Elşən Qaraca: “Mənim silahım satiradır” – MÜSAHİBƏ

16:51 | 28.01.2016
Elşən Qaraca: “Mənim silahım satiradır” – MÜSAHİBƏ

Elşən Qaraca: “Mənim silahım satiradır” – MÜSAHİBƏ



Rüstəm Qasımov

ANN.Az-ın gənc və istedadlı azərbaycanlı rəssam Elşən Qaracayla müsahibəsi. 

- Elşən, rəssam olmaq arzudur, yoxsa qabiliyyət? 

- Məncə, bu qabiliyyətdir, axı rəssam olmurlar, doğulurlar. Mənə gəldikdə isə, mən adəti üzrə olduğu kimi deyil, gec başlamışam rəssamlığa. Etiraf edim ki, uşaqlığımda mən həkim-cərrah olmaq istəyirdim. Rəssamlığa həvəsim məktəbin son siniflərində yarandı. Mən valideynlərimin arxasınca gedib mühəndis olmadım, hərçənd ki, atam gəncliyində heykəltaraş olmaq istəmişdi, ancaq başqa sahə seçməli olmuşdu. 
 


- Həyatınızın incəsənətə bağlı olmalı olduğunu nə zaman dərk etdiniz? 

- Bir neçə rəsm çəkdikdən sonra anladım ki, tibb məni maraqlandırmır. Mən əsas məqsədim rəssamlıq oldu və mən Ə. Əzimzadə adına kollecə daxil olmaq üçün çalışmağa başladım. Buradakı təhsilimi tamamladıqdan sonra ali təhsilimi Azərbaycan Rəssamlıq Akademiyasının rəssamlıq fakültəsində davam etdirdim. Ancaq tale elə gətirdi ki, akademiyanı bitirdikdən sonra işləmək üçün Türkiyəyə getdim. 

- Türkiyədə nə işlə məşğul olurdunuz? 

- Mən öz ixtisasım üzrə işləyirdim, qalereyalar və sifariş əsasında modernist şəkillər çəkirdim. Ölkə sərhədlərindən kənarda keçirdiyim 4 il çox məhsuldar keçdi. Ancaq müəyyən müddət keçəndən sonra mən Azərbaycana qayırmağa qərar verdim. Keşlə qəsəbəsindəki emalatxanada bir müddət işlədikdən sonra, qərara aldım "İçəri şəhər” metro stansiyasının yaxınlığındakı məşhur "Çardaq”da işimi davam etdirim. Məhz burda, dostlarım Aydın Əsgərov və Vüqar Quliyevlə yanbayan işlədikdən sonra başa düşdüm ki, yaradıcılıq üçün lazım olan mühiti axır ki, tapmışam. 

- "Vacib mühit" deyərkən, nəyi nəzərdə tutursuz? 

- Emalatxana rəssam üçün müqəddəslərin müqəddəsi bir yerdir, o, burada həyatının əhəmiyyətli hissəsini keçirir, burada yeni ideyalar, fikirlər doğulur. Bir sözlə, yaradıcı proses xüsusi şərtlər tələb edir. Ən birincisi, məkan gərək mümkün olduqca geniş olsun. Məkan nə qədər böyükdürsə, sən özünü bir o qədər yaxşı hiss edirsən. 

İkincisi, bu məkan yüksəkdə yerləşir, nə qədər banal səslənsə də, bu adamı sanki uçurdur. Sən pəncərədən çölə baxarkən bütün şəhəri gözlərinin qarşısında görərkən, rahatlıq və həvəs hiss edirsən. "Çardaq”ın çox güclü energetikası var.

Üçüncüsü burdakı bol günəş işığını heç nə əvəz edə bilməz. Dördüncüsü, məkan şəhərin mərkəzində yerləşdiyindən buradan köhnə şəhərə və paytaxtın digər məşhur binalarına baş çəkmək asandır. Beşincisi, burada yaxşı həmkarlarla işləmək imkanı var. Bunlar bu emalatxananın üstünlükləridir. 
 


- Öz fəlsəfəniz barədə danışardız... Rəsmləriniz nədən bəhs edir? 

- Mən simvolizm cərəyanı üzrə çəkirəm. Fiqurativ işlər çəkirəm. İşlərimdə mütləq hansısa məna yükü olur. Hər bir işdə fəlsəfi məna var, süjetin əsasını təşkil edən ideya var. Mənim işlərimə baxarkən aydın görünür ki, burada əsas vurğu simvollardır, mən bununçün müxtəlif heyvan və quşlardan yararlanıram. Bunlar pişik, it, balıq, tısbağa, xoruz, leylək və digərləri ola bilər. Hər bir heyvan mənimçün vasitədir, bununla mən tamaşaçıya məni narahat edən məsələləri çatdırmağa çalışıram. Simvol mənim tamaşaçıya ötürdüyüm mesajdır.  Əsas olan müasir həyatın çoxsaylı problemlərindən birini açmağa çalışmaqdır. 

- Bununla, siz tamaşaçının şüuruna təsir etmək istəyirsiniz? 

- Bəli! Mənim istəyim odur ki, tamaşaçının diqqətini təkcə ölkəmizdə deyil, dünyada yaşananlara da çəkəm. Əsas olan tamaşaçıya özünə və ətrafda baş verənlərə kənardan baxmağa imkan yaratmaqdır. İş burasındadır ki, bugün bizim soydaşlarımızın əksəriyyəti elə güman edir ki, tutalım, okeanın o tərəfində baş verənlərin onlara dəxli yoxdur. Ancaq mənim fikrimcə, dünyanın istənilən nöqtəsində baş verənlərin bizə aidiyyatı var, axı biz hamımız eyni planetdə yaşayırıq. Ona görə də mənim şəkillərimdə təkcə Azərbaycanla deyil, bütün dünyayla bağlı olan məsələlər öz əksini tapır. Mən öz şəkillərimi dünya ictimaiyyətinə təqdim etməyi və ölkəmizdə baş verənlərə diqqətləri cəlb etməyi planlaşdırıram. Bu elə mənim ismarıcım olacaq. Digər tərəfdən də mən yerli auditoriyaya Avropada, Asiyada, Afrikada və digər yerlərdə baş verənləri çatdırmaq istəyirəm. 
 


- Elşən, bu və ya digər problemin açılması üsulundan danışardız...

- Mənim silahım satiradır! Hətta ən faciəvi problem də satira vasitəsilə ifadə olunanda dəhşətli görünmür. Müharibələr, xəstəliklər, ölümlər və zorakılığı insanlar çox çətinliklə qəbul edirlər. Ancaq yumor rəssama insan psixikasına mənfi təsir etmədən ifadə etməyə imkan verir. Ona görə də mənim rəsmlərimdə tamaşaçıya mənfi təsir edəcək kəsilən qollar, başlar görə bilməzsiniz. Bizim işimizdə satira o qədər güclüdür ki, göz yaşları arasında gülməyə imkan verir. Ona görə də ilk baxışdan rəsm çox pozitiv görünür. Ancaq rəsmə diqqətlə baxdıqdan sonra tamaşaçı onda nə cür ciddiliyin gizləndiyini ayırd edə bilir. Bu təqdirdə şəklə baxan tamaşaçı süjetin dərinliyini dərk edə bilər. 

- Mən fərq etdim ki, siz bir şəkil yox, tematik seriyalar yaradırsınız...

- Siz haqlısınız. Tematik seriyalar yaratmaq xoşuma gəlir. Məsələn, bir şəkildə simvol kimi mən pişikdən istifadə edirəm. Digər şəkildə isə simvol kimi böyük köpəkdən yararlana bilərəm. Növbəti obraz isə musiqili və ya portret ola bilərəm.

- Sizin şəkilləriniz böyüklüyü ilə seçilirlər...

- Məsələ burasındadır ki, masştab məni cəlb edir. Kiçik kətanda mənim hərəkət imkanlarım olmur, məhdudlaşıram. Böyük kətanda işləyəndə isə məndə elə bir hiss yaranır ki, gücüm sərhəd tanımır.  

Bundan başqa, böyük formatda şəklin süjeti daha effektiv görünür, bu da tamaşaçıda daha dərin təəssürat doğurur. Balaca formatdakı şəkildə isə buna nail olmaq ya çox çətindir, ya da qeyri-mümkün. 
 


- Sizdə ideyalar necə doğulur? 

- İlham istənilən an gələ bilər. Bu dostlarla ünsiyyət zamanı da, hansısa hadisə barədə sənə əhvalat danışılanda da, kitab oxuyarkən də, televiziyaya baxarkən də gələ bilər. Əsas məsələ bunu lazım olan anda kətana köçürə bilməkdir. Ətrafda baş verənlər ilham mənbəyi ola bilər. Sonrasa mən bunu böyük kətana köçürürəm. Çoxları düşünür ki, böyük kətanda şəkil çəkmək daha çox vaxt alır, ancaq iş cəmi bir-iki gün çəkir. Vaxtı daha çox alansa ideyaların, obrazların, fikilərin doğulmasıdır, bəzən yaradıcı əziyyət qaçılmazdır. 

- Yaradıcılıqda fasilələr edirsinizmi? 

- Bəli. Yaradıcılıq çox enerjili prosesdir, ona görə də mən hər gün işləmirəm, müntəzəm olaraq fasilələr edirəm. Bu istirahət və yeni ideyaların doğulması baxımından vacibdir. Digər tərəfdən isə yaradıcı adam üçün uzaqlaşmaq, dərin nəfəs almaq və istirahət etmək vacibdir. Bəzən fasilə ona görə lazımdır ki, düşüncələrinlə tək qala biləsən. Belə fasilələrdən sonra sən güc və enerji qazandığını hiss edirsən və işə daha yaxşı köklənirsən. Onda şəkillər daha maraqlı və kaloritli alınır. 

- Siz bir işinizi tamamlamadan digər işə keçirsinizmi? 

- Bəzən elə olur, 3 kətanı yanbayan qoyuram və eyni zamanda üçündə də işləməyə başlayıram, xüsusilə söhbət seriyalardan gedirsə. Bu, ideyalar mənim şüurumda tam formalaşdığı zaman alınır, bu zaman mən sadəcə təsəvvürümdəkiləri kətana köçürürəm. Bəzən də elə olir ki, sadəcə olaraq yeganə bir şəklə konsentrasiya olmalı olursan. Bu, fikir olanda, ancaq sonuncu konturlar olmayanda baş verir. İş proses zamanı öz nəticəsini tapır. Bu zaman digər rəsmlər sadəcə fikir yayındıra bilərlər, ona görə də qalan işlərin hamısını təxirə salıb, yalnızca birinə köklənməli olursan. 

- Elşən, özünüzün rəsm tərziniz barədə danışardınız, hansı rənglərdən istifadə edirsiniz və s. 

- Əksər rəssamlar kimi mən də qarışıq texnikanın tərəfdarıyam. Əsasən mən akrillə işləyirəm, yağlı boyadan fərqli olaraq, akrillə işləyən zaman səhv buraxmaq olmaz, yoxsa hər şey korlana bilər. Bədii alətə gəldikdə isə, böyük ölçülü işlər böyük fırçalar tələb edir. Akrildən başqa, mən kömürdən, təbaşirdən və pasteldən istifadə edirəm. Müxtəlif rənglərdən istifadə etməyi şəklin süjeti diqtə edir. Fərqli rənglərdən istifadə etmək mənə elementlər imkanı qazandırır, bunun da sayəsində tamaşaçının diqqətini cəlb etməyə nail oluram. 
 


- Yerli və xarici rəssamlardan hansılarının yaradıcılığı sizə daha çox stimul verir? 

- Yerli rəssamlardan ən çox bəyəndiyim Səttar Bəhlulzadədir. Mən bu dahi insanın təkcə yaradıcılığına deyil, şəxsiyyətinə də böyük hörmətim var. Murad Əşrəf, Mircavad Cavadov, Rasim Babayev kimi rəssamların yaradıcılığı mənə öz üslubumu, maneramı, imzamı axtararkən böyük təsir göstərib. Fikrimcə, bir çox gənc azərbaycanlı rəssamlar bizim korifeylərin yaradıcılığına tez-tez müraciət edir.

Xarici rəssamlara gəldikdə isə, mən böyük italyan rəssamı, Florensiya məktəbinin nümayəndəsi Sandro Botiçellinin adını çəkə bilərəm. onun rəsm tərzi, həmçinin iş prosesində yaranan çətinlik və mürəkkəblikləri həll etməsi çox xoşuma gəlir. Onun öz yaradıcılğına yanaşma tərzi, fantazisiyası çox ürəyimcədir. 

- Deyirlər, insan öz üzərində işləməyi dayandırsa, inkişafdan dayanacaq. Siz bu barədə nə düşünürsüz? 

- Bu həqiqətdir. Əgər irəliləməyə dayandırsan, hərəkətsiz qaldığının fərqinə varacaqsan. Amma əslində sən nəinki yerində dayanırsan, əksinə geriyə getməyə başlayırsan. Proqres daim səndən inkişaf və öz üzərində işləməyi tələb edir. İnkişaf uğurun açarıdır. Özümü informasiyayla təmin etmək istəyəndə mən internetə müraciət edirəm, burada səni maraqlandıran hər şeyi, məsələn, rəssamlıq, böyük rəssamlar və s. barədə peşəkar kitablar tapa bilərsən. Eksperiment etməyi, nabroskalar cızmağı, fantaziya qurmağı sevirəm. Təbii ki, bu, bütün cəmiyyət üçün deyil. Yenilik, mübhəmlik axtarışı öz mürəkkəbliyi və həssaslığı ilə seçilir, ona görə də müəyyən mərhələdə o sirlilik tələb edir. Sənin fikirlərin zərif qızılgülü xatırladır. Sən onu yan təsirlərdən qorumaq üçün yad baxışlardan da qorumaq istəyirsən. Başqasının fikri bu mərhələdə kömək etməkdənsə, mane ola bilər. Yalnız o, çiçək açandan sonra tamaşaçılara və həmkarlarına göstərə bilərsən (gülür). Bu tendensiya istənilən sənət adamına şamil edilə bilər. 
 


- Sizə işiniz barədəki həmkarlarınızın fikirlərini dinləmək maraqlıdırmı?

- Əlbəttə! Adətən iş tamamlanandan sonra mən Aydınla Vüqarın fikrini eşitmək istəyirəm. Hər kəsin fikrini eşitmək mənimçün maraqlıdır. Kimsə şəkli bəyənə, kimsə də bəyənməyə bilər, kimsə nəyisə düzəltmək barədə faydalı məsləhət verə bilər və s. Necə deyərlər, adam nə qədərdisə, ideyalar da o qədərdir. Həm də mən sənətdən başı çıxan adamların fikrini dinləyirəm. Bu addımı atmaqla, mən tənqidə quıaq asmağa hazır olduğumu, bunu normal qəbul etdiyimi göstərirəm. 

- Elşən, sonda sizə bu sualı vermək istərdim, rəsm sərgilərində iştirak etmisinizmi? 

- Əlbəttə! Sərgi rəssam üçün hava-su kimi vacibdir, burada o, tamaşaçılara öz zəhmətini nümayiş etdirir. Düzdür, fərdi sərgim hələ keçirilməyib, ancaq bu illər ərzində mən müxtəlif kütləvi sərgilərdə iştirak etmişəm. Amma hazırda mən ilk fərdi sərgim üçün hazırlıqlar görürəm, onu mart ayında keçirməyi planlaşdırıram. 

- Elşən, maraqlı söhbətə görə sizə təşəkkür edirik. Biz sizə yaradıcı uğurlar və fərdi sərgilər arzulayırıq. 

- Təşəkkür!
 

 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb