"Ermənistanın işğalçı əsgərləri ölmək istəmirsə, torpaqlarımızdan çıxsın"

12:38 | 19.04.2016

"Ermənistanın işğalçı əsgərləri ölmək istəmirsə, torpaqlarımızdan çıxsın"

AŞPA-da Liberallar Qrupunun toplantısında ön cəbhədə baş verən hadisələr müzakirə olunub. Ermənistan nümayəndə heyətinin üzvü Naira Zöhrabyan çıxışında Azərbaycana qarşı böhtan və qərəzli çıxış edib.

Trend-in məlumatına görə, Azərbaycanın Liberallar Qrupundakı üzvü millət vəkili Qənirə Paşayeva çıxış edərək Ermənistan nümayəndə heyətinə sərt cavablar verərək həqiqətləri faktlarla millət vəkillərinin diqqətinə çatdırıb: "Ermənistan nümayəndə heyətinin üzvü Zöhrabyan Liberal Qrup üzvlərinə tamamilə yanlış məlumatlar verdi. O hadisələr baş verən zaman harada idi bilmirəm, amma mən hadisələrin baş verdiyi bölgələrdən gəlirəm. Zöhrabyan deyir ki, hadisə Azərbaycanın ermənilərə hücumu ilə başlayıb. Doğru deyil. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu hərbi mövqelərindən atəşkəsi pozaraq ön cəbhə bölgələrində yaşayan mülki azərbaycanlıları, onların evlərini hədəfə alıblar. Bir neçə mülki vətəndaşımız həlak olub, yaralanıb və evləri dağıdılıb. Hamısının foto və videolarını millət vəkillərinə göstərə bilərəm. Azərbaycan ordusu da mülki vətəndaşlarımızı qorumaq üçün Ermənistan hərbi qüvvələrinə cavab veriblər. Nə etməli idilər? Azərbaycan ordusu üzərinə düşən vəzifələri yerinə yetirib və heç kimsənin buna irad tutmaq haqqı ola bilməz. Hər bir ölkənin ordusu kimi Azərbaycan ordusunun da öz ölkəsinin sərhədlərini, torpaq bütövlüyünü, mülki vətəndaşlarını qorumaq haqqı var. Onlar bu haqdan idtifadə edərək mülki insanları hucumlardan qoruyublar".

Millət vəkili sonra qeyd edib: "Son hadisələr Azərbaycan-Ermənistan sərhəddində baş verməyib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında baş verib. Zöhrabyan cavab versin görək, Ermənistan əsgər və hərbçilərinin Azərbaycan torpaqlarında nə işi var? Həyatını itirən erməni əsgərləri isə Zöhrabyanın söylədiyi kimi Qarabağ erməniləri deyil, Ermənistan vətəndaşlarıdır. Zöhrabyan aydınlıq gətirsin görək, Ermənistan vətəndaşları Azərbaycan torpaqlarında nə edirdilər? Ermənistanda bəzi erməni anaları ölkəsinin rəhbərliyinə etiraz edərək "bizim uşaqlarımızın Qarabağda nə işi var?" deyirlər. Ermənistan prezidenti o anaların səslərini eşitməlidir. Doğrudan da Ermənistan əsgərlərinin, vətəndaşlarının Qarabağda nə işi var?"

Q.Paşayeva həmçinin bildirib: "Zöhrabyandan soruşun ki, indi ölkəsinin prezidenti haradadır? Ermənistan prezidenti indi hərbi formada Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağdadır. Zöhrabyandan soruşmaq istəyirəm. Onun nə işi var o torpaqlarda? Ermənistan Azərbaycan torpaqlarını işğal edib və buradakı millət vəkillərinin ölkələri, bütün dünya, AŞPA da daxil olmaqla bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Eyni zamanda, Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsni tələb edən BMT qətnamələri var. Bu gün Ermənistan nümayəndə heyəti burada Dağlıq Qarabağ ermənilərini qabağa verib ölkələrinin işğalçılığını, törətdikləri cinayətləri gizlətmək istəyirlər, amma edə bilməzlər. Çünki artıq hər kəs gerçəkləri bilir. Zöhrabyan deyir ki, Azərbaycan problemi sülh yolu ilə həll etmək istəmir. Yalandır. Azərbaycan 20 ildən artıqdır ki, problemin sülh yolu ilə həllinə çalışır. Hər zaman deyrik ki, biz beynəlxalq təşkilatların AŞPA-nın, BMT Təhlükəsilik Şurasının və digər beynəlxalq təşkilatların bu məsələ ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini istəyirik. Bu gün də tələb edirik ki, AŞPA-nın 1416 saylı qətnaməsi həyata keçsin. Əgər bu qətnaməni Ermənistan həyata keçirsə, işğal bitsə, problem də həll olunacaq, gərginlik də bitəcək. Amma Ermənistan AŞPA qətnamələrini yerinə yetirməkdən imtina edir. İndi siz deyin, kimdir problemin həllini istəməyən tərəf? Ermənistan".

Millət vəkili sonra sual edib: "Ermənistan AŞPA-nın 1416 saylı qətnaməsini niyə yerinə yetirmir? Burada yanlış fikilər səsləndirməkdənsə, Zöhrabyan ölkəsinin rəhbərindən AŞPA qətnamələrinin yerinə yetirilməsini tələb etsə, daha yaxşı olar. İşğal edilmiş torpaqlar azad edilmədən gərginliklərin azalması da mümkünsüzdür. Dağlıq Qarabağ ermənilərinə gəlincə, Azərbaycan hər zaman bildirib ki, azərbaycanlı köçkünlər də evlərinə dönsünlər və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa muxtariyyət verməyə hazırdır. Amma Ermənistan deyir ki, yox Dağlıq Qarabağ ya müstəqil dövlət olacaq, ya da Ermənistana birləşəcək. Bu cür mövqe problemin həllinə imkan vermir. Hansı ölkə təmsilçisi bizim yerimizə olsa, buna razılaşar?"

Q.Paşayeva sonda bildirib ki, heç biriniz və təbii ki, biz də heç bir zaman torpaqlarımızın işğalı ilə barışmayacağıq və onun azad olunması üçün çalışacağıq: "Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və beynəlxalq hüquq normalarının da qeyd etdiyi kimi bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ədalətli yol sadəcə budur və bundan başqasını Azərbaycan ədalətli olaraq heç bir zaman qəbul etməyəcək. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Məsələnin tək həll yolu budur. Biz siz dəyərli həmkarlarımızı Ermənistanln işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb edən AŞPA qətnamələrinin yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırırıq. Öz evlərinə dönə bilməyən yüz minlərlə məcburi köçkün sizdən bunu gözləyir".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb