəbli görünür. Taxmışkən bir dənə də dəmir halqa burnuna keçirəydin… Boğazındakı zobla yaxşı gedər. Hə, bax düşdü yadıma – zob! Ananın zobu da ki, lap donuzun boğazına oxşayır. Gombul, piyli donuza. İyirmicə ilə ananın tayı olacaqsan. Yeməyi də anan kimi tıxışdırırsan! Donuz kimi. Elə bil, aclıqdan çıxmısız. Hələ atanı demirəm! Adicə heroqlifləri də (Yapon əlifbasının işarələri – Tərc.) tanımır. O dəfə guya bizim kişiyə məktub yazıb, gülməkdən ölmüşdük. Xəttindənsə, ümumiyyətlə, danışmıram. Səhv eləmirəmsə, heç orta məktəbi də bitirə bilməyib, hə? Hələ eviniz… Mədəni şəkildə desək, xarabaxanadı. Benzin töküb od vurasan! Külü göyə sovrula. Hə!

–Məni ki, bəyənmirsən, bəs onda niyə evlənirsən, hə?

Kişi cavab vermədi, sadəcə "Donuz!” deyə qışqırıb sözünə davam elədi:

–Hələ o şeyin! Elə bil, cürümüş, ucuz rezin cırığıdı. Beləsini qayırmaqdansa, ölmək yaxşıdı! Ölməyə nə var e, belə biabırçı şeyinin olmağındansa, elə ölsən, daha  yaxşıdı.

Qadın çarəsiz şəkildə dayanmışdı.

–Bunları deməyə necə cürət edirsən?!

Elə bu an kişi qəfildən iki əli ilə başını tutdu. Ağrıdan ağız-burnunu əyə-əyə çöməldi. Dırnağı ilə gicgahının dərisini didməyə başladı. "Ağrıdan ölürəm! – inildədi – Başım partlayır! Yo-ox, dözəmmirəm! Bu nədi belə?!”

–Noldu sənə? – qadın qeyri-ixtiyari soruşdu.

–Görmürsən?! Daha dözə bilmirəm! Dərim soyulur, elə bil, yanıram…

Qadın əlini onun üzünə toxundurdu. Dəri alışıb-yanırdı. Üzünü təmizləmək istədi, birdən… birdən üz dərisi axıb yerə töküldü… Sonra qıpqırmızı ət göründü. O, qorxudan geri hoppandı.

Kişi ayağa qalxıb bic-bic güldü. Sonra sifətinin qalan dərisini də soymağa başladı. Gözləri bərəldi. Burnu iki qara deşiyə çevirildi.  Dodaqları yoxa çıxdı. Dişlərini qıcadı.

–Bilirsən, niyə görüşürəm səninlə? Əvvəl-axır səni yemək üçün… Donuz kimi… Elə bilirsən, başqa nəyəsə yarayırsan?! Bunlar çatır sənə?! Axmaqsan! Ax-maq-san! Axmaq! Ax-maaaq! Ha-ha-ha!

Və bir tikə ət parçası qadını qovmağa başladı. O, var gücü ilə qaçırdı. Qəbirlərdən birinin düz yanında selikli bir əl onu köynəyinin boğazından qamarladı. Onda qadın bir bağırmaq bağırdı ki!

Kişi onu qucaqladı. Boğazı qurumuşdu, su istəyirdi. Kişi təbəssümlə ona baxırdı:

–Nolub sənə? Pis yuxu görürdün?

O, dikəldi və ətrafa yaxşı-yaxşı nəzər saldı. Sonra ikisi də yatağa sərildilər. Göl qırağındakı otel otağındaydılar. "B-r-r-rrr” – qadın başını əsdirdi.

–Qışqırırdım?

–Özü də necə! – kişi gülümsədi – səsin bütün oteli başına götürmüşdü. Bəlkə də, elə bildilər ki, səni burda öldürürəm.

–Bağışla! – qadın üzrxahlıq elədi.

–Yaxşı, olan şeydi… Qorxulu yuxu idi, deyəsən, hə?

–Təsəvvür belə edəmməzsən!

–Danış görək…

–Yo-ox, istəmirəm… – qadın etiraz etdi.

–Kiməsə danışmaq lazımdı… Rahatlaşarsan, yoxsa qorxudan əsə-əsə qalacaqsan.

–Eybi yox. Bu dəqiqə heç nə danışmaq istəmirəm…

İkisi də susdu. Qadın yenidən kişinin qoynuna sığındı. Uzaqdan qurbağa qurultusu eşidilirdi. Qadının ürəyi isə yavaşca, amma aramla döyünürdü.

–Əzizim, – sanki, qadının yadına nəsə düşdü – de, görüm…

–Nə?

–Bax, gör, qulağımda xal yoxdu ki?

–Xal? – kişi dilləndi – bu, sağ qulağındakı iyrənc xalları deyirsən?

Qadın gözlərini yumdu. Kabus hələ bitməmişdi…


Tərcümə etdi: İkinci Mahmud

Sim-sim.az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM