Ermənistan indi də Qərbdən özünə dəstək axtarır - Kremlə təhdid?

09:12 | 05.07.2017
Ermənistan indi də Qərbdən özünə dəstək axtarır - Kremlə təhdid?

Ermənistan indi də Qərbdən özünə dəstək axtarır - Kremlə təhdid?

İrəvan çoxgedişli oyunlar oynayır; ortada Rusiyanı şantaj planı da ola bilər, Moskva ilə anlaşma da...

"Ermənistan asta-asta, diplomatik addımlarla Avropa Birliyinə yaxınlaşır və Rusiya da rəsmi İrəvan tərəfindən belə bir siyasətin aparıldığından xəbərdardır. Qəribə olsa da Rusiya bu siyasətə qarşı xüsusi olaraq mane olmur, əksinə, sükutla müşayiət olunan razılıq əlamətləri var”.

Təhlükəsizlik zabiti İlham İsmayıl Moderator.az saytında dərc etdirdiyi məqaləsində belə yazıb. Müəllif qeyd edir ki, bu mənada ABŞ-ın EurasiaNet nəşrinin "Rusiya Ermənistanın Avropa Birliyi ilə yeni razılaşmasına xeyir-dua verdi” başlığı diqqət çəkməyə bilməzdi. "Məqalədə siyasi icmalçı Coşua Keçer vəziyyəti şərh edərək qeyd edir ki, ”Yerevan Brüssellə hələ 2013-cü ildə daha sıx iqtisadi və başqa əməkdaşlıqlar haqqında danışıqlar aparırdı və faktiki olaraq bu Ermənistanın Avropa Birliyinə inteqrasiyası demək idi".

O zaman Moskva hadisələrin bu cür inkişafını aradan qaldırdı, "bu kiçik Qafqaz ölkəsində əsas oyunçu kimi öz mövqeyini ortaya qoydu”. 2013-cü ildən bəri çox sular axıb, bəlkə də İrəvana olan tənbehlərdən biri aprel döyüşləri idi. Amma, bu siyasətdir, onun strateji hədəfləri bəlli olanda taktiki addımlar maneələrlə rastlaşa bilər, bir müddət taktiki siyasət dondurula bilər, son məqsəddən-hədəfdən yayınmamaq şərtilə manevrlər də etmək mümkündür. Ermənistan Qərblə münasibətlərini hər zaman ehtiyatla tutub. Diasporanın rolu burda önəmli olsa da rəsmi İrəvanın mülayim mövqeyi də əhəmiyyətli olub".


Məqalədə yeni razılaşmanın mahiyyətinin maraqlı məqamları açılıb. İcmalçı vurğulayır ki, Brüssel və İrəvan "xüsusi bir problem yaratmadan ”Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında" razılaşma hazırlayıb".

İ.İsmayıl ardınca yazıb: "Qərblə postsovet respublikaların istənilən yaxınlaşması Moskva tərəfindən süngü ilə qarşılanır. Əcəba, Qafqazda ”erməniyə darğalıq" verən Rusiyanın strateji müttəfiqinin düşmən bildiyi Qərblə bu cür yaxınlaşmasına reaksiya bildirməməsinin səbəbi nədir? Səbəbini Coşua Keçer dəqiq bildirib: "Rusiya rəhbərliyi bu sənədə münasibət bildirməyib, amma Moskvadakı diplomatik mənbələrdən biri təsdiq edir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov sənədə ”yaşıl işıq yandırıb". Bu, hansı formada "yumşaq razılaşma” olur olsun, İrəvan üçün Moskvaya ciddi alternativdir. O vaxt - yəni 2013-cü ildə Moskva İrəvanı bizə ucuz və böyük həcmdə silah satmaqla, təbii qazı Ermənistana baha satmaqla hədələdi. İndi isə Lavrovun "yaşıl işığı” Avropa İttifaqı ilə Ermənistanı daha da yaxınlaşdıracaq. Məqaləyə münasibət bildirən rus siyasi ekspert rəsmi İrəvanın bu addımını hər ehtimala qarşı "ehtiyat aerodrom” yaratmaq kimi şərh edib. Doğru dəyərləndirmədir".

İ.İsmayılın fikrincə, Ermənistan bir müqavilə ilə təbii ki, Rusiyadan üz döndərib ən azı Qarabağda özünə problem yaratmaq niyyətində deyil: "Amma, Rusiyada siyasi hakimiyyətin dəyişəcəyi ehtimallardan biridir və növbəti siyasi kursun Putin siyasətindən aqressiv olmayacağı şübhə doğurmur”.

Qeyd edək ki, vaxtaşırı Ermənistanda Rusiyadanqaçma meylləri təzahür edir. Ermənistan bununla Rusiyadan yeni nələrsə qoparmağa çalışır, bəzən nail olur. İndi də Avropainteqrasiya jantajı ilə işğalçı ölkə yeni istəklərini reallaşdırmağa çalışacaq. İyunun 24-də Rusiyadan Azərbaycana böyük miqdarda hərbi texnikanın gətirildiyini deyən ermənilər yenə hay-küy salıb. Hətta müdafiə naziri Viqen Sarkisyan bundan ciddi şəkildə narahat olduqlarını, xarici işlər nazirinin müavini Savarş Koçaryan isə Rusiyaya ümid etməyin mənasız olduğunu bildirib.


Politoloq Şahin Cəfərli "Yeni Müsavat”a bildirdi ki, Ermənistan öz xarici siyasətində Rusiyanın maraqlarına zidd qərarlar verə bilməz: "İşğalçı ölkənin sonuncu müstəqil addım atmaq cəhdi 2013-cü ildə baş vermişdi. Həmin ilin noyabrında keçirilən ”Şərq tərəfdaşlığı" proqramının Vilnüs sammitində Ermənistanın Avropa Birliyi ilə Assosiasiya Sazişini, eləcə də bu sazişə bağlı olan dərin və hərtərəfli azad ticarət zonasının yaradılması barədə razılaşmanı paraflaması gözlənilirdi. Lakin bu anlaşmalar Rusiyanın geosiyasi maraqlarına zidd olduğu üçün Moskvanın təzyiqi ilə İrəvan həmin sənədləri imzalamaqdan imtina etdi. Serj Sərkisyan 2013-cü ilin sentyabrında Moskvaya səfəri zamanı ölkəsinin Avrasiya İqtisadi İttifaqının Gömrük İttifaqına qoşulmaq qərarına gəldiyini açıqladı. 2014-cü ilin oktyabrında Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşulmaq barədə müqavilə imzaladı və 2015-ci ildən etibarən qurumun rəsmi üzvünə çevrildi". Ş.Cəfərlinin fikrincə, bu, əslində Ermənistanın avrointeqrasiyadan imtina edərək Rusiya lehinə qəti və yekun strateji seçim etməsi demək idi: "Hazırda Ermənistan rəhbərliyi Avropa Birliyi ilə əlaqələri inkişaf etdirərək müstəqil və çoxvektorlu siyasət apardığını göstərməyə çalışır. Avropa Birliyi ilə Ermənistan arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlığa dair saziş layihəsi paraflanıb və onun noyabrda keçiriləcək ”Şərq tərəfdaşlığı" sammitində rəsmən imzalanması gözlənilir. Serj Sərkisyan bu sənədi əsas tutaraq iddia edir ki, Ermənistan bir-birinə zidd görünən fərqli inteqrasiya layihələrində uğurla iştirak edə bilir. Ermənistan rəsmiləri ölkənin AB ilə Avrasiya İttifaqı arasında biznes əlaqələri üçün körpü rolunu oynayacağını bildirirlər, amma bir mühüm məqamı unudurlar ki, Ermənistanın nə AB məkanı, nə də Avrasiya İttifaqı ilə sərhədi var. Ermənistanın Avropa Birliyi ilə parafladığı və noyabrda imzalamağa hazırlaşdığı sənədi Assosiasiya Sazişi və azad ticarət zonasının yaradılması barədə razılaşma ilə qarışdırmaq olmaz".

Politoloq qeyd etdi ki, Assosiasiya sazişi adından da göründüyü kimi, Avropa Birliyində assosiativ hüquqla iştirak etmək deməkdir və bir avrointeqrasiya sənədidir: "Hazırda Gürcüstan və Ukrayna bu yolla irəliləyir, artıq onlar Şengen zonası və bu zonaya daxil olmayan bəzi digər Avropa ölkələri ilə vizasız rejimə keçiblər. Ermənistanın AB ilə imzalayacağı sənəd isə bir tərəfdaşlıq sənədidir və vizasız rejimə, azad ticarət zonasının formalaşdırılmasına zəmin yaratmır. Müəyyən kateqoriyadan olan insanlar - məsələn, alimlər, tələbələr, mütəxəssislər üçün liberal viza qaydalarının tətbiqi mümkündür”. Ekspert bir mühüm məqamı da xüsusi qeyd etdi: "Ermənistan Avrasiya İttifaqı adlı inteqrasiya layihəsinin tamhüquqlu iştirakçısıdır və digər beynəlxalq qurumlarla əlaqələrində bu təşkilat qarşısındakı öhdəliklərini, ümumilikdə həmin təşkilatın və orada hegemon mövqeyə malik Rusiyanın maraqlarını gözardı edə bilməz. Ermənistanın imzalayacağı beynəlxalq razılaşmalar Avrasiya İttifaqı və onun Gömrük İttifaqının qaydalarına zidd ola bilməz. Məhz bu səbəblə Rusiya Ermənistanla AB arasında imzalanacaq hərtərəfli və genişləndirilmiş tərəfdaşlığa dair sazişə etiraz etmir. Yeri gəlmişkən, Azərbaycanın Avrasiya İttifaqı və onun gömrük sisteminə qoşulmaqdan imtina etməsinin əsas səbəbini də məhz burada axtarmaq lazımdır. Avrasiya İttifaqına qoşulmaqla ölkə müstəqil xarici ticarət əlaqələri yaratmaq hüququnu itirir, bu isə dolayısı ilə həm də siyasi müstəqilliyin məhdudlaşması deməkdir”.

Bir məqamı da qeyd edək. Serj Sərkisyan dəfələrlə Avropa Birliyi ilə əməkdaşlığın Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığa təsir göstərməyəcəyini iddia edib. Amma bu da faktdır ki, Ermənistan rəhbərliyi Moskvanın izni olmadan bir addım belə kənara ata bilməz, əks təqdirdə yerindəcə cəzalandırılar. Digər tərəfdən, Ermənistandakı Qərbyönümlü müxalifət küncə sıxışdırılıb, hətta onların parlamentə düşməsinə də imkan verilmədi. Belə olan təqdirdə Sərkisyan hakimiyyətinin özünün Qərbyönümlü görünməyə çalışması şübhəsiz ki, növbəti oyundur.

E.PAŞASOY
musavat


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb