“Əgər bizi yaxşı qarşılayırlarsa, bu, musiqimizin qələbəsidir...” – MÜSAHİBƏ

14:17 | 06.06.2016
“Əgər bizi yaxşı qarşılayırlarsa, bu, musiqimizin qələbəsidir...” – MÜSAHİBƏ

“Əgər bizi yaxşı qarşılayırlarsa, bu, musiqimizin qələbəsidir...” – MÜSAHİBƏ

 
 
Bizim bugünkü qonağımızı görməsəniz belə tanıya bilərsiniz, onun elə bir səsi  var ki, heç kiminkiylə qarışdırmaq mümkün deyil. Onun repertuarında təkcə azərbaycanlı və avropalı bəstəkarların deyil, həm də xalq musiqiləri və romanslar əsas yer tutur. O, M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrının aparıcı solisti və ADMİU-nun "Musiqili teatrın aktyoru” kafedrasının rəhbəri, müəllimdir. 

Beləliklə, biz bu gün Azərbaycan və Dağıstanın xalq artisti Azər Zeynalovla söhbət edəcəyik. 

- Müsahibələrinizin birində etiraf etmisiniz ki, opera musiqisini Cakomo Puççininin "Qüssə” əsərini dinlədikdən sonra sevibsiniz. Bu barədə ətraflı danışa bilərsinizmi? 

- Bəli, bu, həqiqətən belədir. Mən o dövrlər yalnız ifaçılıq janrında ifa edirdim. İncəsənət universitetinin "dram rejissorluğu” ixtisasını bitirdikdən sonra, mən özümdə vokalçılıq qabiliyyəti kəşf etdim və Bakı musiqi akademiyasına daxil olmaq üçün hazırlıqlara başladım: müxtəlif operalara və ariyalara qulaq asmağa başladım. Və növbə "Qüssə”yə gəlib çatanda, sözün həqiqi mənasında – musiqinin gözəlliyindən və emosionallığından, musiqi dramaturgiyasının dəqiq inkişaf xələrindən çox heyrətlənmişdim. Sonradan bu operayla, onun məzmunu, məqsədləri və baş qəhramanların müsbət maneralarıyla daha yaxından tanış oldandan sonra, o, mənə daha ciddi təsir etdi. Bu andan etibarən məndə "Qüssə”də əsas partiyanı ifa etmək arzusu oyandı. Bu arzu 17 il sonra 2009-cu ildə həyata keçdi. 

- Rəşid Behbudov adına mahnı teatrında işləmək sizə nə verdi? 

- Mən teatrda 3 il işlədim və bu mənim peşəkar səhnədə ilk təcrübəm oldu. Təəssüf ki, mən görkəmli ustad Rəşid Behbudovun teatrına gələndə, o həyatda deyildi, onla tanış olmaq mənə qismət olmadı. Bu teatrda keçirilən konsertlərdə "canlı” oxumaq mütləq idi, səhnəni hiss etmək, ona öyrəşmək hava və su kimi mütləq idi. Biz kollektivlə xarici qastrollarda olurduq: tez-ez xeyriyyə konsertləri verirdik. Ümumilikdə bu teatrdakı iş mənim peşəkar həyatımda çox qiymətli təcrübə oldu.

- 2014-2015 teatr mövsümü sizinçün necə keçdi? 

- İndiki məqamda mən bizim teatrda 8 opera tamaşasında əsas partiyaları ifa edirəm. Son teatr mövsümü mənimçün yaddaqalan oldu, çünki mən Cüzeppe Verdinin eyni adlı operasında Otello partiyasını ifa etdim, bunu isə çoxdandır arzu edirdim.  Bu premyeranın maraqlı detallarından biri onun mənim ad günümə 13 dekabra təsadüf etməsiydi. Mən bundan çox məmun idim, ancaq çatışmayan cəhətlər də vardı: opera konsert formasında təqdim edilirdi, bu isə tearın material imkanlarının çatışmazlığından irəli gəlirdi. Ümid edirəm ki, yaxın gələcəkdə "Otello”nu lazım olan səviyyədə tamaşaçılara təqdim edə biləcəyik. 

- Elə bir opera varmı ki, siz onu ifa etməyi arzu edirsiniz? 

- Mənim bugünkü ifa etdiyim bütün partiyalar bir vaxtlar mənim arzularım olublar, xüsusilə "Sevil” operasından Balaş, "Təlxəklər” operasından Kanio, "Qüssə”dən Kavardossi və eyniadlı operadan Otello. Ancaq mən yerimdə dayanmıram, gələcəyə baxıram, yeni opera partiyaları barədə düşünürəm. 

- Bəs hansı xalq mahnıları sizin üçün əzizdir və hansıları oxumaq istərdiniz?
 
- Hər bir musiqi janrının özünün gözəlliyi və auditoriyası var? Ancaq bəziləri mənimçün xüsusilə əlamətdardır: klassik opera, romans və mahnılar. Mən xalq mahnılarını bəstəkar mahnılarına bərabər məmnuniyyətlə oxuyuram. Xalq mahnılarından "Aman təklik əlindən”, "Gözəlim sənsən”, "Laçın” və digərləri. Mən bu əsərləri ölümsüz hesab edirəm: onlar bizim xalqımızın qanındadırlar. Bu xalqın ruhudur. Onlar zamanın sınağından keçiblər, çox dərin, sirli və məzmunca dolğundurlar, onlara biz dəfələrlə müraciət edə, hər dəfə də yeni detal tapa bilərik. 

Bu gün mənim müraciət etdiyim əsərlər arasında yerli və avropalı bəstəkarların əsərləri var, bunu gələcəkdə də davam etdirməyi planlaşdırıram. Müraciət etmək niyyətində olduğum bəstəkarlar arasında Üzeyir Hacıbəyov, Fikrət Əmirov  və digərləri var, həmçinin bu siyahıya müasir bəstəkarlar da daxildir. Mən C. Cahangirov, T. Quliyev, R. Hacıyev, E. Sabitoğlu, R. Mirişli kimi bəstəkarların romanslarını ifa etmişəm. Bu gün R. Qasımova, O. Rəcəbov, S. Kərimi, F. Şücaəddinov, M.  Babayev, T. Əkpərov kimi müasir bəstəkarlarla əməkdaşlıq edirəm. Əminəm ki, belə səviyyədəki bəstəkarlardan ifa etməklə biz eyni zamanda həm öz yaradıcılığımızı inkişaf etdiririk, həm də dahiyanə musiqi əsərlərini təbliğ edirik, eyni zamanda dinləyicilərin də zövqü formalaşır – bunu özümün mənəvi borcum hesab edirəm. 

- Cəmiyyətimizin musiqi həyatındakı aktual problemlər barədə düşüncələrinizi paylaşardınız. 

- Belə bir deyim var: "Dahilər sənət üçün həyatlarını fəda edirlər, ortabablar isə bundan öz məqsədləri üçün istifadə edirlər”. Hamıya məlumdur ki, həyatın müxtəlif sferalarında işləyən insanlar hansısa peşəkar məktəbdən keçirlər. Ancaq ifaçılar arasında biz heç bir məktəbi bitirməyənlərlə rastlaşırıq, efirə çıxır və ifa edirlər. Həqiqətənmi ifaçılıq sənəti belə sadə işdir ki, onun əsaslarını bilmədən oxumaq məqbul sayılır? Əlbəttə ki, yox! Bu gün bizim ölkəmizi savadsız ifaçılar bürüyüb. Bundan isə ən çox zərər çəkən dinləyicilərdir, onlar özləri də bilmədən bayağı mahnının təsirinə düşürlər və təkcə öz zövqlərinə deyil, mənəvi dünyalarına da zərər verirlər. Çox təəssüf doğuran faktdır ki, bəzi dinləyicilər sadəcə fərqləndirə bilmədiklərindən gözəl musiqidənsə çirkininə üstünlük verirlər. Və bu qəbildən olan müğənnilərə başqalarının da zövqünü korlamaları üçün hətta pul verib tədbirlərə, şənliklərə dəvət edirlər. Dürüst desəm, bu çox böyük faciədir... mənəvi faciə. Ancaq heç də hər kəs buna qiymət vermək iqtidarında deyil, xüsusilə artıq zövqü korlanmış dinləyicilər. Əgər onlar başa düşmək iqtidarında olsaydılar, bilərdilər ki, onların sevimli "müğənniləri” mədəniyyətin deyil, öz ciblərinin qeydinə qalırlar və xalqı zövqsüzlüyə sürükləyirlər, hətta sərt deyəcəm: belə insanlar milli mədəniyyətin düşmənidirlər. Ancaq bir şeyə əminəm ki, onlar bunu bilərəkdən etmirlər. Vacib şərtlərdən biri - bir şeyi ətraflı öyrənmədən, yaradılan işin təkmil olduğunu bilmədən, onu publikaya təqdim etmək olmaz. Yalnız ciddi məktəb keçdikdən, ifaçılıq sənətinin qanunlaırnı bildikdən, musiqi sənətinin missiyasını bildikdən, müğənninin cəmiyyətdəki rolunu dərk etdikdən sonra bu sahədə fəaliyyətə başlamaq olar. Yalnız bu halda müğənni xalq qarşısına çıxmağa layiqdir: o hətta toylarda və şənliklərdə oxusa belə, əminəm ki, dinləyicilərin əhvalını qaldıra biləcək, onların zövqünü korlamayacaq. 

Ümumiyyətlə, bizim müğənnilərin öyrənəcəyi, nümunə götürəcəyi çox sayda insan var. Axı Azərbaycan xalqı Bülbül, Rəşid Behbudov, Müslim Maqomayev, Şövkət Ələkbərova, Mirzə Babayev və digərləri kimi çox sayda istedadlı insanlar yetişdirib. Vacib olan öyrənməyi istəmək və təkmilləşməkdir. 

- İstedadla birgə hansı xüsusiyyətlər də olmalıdır ki, insan inkişaf edə bilsin? 

- Yəqin, siz mənimlə razılaşarsınız ki, hər yaradıcı adamı öz işinin ustası, peşəkarı adlandıra bilmərik. Heç bir əziyyət çəkmədən bir dəqiqənin içində məşhurlaşmaq mümkündür. Ancaq yaradıcılığın zirvəsinə, şöhrətə və ehtirama yalnız gündəlik ağır zəhmət bahasına, uzun dövr ərzində zəhmət çəkərək nail olmaq mümkündür. Söhbət ifaçıdan gedirsə, mənə elə gəlir ki, ən birinci şərt əlbəttə, istedaddır. Musiqi talantının əsas göstəriciləri səs və duyum qabiliyyətidir. Ancaq təkcə istedada arxalanmaq da düzgün olmazdı. Əgər istedad ağılla, biliklə, zəhmətlə birləşməyibsə, onda onun axırı bayağılıq olacaq. Səsi idarə eləmək ustalığı, zövqün formalaşması, ifaçılıq istedadının təkmilləşməsi, səhnə mədəniyyətinə yiyələnmək – ifaçının qarşısında duran əsas vəzifələrdir. Bundan başqa, əgər ifaçı şəxsiyyət kimi yetişməyibsə, əgər onun yaradıcılığında səmimilik yoxdursa, əgər onun səsi qəlbindən axıb gəlməyirsə, onda ondan yaradıcı sıçrayışlar gözləmək olmaz. 

- Sizcə, yaradıcı insanın vətəndaş borcu nədir? 

- Yaradıcı insanın əsas missiyalarından biri müasirlərində bədii zövqün yaranmasına və formalaşmasına təkan verməkdir. Bundan əlavə, milli mədəniyyəti xarici ölkələrdə təqdim etmək və milli mədəniyyəti yeni layiqli əsərlərlə zənginləşdirməkdir. Yaradıcı vətəndaş-insan öz xalqını beynəlxalq arenalarda təmsil etməli, xalqının əsrlər boyunca yaratdığı milli ənənələri, adətləri bilməli, baş verən mürəkkəb tarixi hadisələri, faciəvi və sevincli hadisələri anlamalıdır. O yaradıcılıqla məşğul olarkən, vətəndaş kimi davranmalı, antimilli əməllərdən qaçmalıdır. 

- Siz bir müəllim kimi öz tələbələriniz haqda nə deyə bilərsiniz? Siz onlarda gələcək Azərbaycan operalarını görürsünüzmü? 

- Mən 2001-ci ildən bugünədək pedaqoji fəaliyyətlə məşğulam. Bu il mənim ADMİU-dakı kafedraya başçılıq etməyimin 15-ci ili tamam olur. Bu illər ərzində mənim onlarla tələbəm məzun olublar. Onlardan bəziləri musiqili teatrlarda fəaliyyət göstərirlər, çoxu isə müstəqil olaraq konsert fəaliyyəti ilə məşğuldurlar. Demək istəyirəm ki, mənim elə tələbələrim var italyan konservatoriyalarında təhsil alıblar, bu mənim üçün qürurvericidir. Onların arasında təkcə Azərbaycandan yox, İrandan olanlar da var. Son illərdə təhsil sahəsində başqa nailiyyətlər də olub. 2012-ci ildə mənim "Vokal təhsili” adlı kitatım çap edilib, bu kitab Azərbaycada ali məktəb tələbələri üçün ilk opera-vokal tədris kitabıdır. 2013-cü ildə mənə elmi professor dərəcəsi verilib. 

- Siz Azərbaycanın və Dağıstanın xalq artistisiniz. Sizi Dağıstanla nə bağlayır? 

- Hələ Rəşid Behbudov adına mahnı teatrında işləyərkən mən kollektivimizlə birgə iki dəfə Dağıstanda konsertdə iştirak etmişəm. Bir neçə ildən sonra biz yenidən Dağıstana dəvət edildik, tədbir zamanı bizə bildirdilər ki, Dağıstan rəhbərliyinin təşəbbüsü ilə bəzi azərbaycanlı ifaçılara rəsmi adlar veriləcək. Bir müddət keçəndən sonra, 2008-ci ildə Azərbaycanda rəsmi səfərdə olan Dağıstan Respublikasının o zamankı prezidenti Mixu Əliyev Azərbaycanın inteleginesiya nümayəndələrini özü şəxsən təltif etdi. Dağıstanın xalq artisti adını alan 5 nəfər içəsirində mən də vardım. 1998-ci ildə isə mən Azərbaycanın xalq artisti adına layiq görülmüşdüm. 

- Boş vaxtlarınızı necə keçirməyi sevirsiniz? Bakıdakı və Azərbaycandakı sevimli məkanlarınız hansılardır? 

- Son dövrlər mənim boş vaxtım çox az-az olur. İmkan düşən kimi isə bağ evimə gedirəm. Ağaclardan zövq alıram, yetişən meyvələri dərirəm, bu məndə yığılan yorğunluq və stresi atmağa kömək edir. Ümumiyyətlə, təbiətdə olmağı sevirəm, xüsusilə dənizdə. Bakını Dağüstü Parkdan seyr etməyi də xoşlayıram. Baxmayaraq ki, ölkəmizin və paytaxtımızın hər bir guşəsi mənimçün əzizdir, ancaq elə rayonlar var ki, onlara tez-tez baş çəkirəm. Onlardan biri Qubadır: boş vaxtım yaranan kimi ailəmlə bu rayona gedirəm. Hətta iki günlük istirahət də məni enerjiylə təmin edir. 

- Gələcək barədə planlarınız nədir? 

- Hazırda "Dörddə bir” adlanan albom üzərində işləyirəm, o, 3 CD-dən, bir DVD-dən ibarət olacaq. CD-yə 50 mahnı daxildir, DVD-yə isə klip və mənim yubileyimlə əlaqədar çəkilmiş sənədli film. Bundan başqa, mən 2013-cü ilə yaratdığım "AClassic” adlı qrupumla repetisiya edirəm. Repertuarın gözəl, nəfis mahnılarla zənginləşməsi üçün biz peşəkar bəstəkarların əsələrinə müraciət edirik. 

Mənim ifamdakı klassik əsərlərə qaldıqda isə, deyim ki, mərhum dirijorumuz Ə.Əliyevlə yarımçıq qalmış işimizi yekunlaşdırmaq istəyirəm. Bu ilin axırıyla əlaqədar bəzi planlar da var, bu barədə sonra məlumat verəcəm. 

-  Sonda nə arzunuz var? 

- Ölkəmizdə keçirilən I Avropa oyunları Azərbaycanın imicini bütün dünyada qaldırdı, xalqımızda həmrəylik yaratdı. Ölkə prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva, idmançılar və ölkəmizin tanınmış şəxsləri məşəli qürurla daşıdılar. Belə şərəfi yaşayanlardan biri də mən idim. 

Mən arzu edirəm ki, ölkəmizdə baş verən hər bir hadisə Azərbaycana uğur gətirsin. Hər kəsin bir arzusu var. Ancaq bizim hamımızı birləşdirən yeganə bir arzu var, böyüyümüzdən kiçiyimizə qədər biz hamımız itirilmiş torpaqlarımızın ağrısını yaşayırıq və inanırıq ki, torpaqlarımızı geri qaytaracağıq. Bu arzu hər zaman əldən ələ ötürüləcək...

Materialı Bəhram Bağırzadə təqdim edib.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb